Dubayda dünyanın daha bir möcüzəsi yaradıla bilər - NƏHƏNG HALQA

11:00 12.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dünyanın ən hündür göydələni olan "Burc Xəlifə"nin ətrafında daha bir nəhəng "halqa" tikilmək planlaşdırılır.

Hafta.az-ın yazdığına görə, Dubayda yerləşən "Znera Space" memarlıq şirkəti “Downtown Circle” adlı layihə çərçivəsində qeyri-adi dizayn hazırlayıb. Memarlıq planlaşdırma və rəsm xidmətləri göstərən "Pictown"la əməkdaşlıqda hazırlanan dizaynlar 829,8 metr hündürlüyü olan göydələnin ətrafında ən azı üç kilometr uzunluğunda bir halqa tikməyi nəzərdə tutur. Beş qatlı xalqa yerdən təxminən 550 metr hündürlükdə olacaq.

Digər tərəfdən, memarlar Najmus Çovdri və Nils Remess bildiriblər ki, layihə hələlik dizayn səviyyəsindədir və onun tikintisi iqtisadi və praktik cəhətdən mümkün deyil.

CNN-ə danışan Remess və Çovdri "Biz bunu müzakirəyə başlamaq üçün yaratdıq. Şəhərlərin inkişafı və küçələrdəki sıxlığı yenidən düşünmək istədik" deyiblər.

Dubay kimi sıx bir şəhərdə yerləşdiyi üçün dizaynlarında "Burc Xəlifə"ni üstün tutduqlarını bildirən memarlar, şəhərlərdə əhalinin sıxlığı nəticəsində yaranan problemlərə çözüm tapmağı hədəflədiklərini bildiriblər. Davamlılığa önəm verdiklərini ifadə edən memarlar, halqanın damını tamamilə günəş enerjisi panelləri ilə örtüləcək şəkildə dizayn etdiklərini bildiriblər.

Dubayda temperatur tez-tez 40 dərəcədən yuxarı qalxır. Bundan faydalanmaq üçün memarlar “günəş hidrogen hüceyrələri” adlandırdıqları texnologiyanı dizaynlarına daxil ediblər.

Sistemdəki günəş enerjisi sayəsində su hidrogenə çevrilir və halqadakı elektrik ehtiyacı bu şəkildə qarşılanır. Eyni sistem kondisionerlərin işləməsi üçün də istifadə olunur.

Memarlar qeyri-adi strukturda ictimai nəqliyyata xidmət göstərəcək elektrik tramvayını da hazırlayıblar. Avtomobil saatda 100 kilometr sürət yığa bilir.

Çandri və Remess fərqli evlər, mağazalar və parklar daxil etməyi planlaşdırdıqları bu halqada şəhər daxilində ayrı bir ekosistem qurmaq istədiklərini bildiriblər.