Fransa Ermənistandakı revanşistləri həvəsləndirir – Elman Nəsirov

16:35 09.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Regionun geosiyasi mənzərəsi Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən qovulması ilə yeniləndi. Yeni reallıqla barışmaq istəməyən xarici qüvvələr isə var gücü ilə vəziyyəti öz maraqlarına uyğun dəyişmək üçün çapalayır.  Avropa Parlamenti Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırır, ölkəmizə qarşı yanlış hesabatlar təqdim edir. “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Elman Nəsirov mühüm məqamlara diqqət çəkib.

– Postmünaqişə problemlərinin daha çox beynəlxalq müstəvidə müzakirəyə çıxarılması müşahidə olunur...

–     Qarabağ problemi həllini tapıb. İndi bizim üçün əhəmiyyətli olan məsələ Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması, iki dövlət, xalq arasında etimad mühitinin yaradılması və bunun məntiqi nəticəsi olaraq sülh müqaviləsinin imzalanmasıdır. Bununla bağlı Azərbaycan dövləti müvafiq, əhəmiyyətli addımlar atıb. Biz, ilk növbədə, sülh müqaviləsinin imzalanması üçün hazırlanacaq sənədin 5 baza prinsipini müəyyən etmişik. Eyni zamanda, həmin sülh müqaviləsinin mətnini Ermənistana təqdim etmişik.  Bu prosesin təşəbbüskarı bizik və regionda uzunmüddətli, dayanıqlı sülhün formalaşmasında maraqlıyıq.

Eyni zamanda, fevralın 14-də Prezident İlham Əliyev parlamentdə andiçmə mərasimində qeyd etdi ki, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması ilə bağlı yerindən duran özünün vasitəçilik missiyasını təklif edir. Prezident onlara xitabən söylədi ki, gedin işinizlə məşğul olun, özünüzün xeyli problemləriniz var. İmkan verin, biz ikitərəfli  formatda həllini gözləyən məsələləri tənzimləyək. Cənab Prezidentin bu mesajı həm Ermənistana, həm də vasitəçilik iddiasında olan  dövlətlərə ünvanlanmışdı. Bu mesaj qəbul edildi. Münhen  Təhlükəsizlik Şurası Konfransı çərçivəsində Azərbaycan–Ermənistan liderlərinin görüşü Almaniya kansleri Şoltsın vasitəçiliyi ilə deyil, təşkilatçılığı ilə  keçirildi. İkitərəfli şəkildə razılaşma əldə edildi ki, xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin, eyni zamanda, sərhədlərin müəyyən edilməsi ilə bağlı müvafiq komissiyaların təmasları yenidən bərpa olunsun. Təəssüflə qeyd edirik ki, Ermənistan baş naziri beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. O, bir tərəfdən sülhdən danışır, daha sonra dərhal Parisə gedir, Emmanuel Makronla görüşəndən sonra Azərbaycan  əleyhinə iddialar səsləndirir. Bunun ardınca xarici işlər nazirlərinin görüşündən bir gün əvvəl Yunanıstana yola düşür, orada həmkarı ilə görüşür və bu kontekstdə də  Münhen danışıqlarının ruhuna uyğun gəlməyən mövqe ortaya qoyur. Belə vəziyyətdə biz hadisələrin 3 mövcud ssenarisini nəzərdən keçirə bilirik. Birincisi, optimal variantdır. Paşinyan fərqində olur ki, konfrantasiya mühiti Ermənistan üçün fəlakətdir, onun Azərbaycanla sülh müqaviləsi imzalanmadan düşdüyü blokadadan çıxması mümkün deyil. Belə olan halda, yaxın müddətdə gözlənilən sülh müqaviləsi imzalanır. Bu, nikbin proqnozdur. İkincisi, xarici himayədarlarına arxalanaraq vaxt qazanmaq siyasəti yürüdür və müddətsiz danışıqlar taktikasını seçir, necə ki, sələfləri Sarkisyan, Köçəryan da eyni yolu seçmişdilər. Bu isə o zaman olduğu kimi, növbəti hərbi insidentləri  labüdləşdirə bilər. Nəhayət, üçüncüsü, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını necə dondurduğunu bəyan edibsə, Azərbaycanla da danışıqları dondurur və heç bir təmasın olmadığı reallığında hərbi təxribat və insidentlər intensivləşməyə başlayır. Bu isə özlüyündə yeni müharibəni labüd edə bilər. 

