İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində Romada keçirilən G20 ölkələrinin liderlərinin ikigünlük sammiti oktyabrın 31-də başa çatıb.
Hafta.az xəbər verir ki, qlobal problemlərin müzakirə edildiyi sammitinin ikinci günündə “İqlim dəyişikliyi və ətraf mühit” və “Dayanıqlı inkişaf” mövzularında sessiyalar keçirilib. G20 ölkələrinin liderləri iqlim dəyişikliyi ilə mübarizə, COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması, bərabərsizliklərlə mübarizə, qadınların səlahiyyətlərinin artırılması, enerjidə transformasiyanın sürətləndirilməsi, qlobal ticarət sistemində şəffaflıq və Əfqanıstanla bağlı məsələləri müzakirə ediblər.
Sammitdə qlobal minimum korporativ vergi müqaviləsi təsdiqlənib və müqavilə “Google”, “Amazon”, “Microsoft” və “Facebook” kimi şirkətlər də daxil olmaqla qlobal şirkətlərin 2023-cü ildən etibarən ən azı 15 faiz dərəcə ilə vergiyə cəlb olunmasını nəzərdə tutur.
Liderlər, həmçinin dünyanın ən məşhur fəvvarələrindən biri sayılan Romadakı Trevi fəvvarəsini ziyarət ediblər.
Sammitin yekununa dair birgə bəyanat qəbul edilib.
G20 Liderlərinin Sammitinin yekununa dair qəbul edilən bəyanatda cari ilin sonunadək dünya əhalisinin ən azı 40 faizinin, 2022-ci ilin ortalarına qədər isə 70 faizinin COVID-19 əleyhinə peyvənd olunmasının hədəfləndiyi açıqlanıb. Yeni peyvəndlərin hazırlanması müddətinin 300 gündən 100 günədək azaldılması və vaksinlərin ədalətli paylanılması barədə razılıq əldə olunub.
Liderlər qlobal istiləşmənin 1,5 dərəcə selsi ilə məhdudlaşdırılması üçün səylərin artırılmasına çağırıblar. Atmosferə atılan istixana qazlarının 2050-ci ilədək minimuma endirilməsi barədə də razılığa gəlinib.