Dünya iqtisadiyyatına uzanan dəniz yolları: boğaz və kanallar

15:40 31.03.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Süveyş kanalında baş verən qəza – Tayvan şirkətinə məxsus 400 metr uzunluğunda “Evergreen” adlı nəhəng yük gəmisinin qum fırtınası nəticəsində istiqamətini dəyişərək qurunta oturması dünyada mövcud olan dəniz keçid yollarının – boğazların və kanalların önəmini bir daha ortaya qoyub. Çünki adıçəkilən gəminin təxminən bir həftə Süveyş kanalını bağlaması nəticəsində yalnız Misir gündəlik 14 milyon dollar gəlirdən məhrum olmadı, həm də dünya iqtisadiyyatı bu gözlənilməz qəzadan milyardlarla dollar ziyana düşdü.

Boğaz və kanalların mövcudluluğu fərqli olsa da, iqtisadiyyatda rolu eynidir. Yəni boğazlar təbii hövzə olsa da, kanallar su hövzələrini bir-birinə birləşdirmək üçün tikilmiş süni su yoludur. Amma hər ikisi dəniz daşımalarını həyata keçirmək üçün əvəzsiz vasitədir. Bu baxımdan dünyada mövcud olan əsas boğaz və kanallara nəzər salmağımız yaxşı olardı. 

Süveyş kanalı:

Süveyş kanalı 1869-cu ildə tikilib və ilkin halda uzunluğu 163 kilometr olub. Amma 2010-cu ildə kanalın genişləndirilməsi nəticəsində uzunluq 193 kilometrədək artırılıb. Təxminən 205 metr eni, 24 metr dərinliyi olan kanaldan il ərzində 30 min gəmi keçir. Məlumatlara görə, Misirin üçüncü ən böyük gəlir mənbəyi olan süveyş kanalı bu ölkənin xəzinəsinə ildə 5-6 milyard dollar qazandırır. Qlobal ticarətin 12 faizində rol alan kanal dünya iqtisadiyyatına hər gün 10 milyard dollar fayda verir.

İstanbul boğazı:

Mərmərə və Qara dənizləri bir-birinə bağlayan İstanbul boğazı uzunluğu 29,9 kilometr, eni 698 metrdən 3,6 kilometrədək, ən dərin yeri isə 120 metr olan təbii su yoludur. Buradan hər il ortalama 50 min gəmi keçir. Tarix boyu yüksək strateji əhəmiyyəti olan İstanbul boğazı 35 kilometr uzunluğundadır. Montro Boğazlar haqda Müqaviləsinə görə buradan keçən gəmilərdən rüsum alına bilməz. Ona görə də Türkiyə sadəcə, təhlükəsiz keçid, fənər, tibbi və sair öhdəliklər üçün hər il ümumilikdə 300 milyon lirə gəlir əldə edir. Hansı ki, bu gün İstanbul boğazı sıradan təbii su yolu olmayb, 18 milyon əhalinin yaşadığı İstanbul şəhərini ikiyə ayırır. Yəni şəhər su nəqliyyatını və ekoloji vəziyyəti təhlükəyə salan gəmi keçidlərinə yeni qaydaların qoyulması mütləqdir ki, bu müstəvidə də layihə mövcuddur. Söhbət İstanbul kanalının tikintiisndən gedir ki, onun inşasını 2023-cü ilədək başa çatdırmaq nəzərdə tutulub. Məhz bu kanalın inşası tamamlansa, İstanbul boğazından keçən hər cür gəmilər ora istiqamətləndiriləcək və bu da ildə Türkiyəyə 8 - 12 milyard dollar qazandıracaq.

Qeyd edək ki, İstanbul boğazında ildə ortalama 22 gəmi qəzası, 133 gəminin isə xarab olması kimi fakt qeydə alınıb. Elə bu səbəblərdən də İstanbul boğazından keçən gəmilərdən 24146-sı Türkiyə Sahil Təhlükəsizlik İdarəsinin xidmətlərindən faydalanıb.

Cəbəllütariq boğazı:

Əməvi sərkərdəsi Tarıq bin Ziyadın adı ilə adlandırılan bu boğaz Aralıq dənizi ilə Atlantik okeanı arasında qapıdır. Boğazın cənubu Mərakeşin, şimalı isə İspaniyanın nəzarətindədir, eyni adlı şəhər isə İngiltərənin müstəmləkəsidir. Uzunluğu 58 kilometr, eni 13 – 44 kilometr, ən dərin yeri isə 900 metr olan boğazdan ildə 7 – 8 min gəmi keçməkdədir. Bəzi məlumatlara görə, Cəbəllütariq boğazından ildə 10 milyard dollar gəlir götürüldüyü qeyd edilsə də, bu o qədər də inandırıcı görünmür. Çünki, boğaz təbii su yolu olduğu üçün gəmilər nəzarətçi ölkələrə rüsum ödəmir. Burada eynən İstanbul və Çanaqqala boğazlarında olduğu kimi, sadəcə təhlükəsizlik və sair tədbirlər məqsədilə, eləcə də sahil limandan faydalandıqları halda vergi ödəyə bilərlər. Bu da qazandırılan məbləğin daha aşağı ola biləcəyibni götərir.

