Müstəqil Azərbaycan dövləti gənc olmasına baxmayaraq, istər regionda, istərsə də dünya miqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla çoxtərəfli əlaqələr qurmağa, beynəlxalq imicini ildən-ilə artırmağa nail olub. Azərbaycan məhz dünya birliyinə inteqrasiya, eyni zamanda beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa əsaslanan inkişaf platformasının formalaşdırılmasının ölkədə həyata keçirilən siyasətin əsas məqsədlərindən biri olduğunu dəfələrlə, özü də bir neçə istiqamətdə təsdiqləyib. Xüsusilə qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatlar və dünya birliyi ilə qarşılıqlı əməkdaşlıq və inteqrasiya Azərbaycan üçün iqtisadi baxımdan da vacibdir. Qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi, eləcə də Azərbaycanın mövcud potensialının daha böyük anlamda iqtisadi dəyərə çevrilməsi baxımından inteqrasiyanın əhəmiyyəti danılmazdır.
İqtisadiyyatın liberallaşdırılması ilə bağlı islahatların dərinləşməsi və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi təsirlərinin, daha dəqiq desək, töhfələrinin artırılmasına müsbət təsiri nəzərə alınır və bu baxımdan qarşılıqlı əməkdaşlıq nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar hesab olunur. Praktik olaraq beynəlxalq platformalarda Azərbaycan daha fəal şəkildə iştirak etməklə həm ölkə iqtisadiyatının inkişafına, həm də regionda əməkdaşlıq və sülhün formalaşmasına xüsusi töhfə vermiş olur.
Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə reallaşan həm regional, həm də qlobal kontekstdə çoxsaylı layihələr var ki, bunlar Azərbaycanın əməkdaşlığa açıq olduğunu isbatlayır. Onu da qeyd etmək yerinə düşərdi ki, əksər hallarda Azərbaycan özü əməkdaşlıq üçün çox mühüm və ciddi platformalar yarada bilir. Məsələn, bir zamanlar Əsrin Müqaviləsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi layihələrə şübhə ilə yanaşılırdı və reallıqdan uzaq sayılırdı. Amma Azərbaycan bu istiqamətdə uğurlu və real nəticələr ortaya qoymaqla, bütün şübhələri ortadan qaldırdı. İndi də bunlara bənzər və hətta daha qlobal əhəmiyyətə malik olan layihlələrə şahidlik edirik. Bu yaxınlarda İtaliyada səfərdə olarkən "İl Sole 24 Ore" qəzetinə müsahibəsi zamanı Prezident İlham Əliyev “Bizim sözümüzün imzamız qədər qüvvəsi var" cümləsini əbəs yerə işlətməmişdi. Bu cümlənin ifadə etdiyi məna bütövlükdə Azərbaycanın xarici siyasətinin, beynəlxalq münasibətlərdəki mövqeyinin, əlaqələri olan hər bir dövlət və təşkilatla əməkdaşlığının məzmununu və qayəsini təşkil edir. Azərbaycanla münasibətlərdə obyektiv baxış prizmasından çıxış edən siyasi və iqtisadi dairələr də həmişə bunu xüsusi qiymətləndiriblər.
Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsasında dayanan ən önəmli faktorlardan biri ölkəmizin son illərdə həyata keçirdiyi beynəlxalq layihələr və bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsidir. Bakı-Tiflis-Qars dəmir yolunun açılması ilə Asiya ilə Avropanı ən optimal yükdaşıma marşrutu ilə təmin edən Azərbaycan getdikcə bu marşruta daha çox ölkənin diqqətini cəlb etməkdədir. Bunun əsas səbəbi isə həmin marşrutla yüklərin hər iki istiqamətə daşınmasının daha çevik və daha az maliyyə ilə həyata keçirilməsidir ki, bunda əsas udan tərəf rolunda elə Azərbaycan özü çıxış edir. Çünki daha çox yük daha çox gəlir deməkdir. Bundan başqa, ölkəmizin təşəbbüsü və bilavasitə vasitəçiliyilə TAP, TANAP kimi transmilli enerji marşrutları da var ki, həmin kəmərlər Azərbaycanı bir çox dövlətlərin maraq dairəsinə gətirib. Beləliklə də Azərbaycan dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Məsələn, bu gün Azərbaycan-Avropa İttifaqı münasibətləri müxtəlif sahələr üzrə sıx və etibarlı tərəfdaşlığa əsaslanır. Bunu ilk olaraq iqtisadi sferadakı rəqəmlərdən də görmək olar. Belə ki, Aİ 700-dən çox şirkət ilə ölkəmizdə ən böyük investordur. İnvestisiyaların həcmi isə on milyardlarla dolları ötür.
Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq isə ikitərəfli münasibətlərin nüvəsini təşkil edir. Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edib. Artıq il yarımdır ki, "Cənub qaz dəhlizi" tam gücü ilə işləyir və Azərbaycanın Xəzərdən hasil etdiyi təbii qaz Avropa bazarlarına çatdırılır.
Azərbaycanla Aİ arasında enerji dialoqu yüksələn xətlə davam edir və bunun ən mühüm nümunələrindən biri bu il iyulun 18-də Bakıda "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanmasıdır. Bu anlaşma memorandumu enerji təhlükəsizliyi sahəsində Aİ-Azərbaycan əməkdaşlığının ən yüksək səviyyəyə çatmasının təcəssümüdür. Ümumiyyətlə, Azərbaycan özünün enerji siyasəti ilə bağlı nəyi planlaşdırıbsa, ona qətiyyətlə nail olub. Aİ ilə imzalanan memorandum gələcək üçün bir növ yol xəritəsidir. Əvvəlki bütün layihələrin reallaşdırıldığını nəzərə alsaq, deyə bilərik ki, enerji sahəsindəki əməkdaşlıqla bağlı yaxın gələcəkdə yeni uğurlara nail olunacaq.
Təbii ki, bütün bunlar Aİ-yə üzv olan ayrı-ayrı ölkələrlə də Azərbaycanın münasibətlərinin strateji mahiyyətini təmin edib. Ümumilikdə isə Aİ Avropanın aparıcı təşkilatı və inkişaf etmiş Avropa dövlətlərinin rəsmi birliyi olaraq Azərbaycanın münasibətlərdə etibarlı tərəfdaş olduğunu qəbul edir, eləcə də rəsmi Bakının müstəqil siyasətinə hörmətlə yanaşır. Bu baxımdan Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda da ölkəmizin beynəlxalq münasibətlərdəki güclü mövqeyi və tərəfdaşlığa sadiqliyi mühüm rol oynayır. Azərbaycanın qətiyyətli siyasət yürütməsi, o cümlədən etibarlı tərəfdaş olması Aİ-nin ölkəmizin ədalətli mövqeyi barədə obyektiv yanaşma ortaya qoyması ilə şərtlənir.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov da hesab edir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə dünya iqtisadiyyatına inteqrasiya istiqamətində çox mühüm addımlar atılıb: “Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, eyni zamanda beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa əsaslanan inkişaf platforması formalaşdırmaqdan ibarətdir. xarici iqtisadi əlaqələrin coğrafiyası genişlənib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra dünya iqtisadiyyatına inteqrasiya istiqamətində çox mühüm addımlar atılıb. Beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl iş Azərbaycanın xarici iqtisadi əlaqələrinindaha da genişlənməsinə səbəb olub. Nəticədə ötən müddət ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib. Hazırda ölkədə mövcud siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Bugünədək Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında çoxlu sayda saziş imzalanıb. Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb.Dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici ölkələrlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir, ölkənin dünyada nüfuzunu daha da artırır”.