Yaroslavl vilayət məhkəməsi "Vahid Rusiya"nın keçmiş regional deputatı Aleksandr Bortnikovu 15 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin mətbuat xidməti xəbər verir ki, o, narkotik laboratoriyası yaratmaqda təqsirli bilinib.
İş materiallarına görə, 2021-ci ilin sentyabrında Bortnikov və onun əlaltıları bağçılıq ortaqlığında bir evdə narkotik laboratoriyası təşkil ediblər. Həbs zamanı 17 kq-dan artıq sintetik narkotik vasitə və 112 kq-dan artıq prekursor, yəni narkotik vasitələrin istehsalı üçün komponentlər götürülüb.
1993-cü il təvəllüdlü Bortnikov həbs olunarkən Nekrasovski kənd qəsəbəsinin bələdiyyə şurasının deputatı və “Vahid Rusiya” fraksiyasının üzvü olub. Cinayət işi başladıqdan sonra o, partiyadan xaric edilib və deputat mandatından məhrum edilib.
İttiham tərəfi Bortnikov üçün 17,5 il həbs istəsə də, məhkəmə onu ciddi rejimli islah koloniyasında 15 il 3 ay müddətinə azadlıqdan məhrum edib.