Əlcəzairin iki nazirliyi fransız dilindən imtina etdi

16:20 22.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzairin Peşə Təhsili, eləcə də Gənclər və İdman nazirliklərində bundan sonra təhsil və bütün yazışmalar yalnız ərəb dilində aparılacaq, əvvəlki kimi, fransız dilindən istifadə isə yasaqlanıb. 

Hafta.az-ın yazdığına görə, bu barədə Əlcəzair Peşə Təhsili Nazirliyinin sosial media səhifəsində məlumat verilib. Nazirliyə görə,nəinki qurumlararası, hətta daxili yazışmalarda da fransızcadan istifadə yasaqlanıb. Məlumatda o da qeyd olunur ki, nazirliklərin atdığı addım bütün hökumətin mövqeyi deyil və bu da geniş ictimaiyyət arasında çaşqınlıq yaradıb.

Bu arada, qeyd edək ki, indiyədək Əlcəzairdə Müdafiə Nazirliyi istisna olmaqla, bütün nazirliklərin daxili yazışmalarında fransız dili ərəbcədən daha üstün mövqedə olub. Hansı ki, ölkədə ərəb dili əsas, bərbər dili isə ikinci rəsmi dildir.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makronun oktyabrın 2-də "Le Monde" qəzetində yayımlanan "Əlcəzair müstəmləkə tarixini Fransaya nifrət üzərində qurub" yönümündəki sözlərinə cavab olaraq Əlcəzair hökuməti oktyabrın 3-də hava sahəsini Fransanın hərbi aviasiyasının üzünə bağlamışdı. 

Makronun açıqlamalarına Əlcəzairin Prezident Sarayından verilən yazılı cavabda, "Makronun şərhləri, 1830-1962-ci illər arasında fransız müstəmləkəçiliyinə qarşı müqavimət zamanı özlərini fəda edən 5 milyon 630 min şəhidin xatirəsinə qabul edilməyəcək təhqirdir" deyilib və bundan sonra Əlcəzairin Parisdəki səfiri məsləhətləşmək üçün təcili geri çağrılmışdı.