Fransız Polineziyasının müstəqillik tərəfdarları yerli seçkilərdə qalib gəlir

19:52 01.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bazar günü yerli parlamentə keçirilən seçkilərdə Fransız Polineziyasının Fransadan ayrılması tərəfdarları qalib gəlib. Bu barədə “Frans Press” agentliyi bazar ertəsi məlumat yayıb.

Fransa Polineziyasının keçmiş prezidenti Oskar Temarunun rəhbərlik etdiyi Tavini huiraatira partiyası ərazi assambleyasında (yerli parlament) 57 yerdən 38-ni qazanaraq 44,2% səs toplayıb. Bölgənin istefa verən rəhbəri Eduard Fritşin rəhbərlik etdiyi Tapura huiraatira partiyası 38,5% səslə ikinci olub.

Agentliyin fikrincə, bu seçkilərdən sonra növbəti beş il ərzində müstəqillik tərəfdarlarının hakimiyyətə gəlişi onları bu xaricdəki icmanın öz müqəddəratını təyin etməsinə dair referendumla bağlı danışıqlar məsələsində Fransa dövlətinə münasibətdə güclü mövqeyə qoyur.

Öz növbəsində Fransanın daxili işlər naziri Cerald Darmanin respublikanın Nazirlər Kabinetinin regionun yeni hakimiyyət orqanları ilə işləyəcəyini bildirib. “Hökumət bu demokratik seçimi nəzərə alır. Biz polineziyalı soydaşlarımızın gündəlik həyatını yaxşılaşdırmaqda davam etmək üçün yeni seçilmiş əksəriyyətlə işləyəcəyik”, - deyə daxili işlər naziri bazar ertəsi tvitində yazıb.

Fransız Polinezyası, Cənubi Sakit Okeanda yerləşən xüsusi statusa malik Fransanın xaricdəki icmasıdır. 118 adadan ibarət beş arxipelaqdan ibarətdir, ən böyüyü Taitidir.