Düşməni qorxuya salan hərbi aviasiya

18:05 26.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Azərbaycanın müdafiə naziri və Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza dövlətimizin başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat verdilər.

Bildirildi ki, JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir.

Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda ordu quruculuğu geniş vüsət alıb. Xüsusilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub, Silahlı Qüvvələrimizin müasir dövrün çağırışları əsasında komplektləşdirilməsi işləri uğurla davam etdirilir. Dövlətimizin başçısının tapşırığı ilə yeni ordu birləşmələri və qoşun növləri yaradılır, şəxsi heyətin döyüş hazırlığı yüksəldilir. Eyni zamanda, Ordumuzun hərbi-texniki təchizatı məsələsi Ali Baş Komandanın xüsusi diqqət mərkəzindədir. Yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində hərbi gücümüzün artırılmasının bir nömrəli vəzifə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”.

Milli müdafiə sənayemizin inkişaf etdirilməsi, eyni zamanda, xarici ölkələrlə hərbi sahədə əməkdaşlıq, yeni müqavilələrin imzalanması da xüsusi vurğulanmalıdır. Azərbaycanın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrdən biri də qardaş Pakistandır. Prezident İlham Əliyevin bu ilin iyulunda Pakistana dövlət səfəri iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə yeni təkan verib. Azərbaycan və Pakistan beynəlxalq platformalarda daim bir-birinə qarşılıqlı dəstək göstərir və həmrəylik nümayiş etdirirlər.

Qeyd edək ki, bir müddət əvvəl Pakistan Azərbaycanla JF-17 Block-3 çoxməqsədli döyüş təyyarələrinin satışına dair tarixi müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 1,6 milyard ABŞ dolları təşkil edir, saziş Azərbaycana JF-17C Blok-3 qırıcılarının, bu qırıcıların pilotlarının hazırlanması üçün təlim təyyarələrinin, eləcə də qırıcılar üçün döyüş sursatlarının tədarükünü nəzərdə tutur. Alınan qırıcıların sayı açıqlanmayıb.

Azərbaycan uzun müddətdir ki, Pakistanla JF-17C qırıcılarının alınması ilə bağlı danışıqlar aparırdı. Bu danışıqlar Azərbaycan Hərbi Hava Qüvvələrinin sovet istehsalı olan təyyarə parkının yenilənməsi zərurəti yarandıqdan sonra başlayıb. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin donanması MiQ-29 qırıcıları və Su-25 hücum təyyarələrindən ibarətdir. Düzdür, bu təyyarələr əsaslı modernizasiya olunub və xidmət müddəti uzadılıb, lakin Hərbi Hava Qüvvələrinin daha müasir təyyarələrlə təchiz edilməsi zəruridir.

Azərbaycan ərazilərinin işğaldan azad olunmasına baxmayaraq, kifayət qədər mürəkkəb regionda yerləşir və Prezident İlham Əliyev silahlı qüvvələrin daha da gücləndirilməsini ölkə qarşısında duran fundamental vəzifələrdən biri kimi müəyyənləşdirib.

Əslində, Bakının bu məsələdə seçimi azdır. Siyasi səbəblərə görə, ABŞ-dən F-16 və ya Fransadan Rafale, hətta Alman-Britaniya istehsalı olan Eurofighter almaq müşkül məsələdir. Açıq mənbələrdən əldə edilən məlumata görə, bir neçə il əvvəl Azərbaycan Rusiyadan Su-35 və Su-30SM təyyarələrinin alınması ilə bağlı danışıqlar aparıb. Lakin paralel olaraq Pakistan və Çinin birgə istehsal etdiyi JF-17 qırıcılarının alınması ilə bağlı danışıqlar gedirdi.

İslamabad əvvəlcə JF-17 qırıcılarının daha əvvəlki versiyasını təklif edib, lakin Azərbaycan bu təyyarələri köhnəldiyini nəzərə alaraq, onların modernləşdirilmiş Blok-3 versiyasına maraq göstərməyə başlayıb.

