Ermənilərin əmlakı bizə gərək deyil - Fəzail Ağamalı

10:52 05.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Lokal antiterror tədbirlərindən sonra, Qarabağda yaşayan ermənilərin Ermənistana köçü başladı. Bu gün çox az sayda erməni suveren ərazilərimizdə qalıb. Gedənlərin bir çoxu isə geri qayıtmaq istədiyini bəyan edir. Azərbaycan Dövləti Qarabağın yerli erməni sakinlərinin həm burada qalmaq, həm də geri qayıtmaq hüququnu tanıyır və zəmanət verir. Təbii ki, bəlli şərtlər daxilində. Bəs proses necə olacaq? Cəmiyyətin, siyasilərimizin bu istiqamətdə gözləntiləri nədir? Bu istiqamətdə «Həftə içi»nə müsahibə verən millət vəkili Fəzail Ağamalı ilə söhbətimiz maraqlı alındı.

– Xankəndidə yaşayan erməni sakinlər onlara təklif olunduğu kimi, Azərbaycan vətəndaşlığını qəbul edib sülh şəraitində yaşamlarına davam etməkdənsə, köçməyi daha üstün tutdular. Mövcud vəziyyəti necə izah etmək olar?

– Ermənilər bütün dünyaya səpələnmiş  etnosdur. Onların tarixi vətənləri, dövlətçilik ənənələri olmadığına görə, hər zaman bu və ya digər dövlətlərin himayəsində yaşayıblar.   Həmin himayəçilər öz potensiallarını, güclərini itirdikləri anda, bir qayda olaraq, həmin ölkələrə arxa çeviriblər. Ermənilər həm Azərbaycanın müxtəlif ərazilərinə, həm Ermənistana Rusiya imperiyası tərəfindən köçürülüblər və məskunlaşdırılıblar. Rusiya özünün forpostu olan Ermənistanı strateji bir layihə kimi yaradıb ki, ondan Şərq və türk dünyasına qarşı bir plasdarm kimi istifadə etsin. Rusiyanın mövcud durumu ilə bağlı ermənilər Ermənistanı belə tərk edirlər. Azərbaycan ərazilərindən köçüb-getmələri isə indiki geosiyasi reallıqlar fonunda tamamilə təbiidir. Ermənilər bilirlər ki, cinayət törətdikləri və ya cinayətkar ocağı yaratdıqları bu yerlərdə gələcəkləri yoxdur. Son 30 il və ondan da əvvəl Qarabağda yaşayıb ağlı başında olan 100 erməni belə meydana çıxıb cinayətkar rejimin Azərbaycana qarşı törətmiş olduğu terrora, separatizmə “Dayan, dur” deməyib. Ya passiv mövqeləri, ya da rejimi müdafiə etməklə separatizm siyahısında yer alıblar. Onlar uzun illər boyu anti-Azərbaycan, antitürk ideologiyası ilə qidalanıb, zəhərləniblər. İndi qalib ölkədə yaşaya bilmədiklərinə görə gedirlər.

– Bu, gedənlərin yenidən qayıdışı üçün müvəqqəti “geri çəkilmə” taktikası ola bilərmi?

– Əvvəla, getməyənlər o adamlardır ki, yerləri yoxdur. Gələnlər də əsasən gəlib burada qalan mülkiyyətlərini satan, vidalaşan və gedib başqa yerdə özlərinə daha xoş  güzəran axtaranlar olacaq. Onların içərisində, ola bilsin, 5-10 nəfər qalmaq istəyən var.

Digər tərəfdən, qayıtsalar nə edəcəklər? Artıq bitdi. İki yüz ildən artıq dünya erməniliyini formalaşdıran güc mərkəzləri dünya erməniliyi ilə vidalaşırlar. Onun maskasını yırtan, nə olduğunu üzə çıxaran 44 günlük müharibə və ondan sonra keçən zaman kəsiyi oldu. Bəlli oldu ki, bu etnos dünyanın sivil, mədəni xalqı deyil, ən vəhşisidir. Orta əsrlər dövrünün insanları, qəbilələr kimi 30 il ərzində işğal etdikləri torpaqarımızı viran qoydular, xarabalığa çevirdilər. Bunların kim olduğu həmin o dağıdılmış ərazilərin tablosunda açıq-aydın ortadadır. Biz bunu dünyaya təqdim etdik. Erməninin “sivil, mədəni, qədim xristian xalqı” anlayışı özündə ehtiva edən görüntüləri puç oldu.  Gördülər ki, normal insan, sivil dövlət, xalq, bəşəri dəyərləri özündə ifadə edən istənilən etnos bu cür vəhşilik törədə bilməz. Onların meydanda olan az-çox müdafiəçiləri də zaman-zaman buxarlanıb yox olacaqlar.

