Ermənistanın Azərbaycana qarşı revanşist siyasəti 30 il Qarabağda “məskən” salmış qeyri-qanuni erməni silahlı birləşmələrinin birgünlük antiterror tədbiri ilə darmadağın edilməsi ilə başa çatdı. Münaqişə bitsə də, Azərbaycana qarşı xaricdən gələn təsirlərlə daxili sabitliyin pozulmasına yönəlik təhdidlərin ola biləcəyi istisna edilmir. Eyni zamanda, artıq Ermənistan hakimiyyəti Qarabağ həqiqətləri ilə bağlı etiraflar edir, Azərbaycanla müəyyən məsələlərdə razılığa gələ biləcəyi ilə bağlı mesajlar verir, birgə bəyanata imza atır.
Belə bir şəraitdə “İki dövlət arasında razılaşma sülh sazişinin imzalanması ehtimalını nə dərəcədə yüksəldir?” – sualı gündəmin müzakirəsindədir.
Eləcə də Ukraynada Rusiyanın üstünlük əldə etməsinin bölgəyə təsirləri izlənilir və Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin Qərb və Rusiya arasında qarşıdurma yaradacağı da istisna edilmir.
Deputat Elşad Mirbəşir “Həftə içi”nə bildirib ki, dekabr ayının 7-də Azərbaycanla Ermənistan arasında imzalanan birgə bəyanat qarşılıqlı etimadın yaradılması, gücləndirilməsi istəyi kimi hər iki tərəfdən ifadə olunub. Deputat birgə bəyanatı müsbət hal kimi dəyərləndirib və bunun ABŞ, Avropa Birliyi, Rusiya tərəfindən də qeyd olunduğunu vurğulayıb. Eyni zamanda, qeyd edib ki, keçmiş və ya faktiki münaqişə vəziyyətində olan tərəflər arasında dialoqun olması vacibdir. Bu, birincisi, münasibətlərin normallaşması, ikincisi, vasitəçilərin prosesə mənfi təsirinin qarşısının alınması baxımından əhəmiyyətlidir. Əksər hallarda münaqişə subyektləri arasında kommunikasiya kanalları mövcud olmur və belə olan halda, onlar vasitəçiyə müraciət etmək məcburiyyətində qalırlar. Münaqişə vəziyyətinin aradan qaldırılmasına cəlb edilən vasitəçilər isə əksər hallarda daha çox münaqişənin tənzimlənməməsi istiqamətində fəaliyyət göstərirlər. Vasitəçilərin münaqişə vəziyyəti, yaxud münaqişənin baş verdiyi regionla bağlı maraqları olur. Münaqişə vəziyyətinin qalması maraqlarına cavab verdiyi üçün münaqişəni idarə edərək saxlamağa çalışırlar:
“ATƏT-in Minsk qrupunun fəaliyyətini buna misal göstərmək olar. Uzun illər Minsk qrupu münaqişənin idarə olunması ilə məşğul idi. Yəni, münaqişə vəziyyətinin aradan qalxması istiqamətində heç bir fəaliyyət göstərmirdilər. Bu da təbii ki, Ermənistanın maraqlarına cavab verirdi. Müəyyən zaman keçdikdən sonra, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarının anneksiyasını həyata keçirə biləcəkdi. Fransanın bu istiqamətdə canfəşanlığını müşahidə edirdik. Bu baxımdan birgə bəyanatın ictimailəşdirilməsi əhəmiyyətlidir”.
E.Mirbəşir birgə bəyanatı, eyni zamanda, Azərbaycanın Ermənistanı sülhə məcburetmə strategiyasının nəticəsi kimi dəyərləndirib:
“Ermənistan 2020-ci ildən ötən zaman kəsiyində hər vasitə ilə Azərbycanla sülh sazişi imzalamaqdan yayınırdı. Bu gün də sülh müqaviləsinin tez bir zamanda imzalanacağı haqqında nəsə demək tezdir. Ermənistan yenə də hansısa məsələlər üzərindən qərəzli mövqelərin formalaşdırılması istiqamətində cəhdlər etməkdədir. Məsələn, 2023-cü il 19-20 sentyabr tarixlərinə qədər Ermənistan Azərbaycan ərazilərində yaşayan ermənilər üzərindən gərginliyi saxlamaqda, sülh müqaviləsini imzalamaqdan yayınmaqda idi. Ermənistanı dəstəkləyən dairələr - ABŞ, Fransa Azərbaycan ərazisindəki ermənilərin üzərindən siyasi spekulyasiyalarla məşğul idilər. Azərbaycan 19-20 sentyabr lokal antiterror tədbirləri ilə Ermənistanın son manevr imkanını əlindən çıxarmış oldu. Ermənistan rəhbərliyi və separatçılar yenə də ermənilərin Azərbaycan ərazilərini tərk etmələrini şərtləndirdilər. Burada da məkrli məqsəd göz önündə idi. Bu da ondan ibarət idi ki, Azərbaycanı ermənilərə qarşı etnik təmizləmədə ittiham etsinlər. Həqiqətən də sonradan gördük ki, Paşinyan və onun komanda üzvləri, guya “Azərbaycan öz ərazilərində yaşayan azsaylı ermənilərə qarşı etnik təmizləmə həyata keçirib”, - deyə ölkəmizə qarşı absurd ittihamlar irəli sürməyə başladılar və bu ittihamları bu gün də davam edir. Proseslərin inkişafı isə Azərbaycanın nəzarəti altındadır”.
