Erkən nikahlar problemi

12:10 11.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Statistikaya görə, Azərbaycanda 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə qeydə alınıb

Bir neçə gün öncə Gürcüstanda 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısıoğluna nişanlanması barədə məlumatların yayılması erkən nikah problemini yenidən cəmiyyətin gündəminə gətirib. Düzdür, hadisənin baş verdiyi Soğanlı kəndində yaşayan ailə bu məlumatı təkzib edərək, israrla qızlarına “ad günü” keçirdiklərini bildirsələr də, sosial şəbəkələrdə yayılan görüntülər böyüklərin “xeyir-duası” ilə azyaşlıların nişanlandırıldığını təsdiqləyir.

Əslində, erkən nikah sosial problem kimi bütün dövrlərdə öz aktuallığını qoruyub. Araşdırmalar nəticəsində məlum olub ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, bir çox ölkələr, xüsusilə müsəlman dövlətlərində bu problem qabarıq şəkildə nəzərə çarpmaqdadır. Təbii ki, burada din faktorunun da mühüm rol oynadığını nəzərdən qaçırmaq olmaz. Hazırda ölkəmizdə yalnız müvafiq icra orqanlarında bağlanılan nikahlar qanuni sayılır. Onu da qeyd edək ki, bu gün bölgələrdə ölkə əhalisinin müəyyən qismi ailə qurarkən müxtəlif səbəblər ucbatından dini kəbinə üz tutur və bu da bir sıra hallarda erkən nikahlara yol açır. Məlum olduğu kimi, dövlət tərəfindən qeydiyyata alınan nikahdan fərqli olaraq, dini kəbin hüquqi akt sayılmır. Evlilik həyatında sonradan cütlüklər arasında hər hansı problem yaranarsa, yaxud münasibətlər pozularsa, həmin nikah heç bir qanuni əhəmiyyət daşımır. Belə hallarda övladlar üçün də qanuni məsələlərdə bir sıra problem yaşanır.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də erkən nikah hallarının baş verməsinin bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu təsdiqləyir. Qurumun yaydığı məlumata görə, ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub: “Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu  göstəricinin azalması müşahidə olunur. Belə ki, 2019-cu ildə nikahları qeydə alınmış 18 yaşadək gəlinlərin sayı azalaraq 366, bəylərin sayı isə 1 nəfər olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2019-cu ildə isə bu rəqəm azalaraq 2320 təşkil edib”.

Komitə həmçinin bəyan edib ki, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Qaydadan irəli gələn vəzifələrin icrası istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına Qərar barədə məlumat verilib, onların məskunlaşdığı dövlətlərdə pandemiya ilə əlaqədar tətbiq edilən karantin qaydalarına riayət etmək şərti ilə lazımi tədbirlərin görülməsinin təmin edilməsi üçün təlimat göndərilib.

Məlumat üçün xatırladaq ki, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq İcra Hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.

Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bu yerdə qeyd edək ki, erkən nikah, erkən nikaha məcbur etmə hallarına əsasən qızlar arasında rast gəlinir. Valideynlik hüquqlarının uşaqların mənafeyinə zidd həyata keçirilməsi yolverilməzdir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməməlidir. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Heç kəs razılığı olmadan məcburi nikaha daxil olmağa məcbur edilə bilməz. Hər hansı şəxsin öz iradəsinin əleyhinə nikaha daxil olmasına məcbur edilməsi qadağan edilir. Nikah yaşına çatmayan şəxsin evləndirilməsi isə qanunsuz və əsassızdır, eyni zamanda şəxs nikah yaşına çatsa belə, arzulamadığı, öz razılığı olmadan ailə qurulmasına məcbur etmə qanunla qadağan edilir. Konstitusiyamızın yuxarıda qeyd olunan normasına əsasən, Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb.

