Evdə ev heyvanlarına qulluq əslində bir növ uşaq baxımı kimi düşünülə bilər. Çünki ailələr uşaqlarının qayğısına qaldığı kimi eynilə, yemək-içmək, tualet ehtiyacları üçün heyvanlarına baxmalıdırlar. Ev heyvanları da uşaqlar kimi xüsusi diqqət tələb edir. Müntəzəm olaraq peyvənd etdirmək, çəki nəzarətini saxlamaq evcil dostlarına qulluq edənlərin yerinə yetirməli olduğu öhdəliklərdir.
Ev heyvanları ilə oyun oynamaqla özünüz və onlar üçün keyfiyyətli vaxt yarada bilərsiniz. Arabir dəcəllikləri ilə sizi dəli edən, lakin sonda göz bəbəyinizə çevrilən heyvanlarınızın rahatlığı da son dərəcə əhəmiyyətlidir. Bu “dilsiz-ağızsız” canlılara qulluq etmək tək yemək və su verməklə kifayətlənmir. Əgər balaca dostlarınızın sağlamlığının qeydinə qalmaq istəyirsinizsə onda mütləq mütəxəssis rəylərini nəzərə alın.
Hafta.az-ın əməkdaşı, evcil heyvanlara qulluq və onların sağlamlığı ilə bağlı baytar Adil Əsgərovla həmsöhbət oldu. Müsahibəni sizlərə təqdim edirik:
-İndi insanların ən çox üstünlük verdiyi evcil heyvanlar itlər və pişiklərdir. Mütəxəssis olaraq sizcə, itləri və pişikləri hansı intervalla veterinerə aparmaq lazımdır?
-İt və pişiklərin cinsindən, qapalı və açıq ərazidə saxlanmasından, xarici mühit amillərindən, xidməti və ya ailə heyvanı olmasından və s. səbəblərdən asılı heyvanı baytar həkim müayinəsinə aparma intervalı dəyişkənlik göstərə bilir. Lakin nəzərə alsaq ki, itlər və pişiklər mütəmadi olaraq (3-4 aydan bir) daxili parazitlərdən (endoparazitlər) qorunmaq üçün, profilaktik və ya müalicə məqsədi ilə preparatlar verilməlidir, bu halda müayinə intervalını maksimum olaraq 4 aydan bir təşkil etməkdə fayda var. Bundan əlavə yarana biləcək həyatı təhlükə daşıyan bir sıra xəstəliklərin erkən diaqnozunun qoyulması üçün ildə bir dəfə olmaqla "Check-Up" müayinələrinin aparılması xüsusi önəm kəsb edir.
- Heyvan sahibləri daha çox hansı şikayətlər, yaxud xəstəliklərlə bağlı öz heyvanlarını sizlərin yanına müalicəyə gətirir? Belə xəstəlikləri hansı əlamətlərlə müəyyən etmək olar?
-Ev heyvanları ilə bağlı, heyvan sahibinin rahatlıqla sezə biləcəyi bir sıra əlamətlər vardır ki, müraciətlərində böyük qismi məhz elə bu əlamətlərlə bağlı olur. Həmin əlamətlərə qusma, ishal, iştahsızlıq və ya yemdən imtina, halsızlıq, normadan artıq qaşınma, asqırma, öskürmə, burun və göz nahiyələrində qeyri normal axıntı və ya çirklənmə və s. daxildir. Daha çox rast gəldiyimiz xəstəliklərə misal olaraq isə qurd xəstəliklərini, xususilə peyvənd olunmayan heyvanlarda virus mənşəli infeksion xəstəlikləri, əsasən keyfiyyətsiz və düzgün olmayan yemləməyə bağlı olaraq həzm sistemi xəstəlikləri, dəri xəstəlikləri və s. misal göstərmək olar.
-İtlər arasında ən çox rast gəlinən xəstəlik hansıdır? Bunun insanlara - uşaqlara keçmə ehtimalı varmı?
-İtlər arasında geniş yayılmış və fəaliyyətimizlə bağlı sıx qarşılaşdığımız bir sıra xəstəliklər var. Bunlara misal olaraq dəri xəstəliklərini ( müxtəlif etiologiyalı alopesiyalar, dermotidlər və s.), qida allergiyalarını (allergik dermotid, allergik konyunktivit, və s.), virus mənşəli xəstəliklər (taun, parvovirus və s.), qurd invaziyalarını (trematodozlər, sestodozlar, nematodozlar və s.) misal göstərmək olar.
Bir sıra xəstəliklər vardır ki, itlərdən insanlara və yaxud əksinə insanlardan itlərə (zoonoz xəstəliklər) keçə bilər. Bunlara bakterial, virus, parazitar və göbələk mənşəli xəstəlikləri misal göstərmək olar, lakin itinizin profilaktik tədbirlərini vaxtında və düzgün qaydada icra etdikdə bu riski minimuma endirmiş olursunuz.
-Marketlərdə satılan heyvan yemlərinin keyfiyyəti sizi qane edirmi?
-Marketlərdə satılan it və pişik yemləri keyfiyyətcə ən aşağı sinif yem qruplarına daxildir. Bu yemlərin, müəyyən insanlar tərəfindən alınaraq küçədə yaşayan sahibsiz heyvanlara verilməsi başqa düşüləndir, lakin həmin yemlərin sahibli və ya selektiv cins heyvanlara verilməsi birmənalı olaraq məsləhət görülmür. Heyvan sahiblərinin daha üst sinif, balanslaşdırılmış yem tərkibinə sahib olan məhsullardan istifadə etmələri, birbaşa heyvanlarının sağlamlığında mühüm əhəmiyyət kəsb edir. Belə məhsulları isə baytarlıq apteklərindən və yem satışı həyata keçirən zoomağazalardan əldə etmək mümkündür.
Söhbət heyvan yeməklərindən düşmüşkən bir məqamı da diqqətinizə çatdıraq ki, hazırda marketlərdə ən çox alınan heyvan yemlərinin qiyməti çəkiyə və istehsalçı şirkətlərə görə dəyişir. Ancaq ümumilikdə qiymətlər heç də ucuz deyil. Hazırda 2 kiloqramlıq it yemləri 11-12, eyni çəkili pişik yemləri isə 9-12 manatadır. Kiçik ölçülü heyvan yemlərinin qiyməti isə əsasən 45-60 qəpikdən başlayaraq dəyişir. 10 kiloqramlıq kisələrdə olan heyvan qidaları 45 manatadır.