Ətraf mühitin mühafizə xərcləri artırılır

18:59 30.11.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, ətraf mühitin və ekoloji tarazlığın qorunması Azərbaycanda dövlət siyasətinin prioritet məsələlərindəndir. Bu istiqamətdə büdcədə nəzərdə tutulan vəsaitlərin ilbəil artırılması bunu bir daha təsdiqləyir. Qeyd edək ki, gələn il ətraf mühitin mühafizə xərclərinin iki dəfədən çox artırılması nəzərdə tutulur.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir: “İştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Əgər 2018-ci ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi tədbirlərinə 178,3 milyon manat (dövlət büdcəsində xüsusi çəkisi 0,77faiz) manat vəsait ayrılmışdısa, 2024-cü ildə bu rəqəm 376,9 milyon manat (2,1 dəfə çox və dövlət büdcəsində xüsusi çəkisi 0,95 faiz) təşkil edir”.

Ümumiyyətlə, 2025-ci ilin dövlət büdcəsində Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun gəlirləri və xərcləri bərabər olmaqla 8 milyon manat həcmində proqnozlaşdırılıb. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin zərfi”ndə qeyd edilib ki, həmin vəsait, əsasən, təbiətdən istifadəyə görə ödəmələr, ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələr, müsadirə olunan ovçuluq alətlərinin satışından daxilolmalar hesabına formalaşacaq. Fondun vəsaitinin ekoloji maarifləndirmə və təhsilə, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına, həmin sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsi nəzərdə tutulur. Meşələrin qorunub-saxlanması və təkrar istehsalı fondunun gəlirləri və xərcləri bərabər olmaqla 18,8 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb ki, bu da 2024-cü illə müqayisədə 10 milyon manat və ya 2,1 dəfə çoxdur.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının gəlirləri və xərcləri bərabər olmaqla 2,2 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb ki, bu da 2024-cü illə müqayisədə bir milyon manat və ya 1,8 dəfə çoxdur.

İqlim dəyişikliyi ilə bağlı büdcə islahatlarına başlanılıb

Gələn ilin büdcə sənədindəki yeniliklərdən biri iqlim dəyikiliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi istiqamətində büdcə islahatlarına başlanılmasıdır. Belə ki, Azərbaycan hökuməti tərəfindən “yaşıl büdcə” konsepsiyası çərçivəsində məqsədli islahatlar həyata keçirilir və bu istiqamətdə əhəmiyyətli maliyyə resursları ayrılır. Maliyyə naziri Samir Şərifovun Milli Məclisdə verdiyi məlumata görə, 2025-ci ildə bu məqsədlər üçün 1,3 milyard manat vəsait ayrılması planlaşdırılır.

Bu vəsaitin əsas istiqamətlərinə gəlincə, 1 milyard manat  iqlim dəyişikliklərinə uyğunlaşma (adaptasiya) və qarşısının alınması (mitiqasiya) tədbirlərinə yönəldiləcək, 300 milyon manat isə ətraf mühitin mühafizəsi tədbirlərinə sərf olunacaq.

Azərbaycan hökuməti həmçinin 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivəsində “yaşıl büdcə” elementlərini daha da genişləndirməyi planlaşdırır. Bu, təkcə ekoloji problemlərin həllini deyil, həm də kənd təsərrüfatı sektorunun dayanıqlığını artırmağı hədəfləyir.

“Yaşıl büdcə”nin əhəmiyyəti

Qeyd edək ki, son illərdə dünyada ətraf mühit və iqlim məqsədlərinə nail olmaq üçün büdcə siyasətində mühüm yer tutan vasitələrdən istifadəni özündə ehtiva edən “yaşıl büdcə” çərçivəsinin tətbiqi geniş vüsət alıb. Avropa, Asiya, Afrika və digər regionlarda yerləşən bir sıra ölkələrdə iqlim dəyişikliyi ilə bağlı maliyyələşmənin büdcə proseslərinə inteqrasiyası, monitorinq, qiymətləndirmə və hesabatlılıq sisteminin qurulması və “yaşıl büdcə”nin tətbiqi istiqamətində mühüm addımlar atılıb.