JF-17 yüngül təkmühərrikli qırıcı olmaqla 2000-ci illərin ortalarında Çində yalnız ixrac üçün hazırlanmışdı. Pakistan bu təyyarələrin ilk alıcısı olub və sonra iki ölkə qırıcıların birgə istehsalına başlayıb. Çin aviasiya sənayesi 2010-cu illərdə sürətli inkişaf dövrünə qədəm qoyub və nəticədə JF-17 Block-3 döyüş təyyarəsinin daha müasir texnologiyalara əsaslanan versiyası yaradılıb. JF-17 Block-3 ilk uçuşunu 2019-cu ilin dekabrında edib.

JF-17 Blok-3 dizayn və performans baxımından İsveç-Amerika Gripen E ilə müqayisə edilə bilər.

Ötən ilin martında JF-17 Block-3 çoxməqsədli qırıcıların ilk partiyası Pakistan Hərbi Hava Qüvvələrində xidmətə girib. Military Watch Magazine yazır ki, təyyarə JF-17-nin imkanlarını kökündən dəyişib və “4+” nəsil qırıcı hesab edilsə də, beşinci nəsil avionika və silahlardan istifadə edir.

Qeyd edək ki, Azərbaycanın hərbi aviasiya parkının gücləndirilməsi və yenilənməsi tək bununla da yekunlaşmır. 

Bir müddət əvvəl Azərbaycan İtaliyadan “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi alıb.

Azərbaycan ilə “Leonardo” şirkəti arasında “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin alınması ilə bağlı müqavilə 2023-cü ilin iyun ayının 8-də imzalanıb.

Hazırda dünyanın 10-dan çox ölkəsinin hərbi hava qüvvələrində “C-27J Spartan” təyyarəsindən istifadə olunur. Bu ölkələrin arasında İtaliya, ABŞ, Yunanıstan, Bolqarıstan, Rumıniya, Sloveniya, Slovakiya, Litva kimi NATO ölkələri də yer alır.

Bundan əlavə, Azərbaycanın hərbi hava qüvvələrinə aid "Su-25" təyyarələrinin modernləşdirilməsi üzrə layihənin birinci mərhələsi başa çatıb.

TÜSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlu bildirib ki, təyyarələrin əksəriyyəti üzrə modernləşdirilmə işləri Bakıda aparılacaq, bir təyyarə üzrə proses Ankarada həyata keçiriləcək:

"Bu layihə həm Azərbaycanın müdafiə sənayesi, həm də ekosistemi üçün önəm kəsb edir. Növbəti mərhələdə isə HÜRKUŞ təyyarələrini təlim məqsədi ilə Azərbaycana gətirəcəyik. Eyni zamanda Azərbaycan hərbi pilotlarının Ankarada təlimlərə cəlbi də nəzərdə tutulur. Bu istiqamətdə işlər uğurla davam etdirilir. Qarşıdakı aylarda bu proses tam yekunlaşdırılacaq. "Kaan" tipli V nəsil təyyarələrin Azərbaycana verilməsi üzrə danışıqlar davam etdirilir. Biz Azərbaycanın bu istiqamətdə ehtiyaclarını təmin etməyi düşünürük. Bu layihə ilkin mərhələdə olduğuna görə hər hansı konkret fikir söyləmək çətindir. Layihənin 2030-cu ilədək davam etdirilməsi nəzərdə tutulur".

Göründüyü kimi, Azərbaycan hərbi qüdrətinin artırılması istiqamətində çoxistiqamətli əməkdaşlıq modelindən istifadə edir ki, bu da bir mənbədən asılılıq amilini tamamilə ortadan qaldırır. Həmçinin, atılan bu addımlar İrəvanı silahlandıraraq bölgədə revanşizm meyllərini gücləndirməyə çalışanlara açıq xəbərdarlıq kimi də qiymətləndirilə bilər.

Ləman Əliyeva