Əfqanıstandan qaçırılan ABŞ istehsallı hərbi texnikaların İranda olduğu üzə çıxıb

16:00 12.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda 2021-ci ilin avqustunda Talibanın hökumətə nəzarəti ələ keçirməsi və ABŞ-ın ölkəni tərk etməsi ilə çox sayda hərbi texnika qaçaqmalçılıq yolu ilə İrana aparılıb.

Hafta.az-ın "Mepanews"ə istinadən yazdığına görə, Kabil administrasiyasının bir çox qüvvələri Talibandan qaçarkən, onlar da öz qoşunlarında Amerika istehsalı olan hərbi maşınları İrana aparıblar. Düzdür, sözügedən dövrdə İrana qaçaqmalçılıq yolu ilə gətirilən silah, sursat və nəqliyyat vasitələrinin bir qismi Əfqanıstandakı İslam Əmirliyi rəhbərliyinə qaytarılıb. Lakin məlum olub ki, müxtəlif növ hərbi texnikalar, xüsusən də ABŞ istehsalı olan "Humvee" döyüş maşınları İranda qalıb.

İranın bu vasitələrdən ilk dəfə hava-desant təlimində istifadə etdiyi sənədləşdirilib.

Yeri gəlmişkən, xatırladaq ki, İran Quru Qoşunlarının 55-ci Hava Desant Briqadası ötən günlərdə keçirdiyi təlimdə hərbi maşınlardan istifadə edib. Maşınlar paraşütlə təlimin keçirildiyi əraziyə buraxılıb.

Bildirək ki, Əfqanıstan İslam Əmirliyinin rəhbərliyi İran, Tacikistan, Özbəkistan və Pakistan kimi qonşularından qaçaqmalçılıq yolu ilə gətirilən hərbi texnikanı geri qaytarmağı tələb edib. Lakin bu tələb əsasən rədd olunub, İran isə az sayda hərbi maşın, həmçinin tüfəng və oxşar silahları geri göndərib.