Ekstremist İdeologiyaya Qarşı Qlobal Mərkəz (Etidal) və Telegram platforması builki Həcc mövsümündə iki milyondan çox ekstremist məzmunu silə bilib.
Hafta.az-ın yazdığına görə, tərəflər 2024-cü ilin ikinci rübündə 3 terror təşkilatının, yəni İŞİD, “Heyətü Təhrir əş-Şam” və “Əl-Qaidə”nin təbliğat fəaliyyətində ötən ilin eyni dövrü ilə müqayisədə 12,82 faiz artım müşahidə ediblər. Ekstremist təbliğat fəaliyyətinin ən gərgin dövrü Həcc mövsümünün başlanmasına təsadüf edən iyunun 17-si olub.
Birgə qruplar terror təşkilatlarının ekstremist məzmununun monitorinqi və onların təbliğat fəaliyyətləri ilə mübarizə, 14 milyon 857 min 909 ekstremist məzmunun silinməsi və İŞİD-ə bağlı 305 kanalın bağlanması istiqamətində səylərini davam etdirib. Bundan əlavə, “Heyətü Təhrir əş-Şam”ın 3 milyon 521 min 969 ekstremist məzmunu silinərək 281 kanal bağlanıb, “Əl-Qaidə”nin ekstremist mesajların yayımlanması üçün istifadə etdiyi 231354 ekstremist məzmun silinib və 74 kanal bağlanıb.