Ermənistan öhdəliklərini yerinə yetirmir - Şair Ramaldanov

15:42 05.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

44 günlük müharibə Azərbaycan Ordusunun qələbəsi ilə bitsə də, üçtərəfli Bəyannamə imzalansa da, Ermənistan sazişdən irəli gələn öhdəlikləri yerinə yetirmir.

Bu fikirləri hafta.az-a hərbi ekspert Şair Ramaldanov deyib.

“Üçtərəfli sazişin 4-cü bəndində qanunsuz silahlıların Azərbaycandan çıxarılması ilə bağlı öhdəlik var. Bu ölkə öhdəliyi yerinə yetirməkdə maraqlı görünmür. Əksinə, məqsəd Azərbaycan daxilində separatçıları gücləndirmək, vəziyyəti gərgin saxlamaq, bununla da separatçıların çıxarılmasına, reinteqrasiya edilməsinə maneə yaratmaqdır.  “Qisas” və digər əməliyyatlar nəticəsində zərərsizləşdirilən qanunsuz silahlılar Ermənistan müdafiə nazirliyi tərəfindən maliyyələşir, silahlanır.  Ermənistanın Qarabağda silahlı qüvvələrinin olması və saylarının 10 minə çatması ilə bağlı yetərli sübutlar var. Terrorçular varsa, Azərbaycan üçün təhlükə mənbəyi qalır. Ordumuz hər an antiterror əməliyyatı ilə bağlı Ali Baş Komandanın əmrini gözləyir. Ordumuz inkişaf edir, gün-gündən güclənir və əmrə hazırdır”.

Ekspert bildirir ki, separatçıların, Ermənistanın maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşmür.  Yenə də erməni silahları Azərbaycan əsgərinə tuşlanıb. O, hesab edir ki, sülh danışıqlarında resurslar qurtararsa, Azərbaycan Ordusu qisas tapşırığını yerinə yetirəcək.

Siyasət rubrikasından digər xəbərlər