Bu gün Qarabağ İqtisadi Zonasının tarixi, gözəl şəhərlərindən olan Xankəndi mühüm hadisələrə şahidlik edir. Regionun geosiyasi reallıqları fonunda separatçı rejimdən təmizlənən şəhərimiz, nəhayət ki, Azərbaycan Bayrağının kölgəsi, dövlətin müdafiəsi, mühafizəsi altındadır. Bu gün Xankəndi və orada yaşayan əhalinin durumu, reinteqrasiya prosesi ilə bağlı xaricdən birmənalı olmayan yanaşmlar ortaya qoyulur. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Tural Gəncəliyev maraqlı məqamlara toxunub.
– 19 sentyabr əməliyyatından sonra Qarabağ İqtisadi Zonasında, xüsusilə də Xankəndidə cərəyan edən prosesləri necə dəyərləndirmək olar?
– Tam əminliklə, səmimiyyətlə “Xankəndi Azərbaycandır!” deyə bilirik. 19 sentyabr antiterror əməliyyatı ərazilərimizdə suverenliyimizi, ərazi bütövlüyümüzü təmin etdi.
Biz 2020-ci ildə seçicilərimizlə görüşə “Yolumuz Xankəndiyədir” devizi ilə getmişdik. Mən Ali Baş Komandana, Ordumuza, xalqımıza minnətdaram: bizim verdiyimiz vədlər yalan çıxamadı. Yadımdadır ki, o zaman seçki kampaniyasına qatılanda erməni sosial şəbəkə istifadəçiləri, təbliğat maşını bir kənara, öz içimizdən olan bir çox insan buna qeyri-ciddi, ironiya ilə yanaşırdı. Xankəndinin erməni separatçı rejimindən azad olunacağına bir an belə şübhə etmədik. Dövlətimiz, Ali Baş Komandanımız sağ olsun. Regionda yaranmış vəziyyət bizdə qeyri-adi hisslər yaradıb. Həmkarlarımızla söhbətlərimiz zamanı daim bu məsələyə diqqət çəkirik: vaxtilə Sovet İttifaqının tərkibində olanda da Qarabağ Azərbaycanın tərkib hissəsi idi. Orada daim erməni separatizmi mövcud idi, hətta “Dağlıq Qarabağ Muxtar Vilayəti” olanda ermənilər Azərbaycana qarşı gizli işlər aparırdılar. Suverenliyimiz, sanki 100 faiz bərpa edilməmişdi. Bu gün Qarabağda separatizmə son qoyuldu.
Ümumən regiona nəzər salsaq, vəziyyət tam stabildir. Azərbaycan antiterror tədbirlərindən sonra qarşıya qoyduğu məqsədlərə, hədəflərə çatıb. Ərazilərimizdə “boz zona “yoxdur. Bir nəfər də olsun, separatçı ünsür qalmayıb.
– Xankəndidə müşahidə olunan erməni köçü hansı növbəti şouya hazırlıqdır?
– Xankəndidə yaşayan ermənilərə münasibət hər zaman bəlli olub. Bu gün də dövlət başçısından tutmuş məmuruna qədər dəfələrlə çağırışlar ediblər ki, onlar burada qalıb yaşaya bilərlər və digər xalqlar kimi bütün hüquqları qorunacaq. Ancaq seçim yenə də özlərinindir. Bu gün gedirlərsə yolları açıqdır, qalırlarsa, yenə də onlara heç bir problem yaradılmır.
Digər tərəfdən, jurnalistlərimiz Laçın keçid məntəqəsində onlarca ermənidən müsahibə alıb. Mülki ermənilər ya özlərinin xoşluqla getdiyini, ya da xunta rejiminin təsiri ilə köçməyə məcbur olduqlarını etiraf edirlər. Ermənilərin Xankəndidən köçməsində əsas maraqlı tərəf elə xunta rejimi, sülhün əleyhinə olan qüvvələrdir. Çünki bilirlər ki, ermənilər qalsalar, Azərbaycan dövlətinə reinteqrasiya olunacaq, burada dil tapıb gözəl yaşayacaqlar. Bununla da 30 il ərzində dünyada qurduqları “Biz türklərlə bir yerdə yaşaya bilmərik” mifi dağılacaq. Bu fikirləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da azərbaycanlılara istinadla bildirmişdi. O da demişdi ki, “Biz türklərlə etnik olaraq uyğun deyilik, bir yerdə yaşaya bilmərik”. Erməniləri ərazilərimizdən köçməyə məcbur edən xunta rejimi mülki ermənilərə ciddi psixoloji təzyiqlər göstərib. Əminəm ki, qalmaq istəyən ermənilər də var. Onların timsalında görəcəyik ki, çıxıb-gedən ermənilər Azərbaycan Dövlətinin vətəndaşı olmamaqla çox şeyi itirdilər.
Digər tərəfdən, buradan köçən ermənilər bu davranışları ilə daha çox Ermənistana etiraz edirlər. “Böyük Ermənistan” mifi, gah “öz müqəddəratını təyin etmək”, gah “miatsum”kimi saxta xülyalarla başlarını doldurmuşdular. Bu mifin darmadağın edilməsi onları ruhdan salıb.
