FHN Neft Emalı Zavodunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib

14:42 03.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

FHN-in mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, tədbirdə istehsalat müəssisələrində yanğın təhlükəsizliyinə dair tələblər və bu tələblərin təmin olunmasının vacibliyi barədə məlumat verilib, yanğın zamanı zəruri davranış qaydalarından danışılıb, FHN-in 112 - qaynar telefon xəttinin təyinatından söz açılıb. Həmçinin həmin obyektdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Maarifləndirmə tədbirində ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularına aid edilən hovuzların, kəmərlərin, çənlərin və hidrantların daimi olaraq saz vəziyyətdə olmasının vacibliyi qeyd edilib. Eləcə də ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.