Azərbaycanda hamiləlik və doğuma görə verilən müavinətin artırılması təklif edilir. Bu təşəbbüslə millət vəkili Fazil Mustafa çıxış edib. Onun sözlərinə görə, uşaqların doğumuna görə birdəfəlik müavinət artırılsa da, kateqoriyaları bir az ayırmaq lazımdır:
“Uşaqların doğumuna görə birdəfəlik müavinət artırılıb. Amma kateqoriyaları bir az ayırmaq lazımdır. İşsiz, imkanı olmayan şəxslər üçün eyni standart, doğulan uşağa görə 500 manatın verilməsi ədalətli sayılmır. Biz demoqrafik siyasətlə bağlı stimullaşdırıcı addım atmırıq. Yaşlı əhalinin sayının azalması doğum faizinin aşağı düşməsinə görədir. Hamiləlik və doğuma görə vəsaitin artırılması vacibdir”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən sosioloq Elçin Bayramlı bildirib ki, millət vəkilinin irəli sürdüyü təklifi dəstəkləyir. Bu məsələyə daha geniş prizmadan kompleks yanaşma tələb olunur:
“Əslində, ölkəmizdə uzun əsrlər demoqrafik artımla bağlı heç bir çətinlik yaşanmayıb, yalnız son onilliklərdə vəziyyət dəyişib. Doğumun azalması, əhalinin qocalması tendensiyası yaranıb. Əslində, inkişaf etmiş ölkələr əhalinin qocalması ilə digərlərinə nisbətən daha tez qarşılaşıblar. İndi bu, dünya miqyasında bir tendensiyaya çevrilib. Keyfiyyətli tibbi xidmət sayəsində insanlar daha uzun yaşamağa başladı, uşaq ölümü azaldı, amma doğum nisbəti getdikcə azaldı. Getdikcə daha çox ailə uşaq sahibi olmağı gecikdirir, ilk növbədə, daha yaxşı yaşayışını təmin etmək istəyir. Çoxuşaqlı ailələr nadir hala çevrilib. Hazırda üç və daha çox uşağı saxlayıb böyütmək əksəriyyət üçün çox çətindir. Ona görə də müasir ailələr bir və ya iki uşaqdan ibarət olur”.
Onun fikrincə, əhali artımını təmin etmək üçün ölkədə doğum səviyyəsi hər ailəyə görə üç uşaq olmalıdır: “İnkişaf etmiş ölkələrdə miqrasiya bu işə öz töhfəsini verir - gənclər daha yaxşı həyat üçün bu ölkələrə gedir, yaşlılar isə inkişaf etməmiş ölkələrdə qalır. BMT-nin araşdırmasına görə, dünyada 65 və daha yuxarı yaşda olan insanların sayı yaxın üç onillikdə iki dəfə artaraq 2050-ci ildə 1,6 milyarda çatacaq. Avropada bu proses ən çox İtaliya, İspaniya, Portuqaliya və Yunanıstana təsir edəcək. Yaponiya, Cənubi Koreya kimi inkişaf etmiş Asiya ölkələrində 65 yaşdan yuxarı əhali təxminən 40 faiz təşkil edəcək. Azərbaycanda da yaşlı əhalinin xüsusi çəkisi xeyli artacaq. Qocalma prosesi müşahidə olunur. Son 10 il ərzində yaşlı vətəndaşların sayı 6,2 faizdən 7,1 faizə yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 580,8 min nəfər 60-64 yaş, 396,7 min nəfər 65-69 yaş, 462,7 min nəfər 70 yaşdan yuxarı vətəndaş yaşayıb. Təbii ki, bu, təhlükəli vəziyyətdir. Əvvəla, dövlətin sosial yükü artır. Səbəbsiz deyil ki, bir çox ölkələrdə, o cümlədən ölkəmizdə pensiya yaşını artırırlar. Baxmayaraq ki, indi insanlar daha fəaldır, əhalinin qocalması ilə işçi qüvvəsi çatışmazlığı qaçılmazdır və iqtisadiyyat durğunlaşa bilər. Səhiyyə sisteminə daha çox təzyiq baş verir. Bunun üçün əhalinin qocalmasına qarşı mübarizədə doğum səviyyəsinin stimullaşdırılması əsas tədbirlərdən biridir. Norveçdə uşaq dünyaya gələnə qədər işləmiş yeni analar bir il maaşının 80 faizini və ya 42 həftəlik tam maaş alırlar. Atalar üçün atalıq məzuniyyəti də var. Uzun müddətdir ki, ”Bir ailə-bir uşaq" siyasəti yürüdən Çində indi ikinci və sonrakı uşaqlar üçün nağd ödənişlər var. Rusiyada doğum nisbəti ilə bağlı çətin vəziyyət var. Bunu ailələrin, əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına xərclədiyi analıq kapitalı ilə və aylıq uşaqpulu verməklə düzəltməyə çalışırlar. Azərbaycanda dəstək tədbirlərindən yalnız uşaq doğulanda 500 manat birdəfəlik müavinət verilir. Bu, kifayət deyil, çünki həmin vəsait uşağın doğum xərcini belə ödəmir. Nəticədə, ailələrdə uşaq sayı minimuma enib. Beynəlxalq təşkilatların proqnozları və müşahidə etdiyimiz tendensiyalar vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Artıq biruşaqlı ailə modelinə keçmişik, iki-üç uşaqlı ailələr getdikcə azalır. Bir millətin varlığını davam etdirməsi üçün orta hesabla hər ailədə ən azı 3 uşaq olmalıdır. Son 5-6 il ərzində uşaqların sayı 4 faiz, əhalinin ümumi tərkibindəki payı isə 6 faiz azalıb".
Ekspertin fikrincə, demoqrafik siyasətlə bağlı stimullaşdırıcı addımlar atmaq üçün Azərbaycanın kifayət qədər iqtisadi imkanları mövcuddur:
“Dəfələrlə Azərbaycanda uşaq müavinətlərinin bərpası ilə bağlı hökumətə və parlamentə təkliflər vermişik. Bunun üçün kifayət qədər maliyyə və iqtisadi imkanlar var. Amma hələlik, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Hesab edirəm ki, ilkin mərhələdə biz “uşaq pulu”nu bərpa etməliyik. Hər uşağa ayda ən azı 150 manat, doğuşa görə isə 2 min manat verilə bilər. Heç olmasa, aylıq gəliri adambaşına 500 manatdan aşağı olan ailələr üçün bunu etmək olar. Adətən, arqument kimi qeyd olunur ki, aztəminatlı ailələrə guya ünvanlı sosial yardım ödənilir. Buna baxmayaraq, bəzən həmin yardımlar ünvanlı olmur və qeyri-qənaətbəxş şəraitdə yaşayan uşaqlar var. Uşaq müavinəti daha məqsədyönlü və şəffaf olar. Bu istiqamətdə indi tədbir görməsək, sonra gec olacaq".