– Avropa, Qərb təsisatlarının ölkəmizə qarşı müxtəlif səpkili qərəzli çıxışları, saxta erməni iddiaları artmaqdadır. Bu gün Azərbaycanı Avropanın hədəfinə çevirən məsələ nədir?

– Azərbaycana qarşı qərəzli olan Qərb ölkələri deyəndə, söhbət ilk növbədə, Fransa və ABŞ-dan gedir. Bu gün kollektiv Qərb Rusiya ilə Ukrayna cəbhəsində müharibə vəziyyətindədir. Heç kəsə sirr deyil ki, kollektiv Qərb Rusiyaya bir neçə istiqamətdə zərbə endirmək istəyir. Bu, təkcə Ukrayna ilə məhdudlaşmır, eyni zamanda, onlar Cənubi Qafqazdan da Rusiyaya zərbə endirmək, onu bölgədən çıxışdırıb-çıxarmaq üçün istifadə etmək istəyirlər. Bu siyasətin həyata keçməsi üçün Ermənistan onlardan ötrü xüsusi önəm kəsb edir. Bu mənada, Qərbin Ermənistanla sıx əlaqələri, Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq xətti fonunda Cənubi Qafqaza gəlib möhkəmlənmək istəyi var. Ona görə də Azərbaycana qarşı təzyiqlər göstərilir. Azərbaycan Prezidenti müstəqil siyasət həyata keçirir. Azərbaycan  xalqının milli mənafeyi cənab İlham Əliyev üçün hər şeydən üstündür. Bu baxımdan, Azərbaycan Prezidentinin yürütdüyü siyasət bir sıra Qərb dövlətlərini, eyni zamanda, Fransanı narahat edir. Cənab Prezidentin müstəqil siyasəti onların regionumuzla bağlı qərəzli planlarının reallaşmasına maneə olur. Bu səbəbdən,  bizə qarşı təzyiq metodlarını işə salırlar.  Avropa İttifaqı yekcins deyil. Onun Parlamenti anti-Azərbaycan qətnamələri istehsal etsə də, Avropa Komissiyasında Azərbaycanı dəstəkləyən qüvvələr mövcuddur. Avropa İttifaqı fərqindədir ki, Azərbaycan onun enerji təminatında xüsusi çəkiyə malikdir. Yəni Avropa Parlamenti nə qədər anti-Azərbaycan qətnamələr istehsal etsə də, Avropa İttifaqı hökumətinin Azərbaycana münasibəti heç də Avropa Parlamentindəki kimi deyil.

– Avropa İttifaqı, Fransa özünün Ermənistandakı mülki missiyasının, jandarmasının sayını çoxaldır, Ermənistanı silahlandırır. Hansı oyunlar gedir?

 – Fransa dövlətinin hazırkı siyasəti regionda sülh və təhlükəsizlik deyil, konfrantasiya mühiti formalaşdırmaqdır. Bununla əlaqədar olaraq revanşistləri həvəsləndirirlər. Ötən il oktyabr ayının 23-də Ermənistanın müdafiə naziri ilə Fransanın müdafiə naziri arasında Parisdə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən, Fransa 50 bastion zirehli texnikasını Ermənistana göndərib. Ermənistanın əvvəl yaxın, indi isə uzaqmənzilli raketlərlə təmin edilməsi məsələsi var. Bütün bunlar regionu müharibəyə sürükləmək anlamındadır. Həmin silahlar vitrinə qoyulmaq üçün Ermənistana verilmir. İstəyirlər ki, Cənubi Qafqaz regionunu 2-ci Ukraynaya çevirsinlər. Bu tendensiya diqqətdən yayınmır. Fransanın Ermənistanı militaristləşdirmə siyasəti fonunda, eyni zamanda, Avropa Parlamentinin diplomatik müstəvidə anti-Azərbaycan davranışlarını görürük. Burada Azərbaycana qarşı əlaqələndirilmiş siyasət diqqətdən yayınmır. Bütün bu reallıqları nəzarə alan Azərbaycan Prezidenti bildirdi ki, iki dövlət – Birləşmiş Ştatlar və Fransa yenə də səhv addımlar atır, sərt qərarlar qəbul edirlər. Prezident onları Cənubi Qafqazda lider olan Azərbaycana qarşı yanlış siyasətdən imtina etməyə dəvət etdi.

