Ekoloji tələblərin pozulduğu kafe ilə bağlı protokol tərtib olunub

23:39 17.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 26 ünvanında fəaliyyət göstərən "Ağa çayı" kafesindən atmosfer havasına tüstünün yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Hafta.az xəbər verir ki, Xidmət rəsmisi Xaliq Mirzəyevin sözlərinə görə, əraziyə keçirilən baxış zamanı sözügedən iaşə obyektinin fəaliyyəti zamanı atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə kafedə qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən olunub.

Bildirilib ki, faktla bağlı kafenin səlahiyyətli nümayəndəsi Şakir Məmmədov barəsində protokol tərtib olunub. Eyni zamanda, kafedə təmizləyici qurğunun quraşdırılması məqsədilə ona məcburi göstəriş verilib.