Artıq üzü payıza gedirik, havalar tədricən soyuyur, Avropanın Rusiya ilə münasibətləri isə necə deyərlər, indidən "donub buz bağlayıb". Bəli, Rusiya Avropa ölkələrinə təbii qazın nəqlini dayandırdığı üçün bu ölkələr çıxılmaz vəziyyətdə qalıblar. Xüsusilə də Qərbi Avropanın iri sənaye dövlətləri - Almaniya, İtaliya, Niderland, Fransa...
Fransanın işi daha çətin olacaq. Təxminən 70 milyonluq əhalini və dünyanın ilk 10 böyük iqtisadiyyatından biri olan Fransa dövlətini təbii qazla təmin etməlidir. Bəs bunu necə edəcək, mayeləşdirilmiş qazla ehtiyacı qarşılamaq olarmı, əlbəttə ki, yox. Çıxış yolu boru qazı əldə etməkdir. Bunu isə ən münasib şəkildə Əlcəzairlə əməkdaşlıq şəraitində edə bilər. Amma problem ondadır ki, son illər Fransa Əlcəzairlə də körpüləri yandırıb. Keçmişdən qalan imperiya qurma və qəsbkarlıq iştəhasından vaz keçə bilməyən Fransa məhz vaxtilə Əlcəzairdə törətdikləri cinayəti etiraf edib, üzr istəməməsi üzündən Ələzair xalqının qəzəbinə tuş gəlib. Amma Əlcəzair prezidenti Əbdülməcid Tebbun yenə də böyüklük göstərib, fransalı həmkarı Emmanuel Makronu ölkəsinə səfərə dəvət edib. Səfər bu gün reallaşıb. Bütün müşahidəçilər bu qənaətdədirlər ki, indiki səfər iki ölkə arasında mövcud olan tarixi problemlərin həlli, xüsusilə də son dövrlərdə yaşanan gərgin münasibətlərin yaxşılaşması üçün fürsətdir.
Qeyd edək ki, Fransanın Əlcəzairdəki müstəmləkəçiliyi səbəbindən həll olunmamış problemlərə əlavə olaraq, rəsmi Parisin əlcəzairlilər üçün viza kvotasını məhdudlaşdırması və prezident Makronun “müstəmləkəçilikdən əvvəlki Əlcəzair xalqının varlığına şübhə ilə yanaşması” ilə bağlı açıqlamaları iki ölkə arasında uzun müddətdir davam edən gərginliyi daha da artırıb.
Qayıdaq Makronun üç gün davam edəcək Əlcəzair səfərinə. Onun niyyəti açıqdır: ölkəsinin mavi yanacağa tələbatının bir hissəsini Əlcəzair qazı ilə ödəmək. Fransa zatən Ələzairdən qaz alır, amma bu yetərli deyil. Onlar istəyirlər ki, Əlcəzair İspaniyaya uzanan boru kəmərinə əlavə qaz vursunlar Fransa üçün. Ancaq qarşı tərəf bunu edəcəkmi? Əlcəzairin heç Qərbi Səhra məsələsinə dair mövqeyi üzündən ispaniya ilə də münasibətləri yaxşı deyil. Hər halda, üç günlük səfərdə bu məqamlara aydınlıq gətiriləcək. Əlbəttə, qarşılığında Parisin güzəştlərə getməsi lazım olacaq...
Bu yerdə qeyd edim ki, 2017-ci ildə Əlcəzairə qısamüddətli - bir neçə saatlıq səfər edən Makron bu gün ikinci dəfə bu ölkəyə gəlib. Fransa hökumətinin məlumatına görə, Makron paytaxt Əlcəzairdəki təmaslarından sonra ölkənin qərbində yerləşən Oran şəhərinə səfər edəcək.
Bir maraqlı məqam da odur ki, Makronun səfəri Əlcəzairin 2022-ci ilin sentyabrından etibarən ibtidai məktəblərdə ingilis dilinin tədrisinə başlamasından bir neçə gün əvvələ təsadüf edir. Prezident Tebbun bu mövzuda verdiyi şərhdə "Fransız dili müharibədən qalan qənimət, ingilis dili isə dünya dilidir və əlcəzairlilərin dünyaya açılma vaxtıdır" sözlərini işlətmişdi.
