“Normalda domen adları hərflərin simvollarından ibarət və nöqtədən sonra dövlətlərin adını göstərən işarə ilə yekunlaşır. Məsələn, “az” Azərbaycana, “org” Amerikaya aiddir və s. Əgər hansısa onlayn media subyektinin hərf kombinasiyasında oxşarı varsa, bu məsələdə tərəflərə heç bir öncəlik tanınmaz. Sadəcə, mövcud qanunvericiliklə, belə bir məsələnin mübahisəsi aparıla bilər ki, hansısa media subyektinin loqotipindən istifadə edisin. Tutaq ki, sizin saytın loqotipi var və həmin loqotip standartdır”.
Bu fkirləri hafta.az-a açıqlamasında media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli deyib.
Onun sözlərinə görə, qanunla eyni loqotipin istifadəsi qadağandır: “Tərəflər məhz bunun mübahisəsini apara bilərlər. Normalda qanunvericilikdə bu qadağa mövcuddur. Yəni, əgər siz bir loqotipi qeydə aldırmısızsa, başqası eynisini istifadə edə bilməz, mütləq loqotipi dəyişməlidir. Yəni, bu “Müəllif hüququları haqqında” və “Patent haqqında” qanunla qorunur. Amma bunun xaricində domen adının hərflərin kombinasiyasında yaranan oxşarlıqdan dolayı mübahisələndirilməsi mümkün deyil. Nəzərə alaq ki, dünyada 200-dən çox dövlət var və eyni zamanda, hərflərin sayı əlifbada məhduddur. Belə olan halda 7 milyarddan çox insanın faktiki olaraq hansısa kombinasiyalardan oxşar istifadəsi gözləniləndir. Bir daha vurğulayıram ki, burada mübahisə mövzusu sadəcə loqotip ola bilər”.