Şokoladlı, qaymaqlı, çiyələkli, limonlu, fıstıqlı və başqa cürbəcür növləri ilə yay aylarının sevilən ləzzətlərindən biri də dondurmalardır. Üstəlik, rəngarəng çeşidləri ilə yanaşı, tərkibi də vitamin və minerallarla zəngindir. Protein və karbohidrat başda olmaqla, A, B6, B12, C, D, E, K vitaminləri, kalsium, fosfor, maqnezium, dəmir kimi minerallar dondurmaları dadlı olduğu qədər, faydalı qidaya çevirir.
Hafta.az-ın “Menyu” rubrikasının budəfəki mövzusu elə məhz bu faydalı qida növünə həsr edilib.
Öncə bir məqamı diqqətinizə çatdıraq ki, hazırda mağazalarda yerli və xarici firmaların istehsalı olan onlarca dondurma çeşidi mövcuddur. Qiymətləri də elə çeşidləri qədər dəyişkəndir. Çubuqlu dondurmaların qiyməti 20-80 qəpikdən tutmuş, 5-7 manata qədər dəyişir. Bununla yanaşı, qablarda satılanlar da var ki, onların da qiymətləri çeşidlərindən asılı olaraq, 3 manatdan, 12-18 manat arasındadır.
Qeyd edək ki, nə qədər faydalarını sadalasaq da, keyfiyyətsiz və düzgün istehsal edilməyən dondurma həyat üçün əsl təhlükə mənbəyidir. Bəs görəsən, keyfiyyətli məhsulu digərlərindən nə cür ayırd etmək olar?
Bununla bağlı yaranmış sualları mütəxəssisə ünvanladıq. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza açıqlamasında bildirdi ki, dondurmanın keyfiyyətini tərkibindəki yağ büruzə verir:
“Mövsüm başlayandan bəri Azad İstehlakçılar Birliyinə istehlakçılar tərəfindən dondurmalarla bağlı hər gün 3-4 zəng gəlir. Zənglərin mahiyyəti isə əsasən dondurmaların çeşidləri və etiketi ilə bağlı olur. İstehlakçılar bilməlidirlər ki, dondurma süd məhsuludur, tərkibinin yağlılığını artırmaq məqsədilə əlavə olaraq kərə yağı qatılır. Dondurmanı dilin üstünə qoyduqda boğaza ağırlıq və acılıq verərsə, deməli tərkibinə kərə yağı deyil, bitki yağı və marqarin qarışdırılıb. Əslində isə dondurma təzə qaymaq dadı verməlidir”.
Sədrin sözlərinə görə, ölkədə dondurma ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Bu, həm yerli, həm də xarici istehsala adi edilir:
“Ölkədə 20-dən çox dondurma istehsalçısı mövcuddur. Xaricdən də kifayət qədər dondurma idxal edilir. Təəssüflər olsun ki, hazırda bu sahədə yerli və xarici istehsalla yanaşı, böyük problemlər yaşanmaqdadır. 2011-ci ildə Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyi, Azad İstehlakçılar Birliyinə müraciət edərək, Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını təsisetmə təklifini verdi. Ardınca treninqlər təşkil olundu. Tərəfimizdən xüsusi nişan dövlət qeydiyyatına alındı və müəssisələrə həmin nişanın şamil edilməsi məsələsi gündəmə gəldi. O gündən bəri cəmi 1 dondurma müəssisəsinə rəsmi nişanı şamil edilə bilmişik. Bu da o deməkdir ki, ölkəmizdə bu qədər dondurma istehsal edən zavod olmasına baxmayaraq, onlardan cəmi biri Amerikanın sözügedən qurumunun tələblərinə cavab verir”.
Mütəxəssis alıcılara daha çox yerli məhsula üstünlük verməyi tövsiyə etdi. O vurğuladı ki, xaricdən gətirilən həssas məhsul soyuducularda yaranmış problem səbəbindən təkrar dondurulmuş ola bilər:
“Belə dondurmaları qablaşdırlmasından tanımaq mümkün olur. Onlar nisbətən əzik görüntüyə sahibdir. Azərbaycana dondurma gətirənlər xüsusi cihaz vasitəsilə məhsulun keyfiyyətni nümayiş etdirə bilirlər. Bunun üçün təyyarələrin qara qutusunu andıran xüsusi bir cihaz var. Hansı ki, plomblanmış bu cihaz yolboyu dondurmaların arasına qoyulur, sonda isə açılaraq daşınma zamanı məhsulun temperatur dəyişikliklərini izləməyə imkan verir. Təəssüflər olsun ki, bu məlumatı çox az adam bilir. Bir çox idxalçı ümumiyyətlə bu məsələyə əhəmiyyət vermir”.
E.Hüseynov dondurmaların saxlanma şəraiti ilə bağlı da oxucularımızı bilgiləndirməyi unutmadı:
“Əhali bilməlidir ki, digər qida məhsulları kimi dondurmaların da saxlanma müddəti olur. Mənfi 40 dərəcə temperaturda dondurmaları 1 ilə qədər də saxlamaq mümkündür. Lakin -18 dərəcədə dondurmaları 3 aya qədər saxlamaq doğrudur. Yaxşı olardı ki, alıcılar əsasən istehsal müddəti ilə son istifadə tarixi arasındakı müddətin qısa olduğu məhsullara üstünlük versinlər”.
Son olaraq isə Eyyub Hüseynov vətəndaşlara marketlərdə məşhur dondurma firmalarının məhsullarına bənzər, lakin yerli istehsal olan saxta dondurmaların varlığı ilə bağlı xəbərdarlıq etdi:
“Diqqət edilməli daha bir önəmli məqam var. Bu da xaricdə istehsal edilib, sevilən dondurmaların oxşar qablaşdırmada yerli müəssisələr tərəfindən satışa çıxarılmasıdır. Belə hallarla bağlı bizə çoxlu şikayət gəlir. Misal olaraq tanınmış "Oreo" brendinin "Oreqo" adı ilə saxtalaşdırılmasını deyə bilərəm. Sizin vasitənizlə müvafiq dövlət orqanlarına məlumat verirəm ki, bunun qarşısını alsınlar. Ölkədə dondurma istehsalında böyük hərc-mərclik var. Başqa bir məsələ isə açıq satılan dondurmalardır. Burada da istehlakçıların hüquqları var ki, satış təmsilçisindən dondurmanın istehsal və son istifadə tarixi haqqında sənədlər tələb etsinlər. Bütün hallarda vətəndaşlardan yaranmış hər hansısa problem zamanı Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə müraciət etmələri xahiş olunur”.
Elə biz də bu qızmar yay günlərində sərinləmək üçün dondurma yeməyi seçənləri diqqətli olmağa çağırırıq. Çalışın, məhsul alarkən haqqındakı məlumatlara fikir verin ki, sonradan problem yaşamayasınız.