İndiki halda onillərboyu Qarabağda yaşamış ermənilərin sayı o qədər də çox deyil – maksimum, 30-40 nəfər. Mənə elə gəlir, bu proses bir neçə aya tam aydınlaşacaq. Bəlli olacaq kim gedir, kim qalır.

Azərbaycanın bir sıra dövlət orqanları – Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, polis, DTX-nın nümayəndələri Xankəndidədirlə. Bunların ardınca orada Dövlət Əmlak Komitəsi özünün qurumunu yaradacaq.  Orada bütün əmlakların təsnifatı, sənədləşməsi aparılacaq. Əmlak kimin adınadırsa sənədləşəcək ki, sonradan onunla bağlı məhkəmə işləri açıb üzərimizə gəlməsinlər. Onların  əmlakları heç kimə lazım deyil. İstəsələr, hamısnı satıb gedəcəklər. Prezident səviyyəsində zərgər dəqiqliyi ilə işlənib-hazırlanmış yol xəritəsi problemi tamamilə sıfıra yaxınlaşdırıb. Yaxın vaxtlarda ermənilər haqqında keçmiş zamanda danışacağıq.

– Bundansonrakı mərhələdə erməni  müdafiəçilərinin hansı mövqe tutacağı maraqlıdır...

– Erməniəri müdafiə edənlər daha çox ABŞ, Fransa, Rusiyadır. Bu ölkələrdə erməni diasporaları güclüdür. ABŞ məsələyə daha təmkinli yanaşsa da, Fransa Makronun timsalında həyasızcasına üstümüzə gəlir. Makronun özünün genetik kodlarında ermənilik var. Ümid edək ki, növbəti seçkilərdə Fransada normal bir insan hakimiyyətə gələcək və o, Azərbaycana münasibətdə korrektələr edəcək, əlaqələri əvvəlki kimi qaydasına qoymağa çalışacaq. Bu münasibətlər axıra qədər belə gedə bilməz.  Cənab Prezidentin Zəngilanda çıxışı zamanı söylədiyi bir fikir var: “Dəmir Yumruq yerindədir. Bizim səbrimiz də var, gücümüz də var. Kimsə bizim səbrimizlə oynaya bilməz, oynayanlar cavabını alacaqdır”. Ölkə rəhbəri bununla hər kəsə öz mesajını verdi.

– Belə bir şəraitdə Rusiyanın Azərbaycan ərazilərindəki hərbi kontingentinin mövqeyini necə dəyərləndirmək olar?

– Rusiya obyektiv yanaşma yolunu seçib və ölkə Prezidentinin qətiyyətini birmənalı şəkidə dərk edib. Rusiya bilirdi ki, əgər başqa cür münasibət sərgiləsə, hətta Ermənistanın xoşuna gəlmək üçün Azərbaycana mane olmağa çalışsa, bu alınmayacaq. Azərbaycan çox dəqiq vuran silahlarla, ancaq nöqtə atışları edirdi. Rusiyanın da məqsədi mülki əhali ilə olan problemlərin aradan qaldırılmasını təmin etmək, insanlar arasında münasibətlərin gərginləşməsinin qarşısını almaq idi. Bu baxımdan neytral qaldılar. İndi Rusiyada Vardanyanı müdafiə etməyə başlayıblar. Ermənilərin hər hansı cəhdi heç bir məna daşımayacaq. Azərbaycanda cinayət törədənlərin hər biri qanun qarşısında cavab verəcək. Hətta sülh müqaviləsində belə bir maddə təsbit oluna bilər: Azərbaycanda cinayət törədən və bu gün Ermənistanda daldalanan cinayətkarlar Azərbaycana qaytarılsın.

– Belə bir ərəfədə ölkə daxilində radikal siyasətçilərin yanaşmalarında hansısa xarici təsirlərin izi görünürmü?

– Onlar var, amma heç kimdirlər. Nə siyasi çəkiləri var, nə də dediyi fikirlərin mənası. Sadəcə, ölkə Prezidentinin, dövlətin uğurlarına qarşı böyük qısqanclıq göstərir, avantürist mövqe tuturlar. Onlar öz davranışları ilə xarici qüvvələrə, ermənilərə xidmət edirlər.

– Mövcud reallığı təhlil etsək, insanlarımız Prezidentin  Xankəndidə edəcəyi çıxışı, “Xankəndi Azərbaycandır” nidasını səbirsizliklə gözləyir... Bu, nə vaxt olacaq?

– İnşAllah bu çıxış da yaxınlarda baş tutacaq. Tək Xankəndi deyil, eyni zamanda, Ağdərə də, Xocalı da, Xocavənd də “Azərbaycandır” deyiləcək. Bütün bunlardan sonra sonda deyəcək ki, artıq üfüqdə Zəngəzur görünür.