Moskva müharibəyə qarşı çıxan Rusiya Federasiyası vətəndaşlarının aktiv axtarışına başlayıb. Keçmiş Ukrayna vətəndaşlarına və ya mənşəcə ukraynalılara "üstünlük" verilir.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Axtarış əməliyyatlarında mülki geyimli şəxslər iştirak edirlər. Onlar özlərini Federal Təhlükəsizlik Xidməti(FTX- "FSB") zabiti kimi təqdim edərək mənzilləri gəzir, yaxınlıqda ukraynalıların yaşayıb-yaşamadığını, yaxud kiminsə ukraynalılara kirayə mənzil verib-vermədiyini araşdırırlar. Vətəndaşların “xüsusi əməliyyat”a münasibətini də öyrənirlər.
Kəşfiyyat məlumatlarına görə, "FSB"-nin iki məqsədi var:
“SVO” (“xüsusi hərbi əməliyyat”) ilə bağlı mənfi münasibətin formalaşması və yayılmasının qarşısının alınması, ictimaiyyət arasında müstəqil rəy formalaşdıra və yaya bilən şəxslərin müəyyən edilməsi;
ukraynalıların cəmiyyətdə mənfi imicinin formalaşması, onların terrorçu və radikal kimi təbliğ edilməsi.
Qeyd olunur ki, sonradan Rusiyada mümkün “terror aktları”na görə məhz ukraynalılar günahlandırıla bilər.
Bir müddət öncə xəbər verildiyi kimi, Rusiya xüsusi xidmət orqanları öz ölkələrində dinc əhali arasında kütləvi itkilərlə nəticələnəcək silsilə terror aktları hazırlayır. Bütün bunlar ictimai səfərbərliyə haqq qazandırmaq və anti-Ukrayna isteriyasını qızışdırmaq üçün edilir.