Qarabağda yaşayan ermənilər öz günahları ucbatından həmin separatçıların əsirliyinə düşmüşdülər. Vaxtında ağıllı olub Azərbaycan Dövlətinə sadiqliklərini göstərməliydilər. Bunu etmədilər. Ona görə də bugünkü duruma görə təqsirin müəyyən bir hissəsi də elə onların üzərindədir. Qarabağda qalıb yaşamaq istəyən insanlarla dialoq aparılır. Ümidvaram, qalıb-yaşayan ermənilər bu situasiyadan sonra Azərbaycan Dövlətinin humanist mövqeyini təkcə sözdə deyil, əməldə də görəcəklər. Reinteqrasiya prosesi üçün də müvafiq portal hazırlanıb, Azərbaycanın tibb personalı, sosial xidmətlər göstərən müvafiq qurumları Xankəndidə fəaliyyət göstərir və daxili işlər orqanlarımız tərəfindən təhlükəsizlikləri təmin olunur. Yəni Azərbaycanın işğaldan azad olunan digər bölgələrində olduğu kimi, eyni bərpa prosesi Xankəndində də gedəcək.
– “Etnik təmizləmə” iddiası ilə Azərbaycanın beynəlxalq məhkəmələrə çəkilməsi ehtimalı varmı?
– Ermənilərin köçündən “etnik təmizləmə” iddiası hazırlayanlar iflasa uğradı. Fransa, onun əlaltıları olan bir neçə ölkə istisna olmaqla, heç bir ölkə Azərbaycana qarşı xüsusi bəyanat səsləndirmədi. Mən Avropa Parlamenti işçi qrupunun üzvüyəm. Bu parlamentə Avropa deyil, Fransanın əlinin altında olan “Frankafon parlamenti” adını daha çox yaraşdırıram. Məhz bu “Frankafon parlamenti bizə qarşı qərəzli bəyanatlar yaymaqdadır. O cümlədən yadınızdadırsa, bir neçə həftə öncə BMT-də Azərbaycanla bağlı heç bir nəticəsi olmayan boş müzakirələr aparıldı. Azərbaycanın belə bir müstəvidə məhkəməyə çıxarılması cəhdləri də boşa çıxacaq. Azərbaycanın diplomatik cəbhədə güclü dəstəkçiləri var. Biz nə qədər erməni təbliğat maşını ilə Fransa kimi ölkələrin əks-kampaniyası ilə üzləşsək də, regionun ən güclü dövlətləri olan Türkiyənin, Rusiyanın Ermənistanın havadarlarının oynadığı çirkin oyunlarla razı olmadığını da müşahidə edirik.
– Azərbaycan özü Ermənistanı vurduğu zərər görə məhkəməyə verib, təzminat tələbini nə dərəcədə sürətləndirib?
– Azərbaycan zərərə görə Ermənistana qarşı təzminatın tələb olunması iddiasını qaldırır. Hesab edirəm, Azərbaycan Xarici İşlər Nazirliyi bu istiqamətdə çox iş görüb. Ermənistanın Azərbaycana vurduğu zərərin miqdarı 100 milyardlarla ölçülür. Əminəm ki, təzminat istəniləcək. Ermənistan Azərbaycanda böyük dağıntılar törədib, şəhərləri, kəndləri viran qoyub, insanlar öldürülüb, əmlakları dağıdılıb. Avropada, Qərbdə insanın kiçik bir hüququ pozulanda onun mənəvi, maddi zərərinin ödənilməsi tələb olunur.
Sadə bir misal: mən özüm Xankəndi şəhərində doğulmuşam. Otuz il ərzində öz doğma şəhərimə gedə bilməmişəm. Bu mənəvi zərərin həcmi ölçüyəgəlməz dərəcədə böyükdür. Tək bu haqqın ödənilməsi işğal altında qalan bütün ərazilərimizdə yaşamış hər bir insanımıza aiddir. Təbii ki, 30 il müddətində Azərbaycan torpağına, insanına qarşı törədilən bütün zərərin qarşılığı verilməlidir.
– Azərbaycanda mühakimə olunan ermənilərin beynəlxalq müdafiəçiləri onları məsuliyyətdən qurtara bilər?
– Beynəlxalq Ədalət Məhkəməsində bəzi işlər gedir. Biz onları məhkəməyə vermişik, onlar da bizi. Düzdür, beynəlxalq məhkəmələrdən bir o qədər ədalət gözləmirik. Biz erməni cinayətkarları üçün Nürnberq tribunalı kimi bir məhkəmənin qurulmasını tələb edirdik, ancaq bunu etmədilər. İndi o məhkəmələri özümüz qururuq. Neçə separatçı başçısı tutulub, onlar mühakimədən yayına bilməyəcəklər. Onların bəziləri haqqında artıq həbs-qəti imkan tədbirləri seçilib. Qatı düşmənçilik mövqeyində olan Fransanın özündən belə onların mühakiməsinə qarşı etiraz edildiyini eşitmədik. Düzdür, sözdə “etnik təmizləmə” deyirlər, ancaq xunta rejimini müdafiə etməyə cürətləri çatmaz.
