Fransa polisi qatilə azadlıq tələb edərək xidməti dayandırdı

10:05 01.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransada polis saxlanılan həmkarı qarşısında vəzifələrini minimuma endirdiyi üçün yerli sakinlər təhlükəsizlikdən narahatdırlar.

Hafta.az-ın yazdığına görə, Fransanın Herault bölgəsində polis müsəlman gəncə qarşı zorakılıq törətdiyinə görə həbs edilən həmkarlarına dəstək üçün fəaliyyətlərini minimuma endirmə aksiyasına başlayıb. Bu vəziyyət yerli əhalinin təhlükəsizlik narahatlığına səbəb olub.

Xatırladaq ki, iyunun 27-də Nanterredə polisin Əlcəzair əsilli gənc müsəlman 17 yaşlı Naheli öldürməsindən sonra ölkə boyu etirazlar başlayıb. Etirazlar zamanı müsəlman gəncə qarşı zorakılıq tətbiq edən bir polis məmuru saxlanılıb. Bundan sonra Herault bölgəsindəki polis vəzifələrini minimuma endirmək qərarına gəlib.

Fransa mətbuatının məlumatına görə, Monpelye, Sete, Beziers və Agde şəhərlərində polis kollektiv xəstəlik məzuniyyətindən istifadə edərək fövqəladə hallar istisna olmaqla xidmət göstərmir. Beziers şəhərində bütün polislər "gözləmə vəziyyətinə" keçib və növbədə yalnız iki nəfər xidmətini davam etdirir.

İctimaiyyət polisin işini dayandırmasından dolayısı yaranmış vəziyyətlə bağlı, xüsusilə gecələr təhlükəsizlik baxımından çölə çıxmaqdan çəkinirlər.

Polis saxlanılan həmkarlarının azadlığa buraxılmasını və hüquq-mühafizə orqanları əməkdaşlarının statusunun daha da gücləndirilməsi üçün qanunvericilikdə dəyişiklik tələb edir.