Əlcəzair Xarici İşlər Nazirliyinin Fransadakı səfir Məhəmməd Anter Davudu məsləhətləşmək məqsədilə geri çağırıb. Hələlik məlum olan səbəb Fransa prezidenti Emmanuel Makronun Əlcəzair prezidenti Əbdülməcid Tebbun haqqında, guya onun “çox qatı sistem tərəfindən idarə olunduğunu”, “Fransa müstəmləkəçiliyindən öncə Əlcəzair xalqının olub-olmaması bilinmir” deməsidir. Niyə hələlik məlum olan səbəb deyirəm, çünki Əlcəzairin Prezident Admnistrasiyası dəqiq detalları sonra açıqlayacağını bildirib.
Bu arada qeyd edək ki, Makron cümə axşamı günü Parisdə Əlcəzair əsilli, ikili vətəndaşlığı olan gənclərlə bir araya gəlib və onlara Əlcəzairin ən yuxarı dövlət rəhbərlərini tənqid edən açıqlamalar verib. Təbii ki, bunu da tədbirdə iştirak edən “Le Monde” qəzeti yayıb. Makron deyib ki, əlcəzairlilər Fransanın müstəmləkəçi tarixini unutmalıdırlar. Çünki keçmişdə olanlar, elə keçmişdə də qalmalıdır. Amma hansı ki, bu gün keçmişdə baş verənləri qabartmaqla Fransaya nifrət, kin ortaya qoyurlar. Hətta görüşə qatılmış əlcəzairli bir qız yaltaqlıq edərək Makrona “Mənim nəslimdə heç kim Fransaya kin bəsləmir” deyərək ölkəsinin mövqeyinə qarşı çıxdıqda, bundan cəsarətlənən Fransa prezidenti ona “Problem Əlcəzair cəmiyyətində yox, yaddaşlarını yeniləməyən siyasi-hərbi sistemdədir” cavabını verib. O ki qaldı keçmişdə etdiklərindən dolayısı Fransanın Əlcəzairdən üzr istəməsinə və təzminat ödəməsinə, Makron deyib ki, bu cür tələbləri xalq yox, Əlcəzairin mülki və hərbi-siyasi elitası edir...
Çox maraqlı yanaşmadır: Makron doğrudan bilmir ki, xalq dünya siyasəti yürütmür? Xalq özünə ona görə hökumət və prezident seçir ki, onun keçmişinin, bu gününün və gələcəyinin məsuliyyətini daşısın...
Makron prezident Tebbunla yaxşı münasibəti olduğunu desə də, onun qatı sistem tərəfindən idarə olunduğunu vurğulamaqla, Əlcəzair dövləti üzərində hərbi sistemin nəzarəti olduğu bildirib.
Gənclərlə görüşdə o da məlum olub ki, Fransa hökuməti tərəfindən Əlcəzairin (Əslində bütün Məğrib ölkələrinin) siyasi və inzibati rəhbər kadrlarına verilən vizaların sayı yarıbayarı azaldılıb...
Təbii ki, Makronun hər nə deməsinə baxmayaraq, Əlcəzair fransızlara xoş getsin deyə öz tarixini unutmaq fikrində deyil. Əlcəzairin Prezident Admnistrasiyasının rəsmi televiziyanın efirində yayımlanan açıqlamasında Makronun ölkə və onun hakimiyyəti haqqında dedikləri sərt tənqid edilib. Bildirilib ki, Makronun dedikləri Fransanın 132 illik müstəmləkəçiliyi dövründə öldürülən 5 milyon 630 min şəhidin xatirəsinə təhqirdir.
Bu arada, ötən həftə Əlcəzair hökuməti Fransanın müstəmləkəçilik illərində ölkə ərazisində keçirdiyi nüvə sınaqlarından dolayısı, radiaktiv çirklənmə qeydə alındığını bildirərək, məsələni beynəlxalq müstəvidə müzakirələrə çıxaracaqlarını bildirmişdi. Bir çoxları bu fikirdədir ki, Əlcəzairlə Fransa arasında onsuz da gərgin olan münasibətlər bu açıqlamadan sonra daha bərbad hala gələcək. Amma Əlcəzair Atom Enerjisi Komissiyasının (COMENA) sədri Merzak Ramkiyə görə, Fransanın Əlcəzair səhralarında keçirdiyi nüvə sınaqları – Fransanın Əlcəzair ərazisində 17 nüvə sınağı keçirdiyi deyilir - onların əlində ən güclü sənəddir. Hətta Əlcəzairin baş naziri Eymən bin Əbdürrəhman, artıq bu müstəvidə hökumətin iş proqramını Məclisə təqdim etdiklərini bildirib.
Əlcəzairli hüquqşünas Hac Hənəfi deyir ki, sənədlərin beynəlxalq arenaya çıxarılmasının iki yolu var: 1. Hüquqi, yəni nüvə sınaqlarına dair sənədlərin hökumətlərarası təşkilatlar vasitəsilə insan haqlarıyla əlaqələndirilməsi. Məsələn, sənədlər toplusu insan haqları təşkilatlarına, BMT-nin İnsan Haqları Şurasına (UNHRC), daha sonra isə Beynəlxalq Əfv Təşkilatına və digər beynəlxalq mülki quruluşlara göndərmək olar. 2. Diplomatik yol. H.Hənəfinin fikrincə, bu yolla nəinki Əlcəzairin, bütün Afrikanın səsini dünyaya çatdırmaq, işğalçının etdiklərindən dolayısı cavab verməsini tələb etmək olar.
Əlcəzairli başqa bir hüquq professoru Məhəmməd Adnan əl-Ahdar bin Mirin fikrincə isə, Fransanın Əlcəzairdə həyata keçirdiyi nüvə sınaqları bütünlüklə cinayətdir və bu səbəbdən də belə hallarda hüquqi prosedurların tətbiqi gözlənilmir. Professor Bin Mirə görə, Əlcəzair məsələni beynəlxalq müstəviyə çıxarmaq üçün lazımi diplomatik gücə malikdir...