2021-ci ilin oktyabrında Fransanın “Le Monde” qəzetində dərc olunan müsahibəsində Əlcəzairə qarşı ittiham xarakterli açıqlamaları ilə iki ölkə arasında ən təhlükəli gərginliklərdən birinə səbəb olan Makron, “Əlcəzairdə hərbi-siyasi sistem hökm sürür” demiş və əlavə etmişdi ki, "Əlcəzair hökumətinin xarici siyasəti Fransaya düşmənçilik üzərində qurulub" və sair.
Makronun bir çıxışı da vardı ki, iki ölkə arasında əlaqələri tamamilə sarsıtmışdı. O demişdi: "Əlcəzairin bir millət olaraq qurulması izləniləcək fenomendir. Fransız müstəmləkəsindən əvvəl Əlcəzair milləti var idimi, sual budur. (Əlcəzairdə əvvəllər də müstəmləkələr olub, amma onların Türkiyənin oynadığı rolu tamamilə unutmaq qabiliyyəti məni heyran edib".
Bunun üzərinə Əlcəzair hökumətinin verdiyi yazılı açıqlamada Fransanı qınanılıb və "Makronun açıqlamaları fransız müstəmləkəçiliyinə müqavimət göstərən 5 milyondan çox şəhidin xatirəsinə qəbuledilməz bir təhqirdir" deyilib. BUndan əlavə, prezident Əbdülməcid Tebbun ölkəsinin Parisdəki səfirini məsləhətləşmək üçün geri çağırıb və Əlcəzairin hava məkanı Fransa hərbi təyyarələri üçün bağlanıb.
Tebbun bu müddət ərzində Almaniyanın "Spiegel" jurnalına verdiyi açıqlamada, "Makronla əlaqə saxlamağa cəhd etməyəcəyəm. Mənimlə əlaqə saxlamağa çalışsa belə, cavab verməyəcəyəm, çünki o, bütün xalqın əleyhinə danışıb" demişdi.
Təbii ki, zaman keçdikcə siyasətçilərin də əsəbi soyuyub, davranışlarında və təbii ki, xarici siyasətlərində bəzi redaktələr ediblər. Məsələn, ikinci dəfə prezident seçildikdən sonra Makronu ilk təbrik edən məhz Tebbun olub və bu da iki ölkə arasında münasibətlərdə istiləşməyə təkan verib deyə bilərik.
Amma bir problem də var: prezident Tebbun bu yaxınlarda mətbuata açıqlamasında ölkəsinin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir - V.T.) qrupuna qoşulmaq istədiyini demişdi. Amma BRİKS qrupuna qoşulmaq üçün bəzi meyarlara cavab verilməlidir. Məsələn, Əlcəzair Avropa İttifaqı ölkələrindən, xüsusilə də Fransadan 60 faizdən çox olan idxalını azaltmalı, idxalı dünyanın fərqli ölkələrinə şaxələndirməlidir.
Əlcəzairin Vurkla Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin professoru Mebruk Kahinin sözlərinə görə, Fransa Əlcəzairlə münasibətlərində yaşadığı itkini bu səfərlə geri qaytarmaq istəyir. Fransa ilə yaşanan gərginlikdən sonra Əlcəzairin bir çox ölkə ilə güclü əlaqələr qurduğuna diqqət çəkən Kahi bunları deyib: "Fransa ilə Əlcəzair arasında məsafənin açıldığı dövrdə Əlcəzair üçün çox şey dəyişdi. Əslində Əlcəzair bu dövrdə Türkiyə və İtaliya ilə yanaşı, Ərəb Körfəzi və bir çox başqa ölkələrlə əlaqələrini yüksəltməyə müvəffəq oldu”.
Makronun Əlcəzairdə bir neçə gün davam edəcək təmaslarının təfərrüatlarını dəqiq bilmədiyini deyən Kahi, Makronun Əlcəzair səlahiyyətliləri ilə görüşlərində iqtisadiyyat, qeyri-qanuni immiqrasiya, viza və bəzi regional mövzuların müzakirə oluna biləcəyini bildirib.