Çanaqqala boğazı:

Çanaqqala boğazı Mərmərə və Egey dənizlərini bir-birinə bağlayan təbii su yoludur. Ən dərin yeri 103 metr, ən dar yeri 1,2 kilometr, ən enli yeri 6 kilometr, uzunluğu isə 61 kilometr olan  Çanaqqala boğazından ildə 45 min gəmi keçməkdədir. Bu su yolunda da zaman-zaman gəmi qəzaları və ya bunun kimi olaylar baş verməkdədir. Məsələn, hesablamalara əsasən bir il ərzində burada 4 gəmi qəzası yaşanıb, üstəlik 175 gəmi xarab olaraq sahildən yardım istəyib. Ümulikdə isə, il ərzində 19925 gəmi Çanaqqala körfəzindən keçərkən Türkiyənin sahil təhlükəsizlik xidmətindən yararlanıb.

Berinq boğazı:

Strateji önəmi çox böyük olan Berinq boğazı Avrasiya ilə Şimalı Amerika arasında ən dar təbii su yolu sayılır. Adını 1728-ci ildə buradan keçən danimarkalı səyyah Vitus Berinqdən alan boğazın eni 92 kilometr, dərinliyi 30-50 metr aralığındadır. Bu su yolundan keçən yük gəmilərinin sayı digər boğazlarda olduğu kimi, minlərlə hesablanmasa da, siyasi və hərbi müstəvidə böyük əhəmiyyəti var.

Magellan boğazı:

Sakit okeanla Hind okeanını bir-birinə bağlayan bu boğaz, Argentina ilə Çili arasında yerləşən Tyerra del Fuego arxipelaqına daxil olan adalar aarsında da ayrıcı sədd rolunu oynamaqdadır. Uzunluğu 560 kilometr olan boğazın eni isə 3 – 32 kilometrdir. Panama kanalı fəaliyyətə başlayanadək Amerika qitəsinin şərq sahilindən qərb sahilindəki limalnara üzən gəmilər məhz bu boğazdan keçirmiş. İndi də qitənin cənub yarısındakı limanlardan Sakit okeana üzən gəmilər məhz Magellan boğazından faydalanırlar.

Hürmüz boğazı:

Hürmüz boğazı, daşıma qüvvəsi baxımından ən önəmli təbii su yollarından biri olub Fars körfəzi ilə Hind okeanı arasında yerləşir. Eni 33 – 95 kilometr arasında dəyişən Hürmüz boğazı, həm də Fars körfəzinin ən dərin ərazisi sayılır. Burada suyun dərinliyi 200 metrdən artıqdır. Cənubuna Birləşmiş Ərəb Əmirlikləri və Oman, şimalına isə İran nəzarət edən boğazdan il ərzində 18 milyon barrel neft, eyni zamanda dünyada mövcud olan maye qaz kütləsinin 66 faizi daşınır. BU təbii su yolundan hər il təxminən 10 mindən çox gəmi keçməkdədir.

Bab-ül Məndəb boğazı:

Qırmızı dənizdən Hind okeanına çıxışda yer alan Bab-ül Məndəb boğazı da Hürmüz boğazı kimi çox vacib strateji əhəmiyyəti olan təbii su yoludur. Uzunluğu 32 kilometr olan bu keçidin şimal sahilləri Yəminin, cənubu isə Cibutinin nəzarətindədir. Boğazın ən dar yeri 26,5 kilometr, ən dərin yeri isə 310 metrdir. Hər il 20 mindən çox gəminin keçdiyi bu boğazdan ildə 5 milyon barrel neft daşınır. Hətta belə demək mümkündürsə, dünyada tankerlə daşınan neftin 8 faizi məhz Bab-ül Məndəbin payına düşür.

Malakka ve Sinqapur boğazı:

Malakka boğazı İndoneziya ilə Malayziya arasında, Sinqapur boğazı isə Sinqapurla İndoneziya arasında yerləşməklə kompleks su yoludur. Təxminən 805 kilometr uzunluğu olan Malakka boğazından hər il 50 mindən çox gəmi keçir. Hesablamalara əsasən, dünya dəniz ticarətinin 20-25 faizi, eləcə də dəniz yolu ilə daşınan neftin 25 faizi məhz bu boğaz vasitəsilə həyata keçirilir.

Kiel kanalı:

Baltik dənizi ilə Şimal dənizi arasında qısa su yolu olaraq tikilən Kiel kanalı da bölgədə dəniz daşımaları üçün çox vacibdir. Təxminən 98 kilometr uzunluğu, 103 metr eni, 11 metr dərinliyi olan bu kanalın üstündə  hər biri 42 metr hündürlüyü olan 10 körpü mövcuddur. Almaniyanın statistika idarəsi bildirir ki, kanaldan il ərzində 90 minədək gəmi keçir.

Panama kanalı:

Panama kanalı Sakit okeanla Atlantik okeanını bir-birinə bağlayan süni su yolu olaraq dünya iqtisadiyyatında və dəniz nəqliyyatının fəaliyyətində çox böyük rol oynamaqdadır. Ortalama 77 kilometr uzunluğu olan kanal hər il Panama büdcəsinə təmiz 2 milyard dollar qazanc verir. Kanaldan 144 istiqamətə yol mövcuddur. Dünyanın 160 ölkəsi və toplam 1700 limanı bu kanalın xidmətindən istifadə etməkdədir.

Panama kanalı həm də yerli əhalinin dolanışıq yeridir. Belə ki. Panamada işləyənlərin 82 faizinin toplandığı xidmət sektoru işçilərinin 64 faizi məhz kanal  sahəsində çalışır. Hər il kanaldan keçən 14 mindən çox gəmi, ümumilikdə 205 milyon ton yük daşımaqdadır.

Oxunma sayı 1488