Ermənistan da TDT-a üzv ola bilər - Rəy

15:29 09.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Türk Dövlətlərinin Təşkilatının Qəbələdə keçirilən sammiti təşkilat daxilində siyasi əlaqələrin inkişafı istiqamətində yeni mərhələdir. Üzv ölkələr yeni siyasi-iqtisadi və təhlükəsizlik çağırışlarına birgə cavab verəcək yeni bir mexanizm qurmalı, Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid bir regionda yeni dünya siyasi nizamında birləşdirməlidirlər”.

Bunu Hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə TDT-nın 12-ci Zirvə görüşü ilə bağlı açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin üzv ölkələrin gələn il hərbi təlimlərinin keçirilməsi təklifi bu istiqamətdə atılan mühüm addımdır:

“Bu, növbəti mərhələdə yeni bir hərbi blokun qurulması istiqamətində mühüm addım ola bilər. Türk dövlətləri Asiyanı və Avropanı birləşdirən əsas nəqliyyat arteriyasına sahibdirlər. Yeni formalaşacaq siyasi nizamda birliyin təsiri qaçılmazdır. Şanxay Əməkdaşlıq Təşkilatı və Briksdən fərqli olaraq Türk Dövlətlərinin Təşkilati Qərbin ciddi siyasi dəstəyini alır”.

M.Əsədullazadə vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının inkişafı üçün ciddi islahatlar həyata keçirilməlidir. Onun sözlərinə görə, bu istiqamətdə humanitar və siyasi addımlar atılır. Hərbi və iqtisadi addımlarla təşkilat güclənəcək.

O, Qazaxıstan prezidentinin TDT+ təklifinə əsasən gələcəkdə yeni üzvlərin qəbul edilmə imkanından danışıb, eyni zamanda Rusiya və İranın bu prosesdən narahatlıq keçirmələrinə diqqət çəkib:

“Bu təşkilat məhz etnik qrup olaraq yaradılıb. Rusiya, Çin və İran əsrlər boyu və hazırda da anti-turk siyasətlərinə malikdir. Bu ölkələr birliyə daxil olarsa, birliyi parçalamaya çalışacaq. Növbəti mərhələdə Ermənistan da bu təşkilata üzv olmaq üçün müraciət edə bilər. Çünki Zəngəzur dəhlizi ilə bu ölkələrlə yeni körpü quracaq”.