Dönərlə bağlı təlim keçirilib

15:48 31.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, mütəxəssislər dönərxanaların sağlamlaşdırılması sahəsində dönər emalı aparılan obyektlərin əməkdaşları üçün növbəti ödənişsiz təlim aparıblar.

Təlimdə iştirakçılara dönərin emalı aparılan obyektlərin qeydiyyatdan keçirilməsi və bu sahə ilə bağlı qanunvericiliyin digər tələbləri haqqında ətraflı məlumat verilib. Onlar çiy dönərin emalı üçün istifadə olunan ətə və hazır çiy dönər yarımfabrikatları ilə işləyən ictimai-iaşə obyektlərinə dair tələblər, işçilərin tibbi müayinədən keçirilməsi, həmçinin müvafiq müəssisələrdə qida ilə təmasda olan səthlər, alətlər, avadanlıqlar və ləvazimatlar haqqında məlumatlandırılıblar.

Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.