Gənclərimiz daha çox mütaliə etməlidir

19:37 31.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

İnsanın şəxsiyyət olaraq formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün artmasında mütaliənin rolu əvəzsizdir. Bu mənada böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamımız yaxşı bilirik. Mütəxəssislər hesab edirlər ki, mütaliə, tədris, təhsil və tərbiyə bir növ vəhdət təşkil edir. Bu amillər insanın məktəbə ilk qədəm qoyduğu vaxtdan ömrünün sonuna qədər onu izləyir. Mütaliə insan zəkasının inkişafında mühüm rola malikdir. Əgər insan çox mütaliə edərsə, onun dünyaya baxışı da çox zəngin olar. Əgər bir cəmiyyətdə oxumağı, yazmağı bacaranların sayı nə qədər çox olarsa, əlbəttə ki, o cəmiyyət daha çox inkişaf edər və hər zaman, hər yerdə öz dəyərləri ilə seçilmiş olar.

Ekspertlər bildirirlər ki, insan cəmiyyətdə sahib olduğu məlumatların yarıdan çoxunu oxumaqla əldə edir. Mütaliəni çox edən insanlar həm düşüncə, həm  bacarıq, həm də digər baxımdan başqalarından fərqlənirlər. Əgər insan mütaliə nəticəsində nəyisə öyrənirsə o insanda həm inam, həm də yüksək bacarıq formalaşır. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olur. Bunun nəticəsində o, gözəl nitq qabiliyyəti qazanır. Ən əsası mütaliə - ən təsirli tərbiyə vasitəsidir. Çox kitab oxumaq insanda tərbiyəvi bir xüsusiyyətdir. Əlbəttə ki, bu, insanlarda kiçik yaşlardan başlayır. Uşaqlar anlamasalar belə valideynlər onların yanında uca səslə kitab oxuduqda onlarda körpə yaşlardan kitaba sevgi, maraq yaradır. Eyni zamanda, insan oxuyacağı kitabı seçərkən də çox diqqətli olmalıdır. Həm də oxuduğunu düzgün dəyərləndirməyi bacarmalıdır.

Təəssüflə qeyd etməliyik ki, mütaliəyə marağın azalması tək Azərbaycanda deyil, bütün dünyada müşahidə olunan tendensiyadır. Müasir ailələrdə məktəbəqədər, kiçik və orta məktəb yaşlı uşaqların əllərində şəkilli kitablar və nağıl kitabları əvəzinə mobil telefonlar görürük. Bu isə mütaliəyə marağın kütləvi şəkildə azalması ilə nəticələnib.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, dünyanın ən nüfuzlu universitetlərində aparılan tədqiqatlar sübut edib ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir: “Mütaliə həm də insanların uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. Mütaliə edənlər öz erudisiyası, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların mütaliəsi həmçinin insanın zehni və hissi inkişafında vacib tədris vasitəsidir. Tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati qura bilirlər. Uşaqlar üzərində aparılan araşdırma nəticəsində isə müəyyən edilib ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar. Kitabsevər, mütaliəçi insanlar boş vaxtlarını oxumağa sərf edir. İmkan tapan kimi kitab oxuyur. Bu səbəbdən də belə insanların zərərli vərdişləri də olmur”.

Ekspert bildirib ki, şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasında digər amillərlə yanaşı düzgün kitab seçimi də xüsusi önəm daşıyır: “Valideyn, müəllim və kitabxanaçılar uşaqları onların zövqünü korlayan, aqressivlik yaradan, şiddəti çözüm vasitəsi kimi təqdim edən, yaşına uyğun gəlməyən, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan, postmodernist əsərlərdən - kitablardan və ziyanlı saytlardan uzaq tutmalıdırlar. Kitab mağazalarından kitab alarkən, həmçinin elektron kitab mütaliəsi zamanı da göstərilənlərə diqqət edilməsi vacibdir. Uşaq təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşağın mütaliəsi onun həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır . Uşaqlıqda oxunan bir kitab, demək olar, adamın bütün ömrü boyu hafizəsində qalır və uşağın sonrakı inkişafına təsir göstərir. Bu səbəbdən kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Düzgün kitab seçimi mütaliədə əsas şərtdir”.

