Əməliyyatdan öncə razılıq sənədi imzalanmalıdırmı?

17:37 31.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda cərrahi əməliyyata hazırlaşan xəstələr üçün nəzərdə tutulan razılıq ərizəsi narazılıq yaradıb. Xəstə yaxınları bu ərizələrin birtərəfli qaydada tərtib olunduğunu düşünürlər. Hesab edirlər ki, istənilən əməliyyat zamanı pasiyent yaxınlarına razılıq ərizəsinə imza atdırılması həkimlərı cərrahi müdaxilə zamanı yarana biləcək fəsadların məsuliyyətindən yayındırır. Yəni, sənəddə pasiyentin hüquqları barədə heç bir müddəa olmur və baş verə biləcək bütün xoşagəlməz hadisələrin məsuliyyəti xəstənin üzərinə qoyulur. Bir çox pasiyentlər onlara təqdim olunan sənədlərə oxumadan qol çəkdiklərinə görə əməliyyatın ardından ciddi mübahisələr yaranır. Elə olur ki, bu cür mübahisələr tərəflər arasında məhkəmə çəkişmələrinə qədər gedib çıxır. Lakin məhkəmə müqavilə sənədlərində öz əksini tapmış məlumatlara istinad etdiyinə görə sonda uduzan tərəf elə pasiyentin özü olur.

Qeyd edək ki, beynəlxalq təcrübəyə görə, xəstə əməliyyatdan əvvəl əməliyyat riskləri ilə bağlı müfəssəl məlumat almalı, bütün bu məlumatlar isə pasiyentlə tibb klinikası arasında bağlanan müqavilədə öz əksini tapmalıdır. Bu müqavilə ilə hər iki tərəf öz üzərinə qanunla nəzərdə tutulmuş öhdəliklər götürür. Bu öhdəliklər müəyyən olunarkən isə heç bir tərəfin hüquq və mənafeləri pozulmamalıdır.

Bəs, xəstələr aldanmamaq üçün müqavilə bağlayarkən nələrə diqqət yetirməlidir? Ümumiyyətlə, bütün cərrahi əməliyyatlarda razılıq ərizəsinə imza atılmalıdırmı?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən tibb məsələləri üzrə ekspert Rasif Bağırov bildirib ki, əslində cərrahi əməliyyata hazırlaşan xəstələr əməliyyatdan öncə mütləq razılıq ərizəsinə imza atmalıdırlar: “Fərqi yoxdur ki, əməliyyat yüngül və ya ağır əməliyyatdır. Hər bir xəstə yaxud onun yaxını cərrahi müdaxilədən əvvəl əməliyyat prosesinə razılıq verməlidir. Çünki bütün cərrahi əməliyyatlarda risk mövcuddur. Bu, həkim səhvindən də baş verə bilər, əməliyyat prosesində gözlənilməz hadisə də yarana bilər. Əslində bu sovet dönəmində də belə olub. Lakin sonralar məsələyə bir qədər səhlənkar yanaşıldı. Hər bir ölkədə həkim etikası kodeksləri var. Bu, həkimlə xəstə, yaxud da tibbi personalı arasındakı münasibətləri tənzimləyən qanunverici aktdır. Pasiyentə onun xəstəliyi ətraflı şəkildə izah olunmalıdır. Əməliyyatın riskləri, nəticələri haqqında əvvəlcədən ya xəstəyə, ya da onun yaxınlarına məlumat verilməlidir. Bütün bunlar isə müqavilədə öz əksini tapmalıdır. Müqavilə bir hüquqi sənəddir və məhkəmə çəkişməsi zamanı ona istinad olunur. Buna görə də pasiyent müqavilənin şərtləri, detalları ilə tanış olmalıdır ki, sonradan peşman olmasın”.

Məsələnin hüquqi tərəflərini izah edən hüquqşünas Əkrəm Həsənov deyib ki, beynəlxalq praktikada xəstə əməliyyatdan əvvəl əməliyyat riskləri ilə bağlı müfəssəl məlumat alır və bütün bu məlumatlar pasiyentlə tibb klinikası arasında bağlanan müqavilədə öz əksini tapır:

“Bütün hallarda müqavilələrin bağlanmasında əsas şərtlərdən biri tərəflərin azadlığı prinsipidir. İstənilən müqavilələrdə tərəflərin qarşılıqlı hüquq və vəzifələri aydın şəkildə qeyd olunmalıdır. Əgər tərəflərdən biri özünün dominantlığından istifadə edib qarşı tərəfə öz şərtlərini diktə etməyə çalışsa, bu müqavilə imzalandığı andan etibarsız sayılmalıdır. Adətən pasiyent müqavilə imzalayarkən çox uğursuz vəziyyətdə olur. Çünki o, müalicə olunmalıdır. Belə olduğu təqdirdə isə klinika özünün həm qiymətlə bağlı, həm də funksionallıqla bağlı şərtlərini pasiyentə qəbul etdirməyə çalışır. Nəticədə pasiyent özü üçün əlverişli olmayan müqaviləni imzalamaq məcburiyyətində qalır. Hər şeydən əvvəl hesab edirəm ki, bütün bu hallara nəzarət etmək üçün aidiyyəti qurumlar pasiyentlə klinikalar arasında bağlanan müqavilələri daima diqqətdə saxlamalıdır. Eyni zamanda bizdə bir çox xəstəliklərin müalicəsi ilə bağlı protokollar sona qədər işlənməyib. Bu protokollarda hansısa xəstəliyin müalicəsinin aparılması üsulları, müalicə nə qədər vaxt davam etməlidir və s. öz əksini tapır. Hesab edirəm nümunəvi müqavilə formaları işlənib hazırlanmalı və klinikaların internet saytlarında yerləşdirilməlidir. Belə olduğu təqdirdə, pasiyent klinikaya daxil olduğu andan müqavilə şərtləri ilə ətraflı tanış olmuş olur. Bir sözlə kompleks tədbirlər görülməlidir. Ən əsası qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”.

Hüquqşünas vurğulayıb ki, razılıq prinsipi həkim-xəstə münasibətlərini tənzimləyən bir prinsipdir: “Azərbaycanın səhiyyə qanunvericiliyində bu, hal-hazırda nəzərdə tutulmayıb. Bütün sivil dunya qəbul edib ki, xəstəyə xəstəliyi haqqında ətraflı məlumat verilməli, sonradan onun özü tərəfindən müalicəyə könüllü razılıq ifadə edilməli və bu rəsmiləşdirilməlidir. Bu gün Azərbaycan qanunvericiliyində məlumatlı razılıq tətbiq olunmayıb. Qanunvericiliyimizdə könüllü razılıq var və bu zaman da qarşı tərəfin hüquqlarını pozan nüanslar ortaya çıxır. Ona görə də bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilməlidir ki, müqavilələr birtərəfli qaydada olmasın. Məsuliyyət hər iki tərəf üçün eyni səviyyədə olmalıdır ki, tərəflər məsuliyyətlərini tam dərk etsinlər”.