Avstraliya İqtisadiyyat və Sülh İnstitutu 2022-ci il üçün Qlobal Sülh İndeksini açıqlayıb. Hafta.az xəbər verir ki, reytinqə 163 ölkə daxildir.
İslandiya ən dinc ölkə kimi tanınır. Ondan sonra Yeni Zelandiya və İrlandiya gəlir. İlk onluqda həmçinin Danimarka, Avstriya, Portuqaliya, Sloveniya, Çexiya, Sinqapur və Yaponiya yer alıb.
Bu il ən az sülhsevər olanlar Suriya (161), Yəmən (162) və Əfqanıstandır (163). Suriyanın üstündə isə keçən il bir neçə pillə yuxarıda olan Rusiya var.
Qeyd edək ki, siyahıda Rusiya Federasiyası “qırmızı”, qeyri-sülh zonasındadır. Eyni zamanda, ABŞ 129-cu, Ukrayna isə 153-cü yerdə (bu da “qırmızı” zonadır) yer alıb.
Xatırladaq ki, Qlobal Sülh İndeksi Sülh İnstitutunun beynəlxalq ekspertlər qrupunun sosioloqları və iqtisadçıları tərəfindən Sidney Universitetinin Sülh və Münaqişə Araşdırmaları Mərkəzi ilə birgə hazırlanıb.
Bu indeks ilk dəfə 2007-ci ilin mayında hesablanıb. Bildirilib ki, bu, dünya ölkələrini yaşayış təhlükəsizliyi baxımından sıralamaq cəhdidir və həm ölkədəki zorakılıq və cinayətin səviyyəsi kimi daxili amilləri, həm də ölkənin beynəlxalq münasibətləri kimi xarici amilləri nəzərə alır.