– Avropa Parlamentinin Azərbaycana qarşı sanksiya tətbiqi nəyə hesablanıb?

– Avropa Parlamenti Azərbaycanı dəfələrlə sanksiyalarla hədələyib. Bizə qarşı iqtisadi, eyni zamanda, fiziki və hüquqi şəxslərə yönəlik  sanksiya hədələrini dilə gətirirlər. Unutmaq lazım deyil ki, biz Avropa İttifaqının üzvü deyilik, bunu yaddan çıxarmasınlar. Avropa İttifaqının 27 dövləti var və bizim 28-ci olmaq hədəfimiz də yoxdur.  Qoşulmama Hərəkatının üzvüyük və Avropa İttifaqı ilə tərəfdaşlıq müqaviləsi imzalamaq istəyirik. Azərbaycanı sanksiyalarla hədələyən Avropa İttifaqı unutmasın ki, 27 dövlətin 9-u ilə bizim strateji tərəfdaşlıq münasibətimiz var. Hesab edirəm ki, Azərbaycana qarşı aparılan bu siyasət yanlışdır, Avropanın “oturduğu ağacı kəsməsidir”.

– Avropa İttifaqı Azərbaycana qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir, Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı feyklər tirajlayırlar, niyə?

– Son zamanlar bu tendensiyanı görürük. Fransa, Hindistan kimi dövlətlər Ermənistanı hücum silahları ilə silahlandırır. Belə olan vəziyyətdə müharibəni biz yox, Ermənistan başlaya bilər. Azərbaycana qarşı səslənən bu iddialar isə boş xülyalardır, yuxudur. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki,  dövlətimizin kiməsə hücum etmək niyyəti olmayıb, bu gün də yoxdur. Biz öz ərazilərimiz üzərində suverenliyimizi tam və qəti şəkildə bərpa etmişik. Baxmayaraq ki,  Ermənistanın bugünkü ərazilərinin böyük bir hissəsi Azərbaycan torpaqları olub, yenə də başqa heç bir ərazilərə iddiamız yoxdur.  Zəngəzura, İrəvana qayıdacağıq, amma tanklarla, toplarla deyil. Sülhpərvər, mülki missiya ilə qayıtmaq istəyirik. Bizim niyyətimiz budur. 

– Bizə qarşı yönələn informasiya müharibəsinə qarşı necə mübarizə aparmalıyıq?

– Ermənistanın Azərbaycana qarşı apardığı müharibə bizim tarixi zəfərimizlə nəticələnsə də, mina müharibəsi və informasiya müharibəsi davam edir. İnformasiya müharibəsi dünən də olub, bu gün də var, sabah da olacağı istisna edilmir. İnformasiya müharibəsi ilə beynəlxalq ictimaiyyəti çaşdırmaq, aldatmaq istəyirlər. Ona görə də əsas vəzifəmiz diplomatik cəbhədə mövqelərimizi daha da möhkəmləndirməkdir. İnformasiya cəbhəsində hücum taktikasını tətbiq edirik və dünyanın əksər ölkələrində olan səfirliklərimiz bu istiqamətdə fəaliyyət göstərirlər. Bu cəbhədə çox ciddi koordinasiya olunmuş fəaliyyət ortaya qoymalıyıq. İnformasiya cəbhəsinin də “öz tankları”, “PUAları”, “yaxına, uzağa hədəflənən” silahları var. Bu istiqamətdə fəaliyyət göstəririk və büdcəmiz də buna imkan verir. 2024-cü ildə büdcə xərclərimiz 36 milyard  800 milyondur və diplomatik xidmət, informasiya cəbhəsində mübarizəmiz üçün də xeyli vəsait ayrılıb. Hesab edirəm, Azərbaycan dövləti bu istiqamətdə strateji hədəfləri düzgün müəyyən edib onlara çatmaq əzmindədir.