Gəncədə olmpiadanın qalibləri mükafatlandırılıb

15:10 17.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə Dövlət Universitetində (GDU) şəhid Yüksəl Əlizadənin xatirəsinə həsr olunan Zəfər tarixi üzrə olimpiada qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Yüksəl Əlizadənin anası və digər universitet əməkdaşları çıxış edərək, olimpiadanın əhəmiyyətindən söhbət açıblar. Bildirilib ki, bilik yarışının təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkarlanmasıdır.

Tədbirdə olimpiadanın nəticələrinə əsasən qalib şagirdlərin adları açıqlanıb. Gəncə şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Risalə Rzayeva I yeri, 15 nömrəli tam orta məktəbin şagirdi Fidan Babayeva II yeri, 5 nömrəli tam orta məktəbin şagirdi İlkin Vəlizadə III yeri tutub.

Bilik yarışının qalib şagirdlərinə fəxri fərmanlar və kuboklar təqdim olunub. Digər yerləri tutan şagirdlərə isə həvəsləndirici mükafatlar verilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, fənn müəllimləri, şagirdlərin valideynləri bilik yarışının yüksək səviyyədə təşkil olunmasına görə universitet rəhbərliyinə və olimpiadanın təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Gəncə Dövlət Universiteti və Yüksəl Əlizadə adına Musiqi və Təhsil Mərkəzinin təşəbbüsü ilə təşkil edilən olimpiadaya 350-dən çox məktəbli qatılıb.