Məsələyə ilə bağlı hafta.az-la fikirlərini bölüşən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, onlara müraciət edən qadınlar arasında da erkən nikahdan zərərçəkmişlər var:

“İndi bizə gələnlərin bir neçəsi erkən nikahdan zərər çəkmişlərdir. Əlbəttə, bunlar erkən nikaha vadar edildikləri üçün müraciət etməyiblər. Bunlar proses keçmiş, xeyli müddət evlilik yaşamış, sonra tək qalmış qadınlardır. Yəni, ilkin mərhələ deyil, nəticə olaraq ən ağır formada zərər çəkmiş qadınlardır. Lap çıxılmaz vəziyyətə düşmüşlər. Sənədi, evi, iş-peşəsi olmayan, uşaqları məktəbə getməyən, sağlamlıqlarında problem olanlardır. Əslində, erkən nikaha girənləri statistikaya almaq çətindir, çünki rəsmi nikah deyil. Yalnız uşağın doğulma tarixinə baxanda görürsən ki, qızlar 15-16-17 yaşında uşaq dünyaya gətiribsə, deməli, erkən nikahdır. Bir neçə il əvvəl UNİSEF ölkədə 5 min erkən nikah qeydə almışdı. İndi də təxminən, o civarda qalır. Üç min 500, 4 min, 4 min 500 kimi rəqəmlərdir, amma real rəqəmləri biz bilmirik”.

Bizim prestijimiz, brendimiz tez ərə getməkdir, çünki mühit bizə ancaq bunu aşılayır

Onun sözlərinə görə, əksər hallarda bu nikahlarda iştirakçı valideynlərdir: “Bir də bizdə iqtisadi məsələlər var. Valideyndən icazəsiz ailə quranda bir çox maddi dəstəkdən məhrum oluruq. Az hallarda qızlar aqressiv şəkildə nikahdan imtina edir. Əksəriyyəti belə nikahla razılaşır. Əslində, Azərbaycanda qadınlar üçün imkanlar var; qanunvericilik imkanları da, digər imkanlar da. Siz təsəvvür edin, iş həyatı olan qadınlara psixoloji təzyiq, bəlkə evdə oturanlardan daha çoxdur. Bu psixoloji zorakılıq yeraltı sular kimidir. Görünmür, amma məhv edir. Kimsə kimisə öldürmür, amma sən hər yerdə aqressiyanı hiss edirsən. Belə mühitdə valideynlər şüuraltı instinkt kimi qızlarını tez ərə vermək, bununla adlarını üstlərindən götürmək istəyirlər. Maraqlı da budur ki, adları üstlərindən götürdükdən sonra övladları ilə maraqlanmır, dəstək olmurlar. Cinayəti törətməkdə - erkən yaşda ərə verməkdə iştirak edirlər, amma sonrakı taleyi ilə maraqlanmırlar. Bizim prestijimiz, brendimiz tez ərə getməkdir, çünki mühit bizə ancaq bunu aşılayır. Uşağın gələcəyini təhsil və peşədə görən ailələr azdır”.

Məsələyə münasibət bildirən psixoloq Vəfa Əkbər isə hesab edir ki, erkən nikahlar ailə institutunun dağılması deməkdir:

“Erkən ərə verilən qızlar öz şəxsi mövqelərini qoya bilmirlər, çünki dəyər sistemi formalaşmayıb, onlar daim idarə olunublar. İnanın ki, o cür evlənən cütləri 4-5 il sonra bir arada tək buraxsanız, onlar yaşaya bilməyəcəklər. Digər tərəfdən, məktəbli yaşında ailə həyatı quran qızlarda bir müddət sonra həm də psixoloji problemlər yaranır: “Qızlar yeniyetməliyini, gəncliyini yaşaya bilmirlər. 15-16 yaşda qızlar həyatı dərk etməyə, nəyisə öyrənməyə cəhd edirlər. Həyatı dərk etmədən ailə həyatı qurmaq qızların ”köləyə" çevrilməsi ilə nəticələnir. Digər tərəfdən, qız uşaqları erkən yaşda ana olurlar. Ailədəki problemlər, qayğılar, uşaq tərbiyəsi ilə bağlı çətinliklər onların psixologiyasına mənfi təsir göstər. Bəzən bu, ailənin dağılması ilə nəticələnir".