19 May Atatürkü Anma, Gənclik və İdman Bayramının Türkiyədə olduğu kimi, beynəlxalq kontekstdə də mühüm yeri var. Gənclərə və idmana həsr edilmiş bu xüsusi gün dünyada oxşar mövzularla qeyd olunan bayramlarla ortaq dəyərləri bölüşür.
Hafta.az-ın yazdığına görə, Türkiyədə hər il mayın 19-da qeyd olunan bu bayram Mustafa Kamal Atatürkün 1919-cu ildə Samsuna çıxması və Qurtuluş Savaşına başlaması günüdür. 1938-ci ildə qanuna çevrilən bu xüsusi gün, 1981-ci ildə Atatürkün anadan olmasının 100-cü ildönümü münasibətilə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” adlandırıldı. Gənclərə həsr olunan bu bayramda Türkiyə daxilindəki stadionlarda şoular, gənclər yürüşləri, idman yarışları və xalq oyunları ilə şənliklər keçirilir.
Bəs bu müstəvidə bayramlar ancaq Türkiyədə keçirlirmi? Əlbəttə ki, yox. Türkiyə ilə yanaşı bir çox ölkə gənclərə və idmana diqqət çəkən oxşar bayramlarla ictimai şüur yaradır. Bu günlər ölkələrin tarixi, mədəni və sosial quruluşlarına uyğun olaraq müxtəlif mövzularla formalaşır.
Beynəlxalq Gənclər Günü (12 avqust)
Birləşmiş Millətlər Təşkilatının elan etdiyi bu gün gənclərin üzləşdiyi problemlərə diqqəti cəlb etmək məqsədi daşıyır. Hər il müəyyən mövzularla keçirilən bu məlumatlandırma günü bütün dünyada seminarlar, gənclər forumları, könüllülük tədbirləri və sosial media kampaniyaları ilə qeyd olunur.
Beynəlxalq İdman Günü (6 aprel)
BMT-nin təşəbbüsü ilə yaradılan bu xüsusi gün idmanı inkişaf və sülh vasitəsi kimi vurğulayır. İdmanın ictimai harmoniya, sağlamlıq məlumatlılığı və sosial inklüzivliyi dəstəkləmək gücü vurğulanır.
Cənubi Afrika Gənclər Günü (16 iyun)
Soweto üsyanının ildönümü olan bu gün gənclərin aparteid rejiminə qarşı müqaviməti xatırlanır. Bu günün əsas mövzusu kimi gənclərin azadlıq mübarizəsində rolu vurğulanır.
Çin Gəncləri Günü (4 may)
1919-cu il 4 May Hərəkatının xatirəsinə qeyd edilən bu bayram Çin gənclərinin tarix səhnəsinə çıxmasını simvolizə edir. Həmin gün tələbələr vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə iştirak edir və onlara sosial məsuliyyət mesajları verilir.
Hindistanın Milli Gənclər Günü (12 yanvar)
Hindistanlı filosof Svami Vivekanandanın doğum günü olan bu tarix gəncliyin əqli və fiziki inkişafını simvolizə edir. Yoqa, meditasiya və gənclik festivalları ilə qeyd olunur.
Qətər Milli İdman Günü (fevralın ikinci çərşənbə axşamı)
Ölkənin hər yerində rəsmi bayram olan bu özəl gündə dövlət və özəl sektor qurumları idman tədbirləri təşkil edirlər. Məqsəd cəmiyyətin idmanda fəal iştirakını təmin etmək və sağlam həyat tərzini təbliğ etməkdir.
Yaponiya İdman Günü (oktyabrın ikinci bazar ertəsi)
1964-cü il Tokio Olimpiadasının xatirəsinə başlayan bu bayramda məktəblər və məhəllələrdə idman festivalları təşkil olunur. Sosial həmrəylik, ədalətli oyun və sağlam həyat vurğulanır.
19 May kimi bayramlar təkcə keçmişi xatırlatmaq deyil, həm də gənclərə sərmayə qoymağa çağırışdır. Dünyada oxşar şəkildə qeyd olunan gənclər və idman mövzulu xüsusi günlər bizə gənclərin dəyişmə gücünü, idmanın cəmiyyətlərə birləşdirici təsirini və sağlam həyatın əhəmiyyətini bir daha xatırladır.