Forum eyni zamanda iştirakçıların sayına və tərkibinə görə də əhəmiyyətlidir - Rəy

19:31 16.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezidentin Bakı Qlobal Forumundan dünyaya verdiyi əsas mesaj ölkəmizin sülh çağırışları ilə bağlıdır. Azərbaycan bu platformadan istifadə edərək ölkəmizə qarşı yönələn qərəzli böhtanlara, qarayaxmalara cavab verdi.

Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli XI Qlobal Bakı Forumu, Azərbaycan Prezidentinin Forumda çıxışı və verdiyi mühüm mesajlarla bağlı açıqlamasında bildirib.

M.Məmmədli Bakı Qlobal Forumunun kifayət qədər əhəmiyyətli və vacib olduğunu qeyd edib.

“Forumda dünyada sülh, təhlükəsizlik problemləri, qida, ətraf mühitin təhlükəsziliyi və digər çoxsaylı problemlər müzakirə olunur. Hansı ki, qlobal xarakter daşıyır. Belə problemlərin müzakirəsi, fikir mübadiləsinin aparılması, həlli yollarının göstərilməsi Forumun əhəmiyyətini xeyli artırır. Forum eyni zamanda iştirakçıların sayına və tərkibinə görə də əhəmiyyətlidir. Burada 70-dən artıq dövlətin 350-dən artıq nümayəndəsi iştirak edir”.

Ekspert Qlobal Bakı Forumunda ölkəmizin problemlərlə bağlı mövqeyini bildirməklə yanaşı, ölkəmizin üzləşdiyi problemlərin dilə gətirildiyini xüsusilə qeyd edib.

“Prezident bu Forumda bir çox məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesi ilə bağlı fikirlərini bildirdi. Bir daha bəyan etdi ki, Azərbaycan bölgədə qısa müddətdə əldə oluan sülhün davam etməsində maraqlıdır. Bir daha ölkəni qarışdırmaqda maraqlı olan güclərə xatırlatdı ki, Azərbaycan istər II Qarabağ, istərsə də ötən il sentyabr ayında ordusunun keçirdiyi antiteror tədbirindən sonra bölgədə tamamilə yeni geosiyasi reallıqlar yaradıb. Bu münaqişə başa çatıb. Azərbaycan öz torpaqlarında olan separatizmin kökünü kəsib. Və bir daha baş qaldırmasına imkan verməyəcək”.