Həm də hansı ölkə ərazisində cinayət törədiblərsə, cinayətkarlar həmin ölkənin qanunları ilə də məsuliyyət daşıyırlar. Azərbaycanın Qarabağ üzərində beynəlxalq yurisdiksiyası var. Vardanyan, yaxud kim olur-olsun, bizim ərazilərdə törətdiyi cinayətlərə görə həbs olunublarsa, məsuliyyətə cəlb ediləcəklər. Buna görə heç kim bizə heç nə deyə bilməz.
– Qarabağda müşahidə olunan erməni köçü Ermənistandakı vəziyyəti hansı həddə qədər dəyişə bilər?
– Mən Ermənistan mediasını izləyirəm. İrəvan küçələrində Qarabağdan gedənlərə II sort adam kimi baxırlar. Sosial şəbəkədə yayılmışdı ki, İrəvanda Qarabağdan köçənlərin əşyaları oğurlanır. Qarabağdan köçən ermənilərə qarşı Ermənistanda bir ksenofob münasibət, ayrı-seçkilik var. Bu münasibət tarixən belə olub. Nə qədər paradoksal səslənsə də, onlar Qarabağda Azərbaycan mədəniyyətinin, yumşaq gücünün təsiri altında olduqları üçün dəyişiblər.
Digər tərəfdən, Qarabağdan köçüb-gedən daşnaq ideologiyası ilə başları yuyulmuş ünsürlər Ermənistanda vəziyyəti çalxalamağa cəhd edə bilər. Nikol Paşinyan özü həmişə deyirdi ki, Qarabağ klanı ən cinayətkar klandır. İndi o cinayətkar klanı Qarabağ ərazisindən Ermənistana yola saldıq. Hara gedəcəklərini, necə yaşayacaqlarını özləri bilər.
– Ermənilərə havadarlıq edənlər bundan sonra hansı təsir metodlarını işə salacaqlar?
– Heç nə edə bilməzlər. Yalnız BBC, CNN kimi nəşrlərdə qarayaxma kampaniyası aparacaqlar. Ancaq buna imkanları yetir. Azərbaycan Türkiyə ilə birlikdə yeni geosiyasi reallıq yaradıb. Fransanın nəsə edə biləcəyi nəzəri cəhətdən mümkün deyil. Avropa Parlamenti də bizə qarşı bir kağız parçası qəbul etmişdi. Çünki regionda nəsə etmək mümkün deyil. Ermənilərin “Guardian”da çap etdiyi məqalələrin də bizə heç bir təsiri olmayacaq. Haqq bizim tərəfdədir.
– Mövcud reallıqda Rusiyanın mövqeyi nədir?
– Ermənistan siyasətçiləri bu gün daha çox Rusiyanı ittiham edirlər. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik və digər əməkdaşlıq sənədləri var. Rusiya Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə qarşı heç bir bir arqument gətirə bilməz və gətirməsi də doğru olmaz. Düzdür, bölgədə rus sülhməramlıları var və sazişə əsasən 2025-ci ilə qədər qalmalıdırlar. Bunun bizim antiterror əməliyyatlarını keçirməyimizə heç bir maneçiliyi yox idi. Rusiya kütləvi informasiya vasitələrində də Azərbaycanın haqlı işi ilə bağlı xüsusi etiraz elementi görünmədi. Bəzən qatı ermənipərəstlər belə öz fikirlərini dəyişiblər. Ermənistanın apardığı siyasətin regionda balansı pozduğunu görürlər. Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması Rusiya üçün daha xeyirlidir, nəinki Qərbin əlində maşaya çevrilmiş Ermənistanla münasibətlərin məcrası. Rusiya özü belə bu lazımsız erməni ritorikasından bezib. Rusiyanın hakimiyyəti də “Erməniləri regiona köçürmüşük, Ermənistan qurmuşuq, bunların qayğısına qalmalıyıq”, – deyə 200 il ərzində onların asılılığında idilər. Ermənilər I Dünya müharibəsində Osmanlı İmperiyasını necə satdısa, indi də Rusiyanı satdı.
– Mövcud vəziyyətə əsasən Zəngəzura gedən yolumuz açılırmı?
– Zəngəzur yolu açılacaq. Paşinyanın bununla bağlı öhdəliyi var. Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında “Zəngəzur açılmalıdır”, – söylədi. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Ermənistanın Zəngəzur yolunun açılması ilə bağlı götürdüyü öhdəliyi xatırladıb. Ermənistan bunu etməsə, özünü təcrid edəcək və getdikcə ağır duruma düşəcəkdir. Dünya yollar, dəhlizlər, şəbəkələrlə bir-birinə açılır, inkişaf edir. Azərbaycan fəxr edir ki, şərq-qərb, şimal-cənub yollarının üzərində yerləşir. Ermənistan da dünyaya açılmalıdır. Onların yeganə inkişafı Azərbaycanla Türkiyə ilə dəhlizlərin açılmasından keçir. Bunu etməsələr, Ermənistanın rəzil imici davam edəcək.