“Makronun Əlcəzairdəki təmasları zamanı Fransanın Afrikanın sahilyanı bölgələrində zəifləməsi və bölgədəki fransız qüvvələrinə qarşı artan düşmənçilik, həmçinin Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu iqtisadi və enerji məsələləri də müzakirə olunacaq”, - Kahi deyib.
Fransanın Əlcəzairdəki keçmiş səfiri Xavyer Driankourt isə bildirib ki, hazırkı səfərin böyük faydası olmayacaq. Fransanın yerli mətbuatına danışan Driankourt "Əlcəzairlə əlaqələrdə heç bir dəyişiklik olmadı. Qaçaq mühacirlərin deportasiyası və iqtisadi tələblərlə bağlı Əlcəzairdən bəzi işarələr olmalıdır" deyib. O, Əlcəzairin Fransa Daxili İşlər Nazirliyinin Əlcəzair əsilli qeyri-qanuni mühacirləri deportasiya tələbini qəbul etmədiyinə diqqət çəkib.
Qeyd edək ki, Əlcəzair son illər karbohidrogen sektorunda sıçrayış edərək, daha çox xarici investisiya çəkərək neft və təbii qaz hasilatını artırmaq istəyir. Məsələn, elə bu günlərdə Əlcəzairin ən iri neft şirkəti olan "Sonatrach" ölkənin cənub-qərbində yerləşən Adrar vilayətindəki Raka əs-Səba bölgəsində böyük neft yataqları kəşf etdiklərini bildirib. Açıqlamaya görə, tapılan neftin miqdarı 150 milyon barelə yaxındır.
Təbii ki, qonşuluğundakı belə böyük sərvətdən pay almaq, yəni idxalı Əlcəzairdən etmək Fransanın yararınadır və bu səbəbdən də Makron istədiklərini almaq üçün çox böyük güzəştlərə gedə bilər. Amma güzəştlərin həcmi böyük, siyahısı uzundur.
Beynəlxalq böhranlar üzrə ekspert Həsən Kaseminin sözləriylə desək, "Əgər Fransa Əlcəzairlə sakit münasibətlər qurmaq istəyirsə, müstəmləkəçilik zehniyyətindən əl çəkməlidir. Əlcəzair-Fransa münasibətlərinin gələcəyi Fransanın "Fransız-Fransız" kimi tanınan müstəmləkəçilik zehniyyətindən nə dərəcədə imtina etməsindən asılıdır".
Fransanın Əlcəzairi hər zaman özünün “öz bağı” kimi gördüyünü deyən Kaseminin fikrincə, Əlcəzairin keçmiş prezidenti Əbdüləziz Buteflika dövründə Fransaya çox böyük imtiyazlar verilmişdi və bunun sayəsində fransızlar Əlcəzairdə özlərini ağa kimi hiss edirdilər.
"Əgər Fransa Əlcəzairlə heç vaxt düşmənçilik və sərhədləri aşmayan sakit münasibətlər qurmağa ciddi yanaşarsa, ikitərəfli əlaqələrdəki mövcud vəziyyət aradan qaldırıla bilər", - deyib cənab Kasemi.
Xatırladaq ki, Əlcəzair və Fransa 4 fövqəladə tarixi dosye, əsasən də Fransa hakimiyyətinin verməkdən imtina etdiyi Əlcəzairə məxsus arxivi və Parisdəki İnsan Muzeyində saxlanılan xalq inqilabı liderlərinin kəllələrinin qaytarılması ilə bağlı danışıqlar aparır.
Əlcəzair səlahiyyətlilərinə görə, üçüncü danışıqlar qovluğu 1960-1966-cı illərdə Fransanın Əlcəzair səhrasında apardığı nüvə sınaqlarının qurbanlarına verilən təzminat, dördüncü qovluq isə Qurtuluş Müharibəsi zamanı itkin düşən 2200 nəfərin taleyinə aydınlıq gətirməkdən ibarətdir (1954-1962).
Fransa, müstəmləkəçiliyə qarşı xalq müqavimətinin bəzi simvollarının kəllələrinin 2020-ci ildə təhvil verilməsi istisna olmaqla, Əlcəzairin heç bir müraciətinə cavab verməyib...