ABŞ-ın Əfqanıstana ayırdığı 1 trilyon dollara yaxın vəsaitin böyük bir hissəsi Əfqan hökumət ordusunun qurulmasına xərclənsə də, həmin ordu sənədlərdə olduğu kimi qurulmayıb.
Bu fikirləri hafta.az-a vaxtilə Əfqanıstanda hərbi xidmət keçmiş hərbi ekspert, ehtiyatda olan kapitan Tərlan Eyvazov deyib.
Onun sözlərinə görə, yəni sənəddə 300 min nəfər göstərilsə də, faktiki olaraq sırada heç 100 min hərbçi olmayıb: “Araşdırmalardan bəlli olub ki, Əfqanıstan ordusunun hərbi qulluqçularının 200 mindən çoxu “ölü can”lardır. Yəni həmin sayda ştatlara maliyyə vəsaiti ayrılıb, amma əslində bütöv taborlar, briqadalar var ki, adı var, özü yoxdur. Bir sözlə, Əfqanıstan ordusuna ayrılan vəsaitin çoxu yeyilib. Həmin pullar da ilk növbədə prezidentin, onun məmurlarının Qərbdəki bank hesablarına yatırılıb. Və bu yeyintilərdə, sözsüz ki, Ağ Evin və Pentaqonun bir sıra rəhbər məmurlarının da marağı olub. Çünki bu, olmasa, milyardlarla vəsaitin belə “havaya sovrulması” mümkün olmazdı. Bütün bunlar əfqan xalqının iqtisadi-sosial durumuna da çox mənfi təsir göstərib. Və eyni zamanda sonda ordunun azsaylı bir qüvvə qarşısında çökməsinə gətirib çıxarıb...”