İqlim və ətraf mühit məqsədlərinin dövlət maliyyə idarə olunması proseslərinə uyğunlaşdırılmasında ölkələrə dəstək göstərmək üçün büdcə alətlərinin hazırlanması məqsədilə 2017-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Yaşıl büdcə” üzrə Paris Əməkdaşlıq Birliyi yaradılıb. Bununla yanaşı, son illərdə BMT-nin İnkişaf Proqramı kimi bir sıra beynəlxalq təşkilatlar tərəfindən də müəyyən metodoloji təlimatlar və tövsiyələr hazırlanıb. Lakin hazırda dünyada büdcə siyasətinin iqlim dəyişikliyinə təsirlərinin və ya büdcənin nə qədər “yaşıl” olduğunun qiymətləndirməsində vahid bir metodologiya, standart və ya qayda mövcud deyil.

Azərbaycan da digər ölkələr kimi, iqlim dəyişikliyinin neqativ təsirlərinə məruz qalıb. Respublikada iqlim dəyişikliyinin mənfi təsirləri özünü daha çox havanın orta illik temperaturunun artması, daşqınlar, sellər, quraqlıq və s. kimi təbiət hadisələrinin sayının artması ilə göstərib. Azərbaycanda iqlim dəyişikliyinə ən həssas sahələr kənd təsərrüfatı, su, səhiyyə, enerji, meşə, turizm sektorları hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədində təmiz ətraf mühit və “yaşıl artım” 5 əsas prioritetdən biri olaraq müəyyənləşdirilib və bu prioritet daxilində yüksəkkeyfiyyətli ekoloji mühitin, eləcə də yaşıl enerji məkanının gerçəkləşdirilməsi nəzərdə tutulub. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

“Yaşıl büdcə” dövlətin vəsaitlərini dayanıqlı inkişaf məqsədlərinə, iqlim dəyişikliyi ilə mübarizəyə və ətraf mühitin qorunmasına uyğun şəkildə planlaşdırması və idarə etməsidir. Bu konsepsiya iqtisadiyyatın karbonsuzlaşdırılması, təbii resursların səmərəli istifadəsi və sosial rifahın artırılması üçün mühüm vasitədir. “Yaşıl büdcə” istixana qazı emissiyalarının azaldılması üçün dövlət siyasətlərini maliyyə baxımından dəstəkləyir, təmiz su, torpaq və havanın keyfiyyətinin qorunması ilə ekoloji tarazlığın təmin olunmasına kömək edir, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirir və enerji effektivliyini artırır. Dayanıqlı və ekoloji təmiz iqtisadi fəaliyyətləri dəstəkləyərək iş yerləri yaradır, tullantıların təkrar emalı və təmiz texnologiyalar vasitəsilə xərclərin azaldılmasını təmin edir. Havanın və suyun çirklənməsinin azaldılması ilə insanların sağlamlığını yaxşılaşdırır, yaşıllıqların artırılması və ekoloji təmiz şəhərsalma sosial rifahı yüksəldir. Eyni zamanda, Paris Sazişi və digər qlobal iqlim və ekoloji razılaşmalara uyğun siyasətlərin həyata keçirilməsini təmin edir, beynəlxalq maliyyə qurumlarından dəstək almaq və yaşıl investisiyaları cəlb etmək üçün imkan yaradır.

“Yaşıl büdcə” yalnız ekoloji problemləri həll etmək üçün deyil, həm də uzunmüddətli iqtisadi və sosial inkişaf üçün mühüm bir strategiyadır. Azərbaycan üçün yaşıl büdcənin tətbiqi, milli iqtisadiyyatın karbonsuzlaşdırılması və Qarabağ kimi bölgələrdə “yaşıl enerji zonası” təşəbbüslərinin reallaşdırılması üçün strateji əhəmiyyət daşıyır.

“Yaşıl xərcləmə” meyarından istifadə olunması tövsiyyə edilir

Azərbaycanda “Yaşıl xərcləmə” meyarından istifadə olunması büdcə xərcləmələrinin səmərəliliyinin qiymətləndirilməsi baxımından vacib amil olacaq. Bu təşəbbüslə çıxış edən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, proqnozlaşdırmada daha yeni metodlardan istifadə edilməsinə ehtiyac var: “Gələn ilin dövlət büdcəsində həm “yaşıl iqtisadiyyat”a, həm də ətraf mühitə ayrılacaq vəsait ayrıca qiymətləndirilib və öz əksini tapıb. Bütün bunlarla yanaşı, təklif edərdim ki, “yaşıl xərcləmə” meyarından da istifadə olunsun. Bu, risklərin daha konkret və ölçüləbilən olması üçün mühüm əhəmiyyət kəsb edir”.