E.Mirbəşir Ermənistanın məkrli iddialarından əl çəkmədiyini xatırladıb. O, məhz birgə bəyanatın verildiyi gün Ermənistan Parlamentinin spikeri Alen Simonyanın yenə də Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməyə davam etdirdiyini xatırladıb:
“Simonyan bildirmişdi ki, Azərbaycan tərəfi süni əngəllərlə qarşısını almasa, 10 günə, hətta 5 günə sülh sazişi imzalana bilər. Bu, təbii ki, Ermənistan tərəfindən əsassız ittihamların davam etdirildiyinin göstəricisidir. Bölgədə münaqişəni Ermənistan yaradıb və bu günə qədər də sülhün qarşısını alıb. Azərbaycanın iradəsi ilə sülh gündəliyi başladılıb və irəli aparılmaqdadır. Simonyandan əvvəl Emənistanın baş naziri Paşinyan Avropa platformalarında Azərbaycanı Ermənistana qarşı soyqırımında ittiham edirdi. Bütün bu ittihamlar fonunda formalaşan təəssürat ondan ibarətdir ki, Ermənistan öz xoşu ilə yaxın zamanlarda sülh sazişinə imza atmayacaq. Amma yenə də Azərbaycanın iradəsi, güclü mövqeləri Ermənistana başqa yol qoymayaraq, onu münasibətlərin normallaşmasında addımlar atmağa məcbur edəcəkdir”.
E.Mirbəşir hesab edir ki, ermənilər hansı hiylələrə əl atsa da, Azərbaycan Ermənistanı sülh müqaviləsinə imza atmağa məcbur edəcək. Onun sözlərinə görə, artıq Ermənistanın manevr imkanları mövcud deyil:
“7 dekabr birgə bəyanatını, həm də Azərbaycanın sözügedən strategiyasının nəticəsi kimi qiymətləndirmək mümkündür”.
Siyasi ekspert Vüqar Dadaşov “Həftə içi”nə bildirib ki, Azərbaycanla Ermənistan arasında vasitəçisiz əlaqələrin, birbaşa kontaktın yaradılması tərəflər arasında sülh müqaviləsi mahiyyətli razılaşmanın əldə edilməsi üçün olduqca vacib şərtdir. Ekspert qeyd edir ki, vasitəçi qismində iştirak edən tərəfin öz maraqları olduğuna görə, Ermənistanla Azərbaycan arasında razılaşmanın əldə edilməsi gecikir. Tərəflər arasında vasitəçisiz görüşlərin təşkili etimad mühitinin yaradılması və perspektivdə sülhmahiyyətli razılaşmanın imzalanmasına gətirə bilər.
V.Dadaşov hesab edir ki, tərəflər arasında yekun sülh müqaviləsi - sərhədlər, ərazi sahəsinin konktet göstərilməsi kimi əsas bəndlər deyil, çərçivə razılaşmanın əldə olunacağı ehtimalı var.
Ekspert bildirir ki, Ermənistan-Azərbaycan arasında sülhün yaranması məhz Qərb–Rusiya qarşıdurması, yarışması fonunda mümkünsüz hala gəlib.
“Mübahisəsiz bəllidir ki, Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi, bütünlüklə Cənubi Qafqazda sülhün əldə edilməsi, ümumən Qərb - Rusiya qarşıdurması, yarışması fonunda mümkünsüz hala gəlib. Əlbəttə ki, vasitəçilər - Qərb və Rusiya müəyyən mənada Ermənistanla Azərbaycan arasında konfliktin, gərginliyin davamında maraqlıdır. Hər iki tərəf, ancaq bu halda Cənubi Qafqazda maraqlarını təmin edə bilər.
Ekspert onu da qeyd edir ki, indiki Ermənistan Paşinyan hakimiyyəti ilə Qərbə meyl olsa da, sonda Ermənistanın Rusiya orbitindən çıxması mümkün olmayacaq. Onun qənaətinə görə, Rusiyasız Ermənistan Azərbaycan arasında əldə edilmiş sülhün dayanıqlı olması da mümkünsüzdür: “Gözlənildiyi kimi, Qərb Ukraynanı yarıda buraxdığı üçün, Rusiyanın mövqeyi getdikcə güclənir. Onsuz da Rusiyanın daxili potensialını nəzərə alsaq, onu hərbi müstəvidə məğlub etmək çətin idi”.
V.Dadaşov bütün hallarda hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı mümkün razılaşmanın əldə edilməsi Azərbaycanın güclü hərbi-siyasi tələbi ilə əlaqəli olduğundan, vasitəçi tərəflərin vasitəçi mövqeyi zəifləyir.