Ş.Əsgərovun sözlərinə görə, seçilən kitablar mütləq ağıl və məntiqin süzgəcindən keçirilməlidir. Uşaqlara özlərinin yaş və biliklərinə, psixologiyalarına, sosial inkişafına və maraqlarına uyğun, əxlaqi, milli- mənəvi və bəşəri dəyərlər aşılayan, zehnini, xəyal gücünü və yaradıcılığını inkişaf etdirən kitabları tövsiyə etmək lazımdır. Bilmək lazımdır ki, səhv seçilən kitablar uşaqlarımızı başqa kitablardan da soyuda bilər. Ona görə tövsiyə siyahılarına əxlaqi keyfiyyətlər, milli və bəşəri dəyərlər aşılayan əsərlərin daxil edilməsi uşaqların şəxsiyyət kimi formalaşdırılması baxımından çox önəmlidir və bu məsələlər həmişə diqqət mərkəzində saxlanılmalıdır.

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu da bildirir ki, uşaqların mütaliə etməsi olduqca vacib bir işdir: “Mütaliə hər bir insanın öz daxili aləmi ilə əlaqələrini gücləndirmək üçün əvəzolunmaz bir vasitədir. Bəzi adamlar elə düşünür ki, kompüterdən, yaxud telefondan oxumaq kitabı əvəz edir. Düzdür, bu da mütaliə hesab olunur. Amma kitabın özündən oxumaq, mütaliə etmək uşağın daxili aləminin, mənəviyyatının inkişafına hədsiz dərəcədə müsbət təsir göstərir. Texnika vasitəsilə hansısa hekayəyə, povestə səsli qulaq asmaq tamamilə başqa bir keyfiyyəti inkişaf etdirir”.

Ə.Qəşəmoğlu qeyd edir ki, kitab oxumaq, mütaliə etmək insanda çox vacib olan xüsusiyyətləri inkişaf etdirir: “Bunun mahiyyətini başa düşmək üçün Yoq fəlsəfəsini bir az dərindən bilməyə ehtiyac var. Yoqlar deyir ki, həyatda o insan xoşbəxtdir ki, öz daxili aləmi, dünyası ilə daha güclü əlaqə yarada, özü ilə təklikdə qala və özünə qapanıb daxili aləmində ola bilir. Ümumiyyətlə, insan öz daxili aləmi ilə tək qalanda daha çox inkişaf edir. Bunun əsas vasitələrindən biri də kitab oxumaqdır. Kitab oxuyan zaman ətraf mühitdən uzaqlaşıb, öz daxili aləmində olursan. Bütün fikrin kitabın içində oxuduqlarında olur. Məsələn, mənim elm sahəsində qazandığım uğurlarımın hamısı daxili aləmlə əlaqədar ola bilməzdi. Bunlar sadəcə olaraq eşitdiyimiz, oxuduğumuz köməkçi vasitələrdir. İnsan daxilən inkişaf etməsə, nə qədər eşitsə də, görsə də bunlar insanın lazımı şəkildə inkişaf etdirə bilmir. Ona görə də mütaliəyə çox böyük ehtiyac var”.

Uşaqların mənəvi inkişafında mütaliənin böyük rolu olduğunu nəzərə çatdıran Ə.Qəşəmoğlu deyib ki, bu işdə əsas vəzifə ailələrin, valideynlərin üzərinə düşür: “Hər bir ailə əslinə qalsa fərdi körpəni cəmiyyətə hazırlayan bir məktəbdir. Hazırkı vaxtda ailəmizin qayğısına çox qalmalıyıq ki, fərdləri cəmiyyətimizə hazırlayan məktəbimiz çox keyfiyyətli olsun. Təəssüf ki, hazırda ailələrdə çox böyük problemlər var. İndi elə bir vəziyyətə gəlmişik ki, uşaqlardan əvvəl valideynləri maarifləndirməyə ehtiyac var. Valideyn başa düşməlidir ki, uşağının mütaliəsi onun gələcək həyatını müəyyən edir və onun mənəvi inkişafında misilsiz rol oynayır. Ona görə də valideynlərlə böyük iş aparmağa ehtiyac var. Uşaqlar valideynlərinin təsiri altında olur, valideyn uşağa nəyi öyrətsə, onu nəyə yönləndirib həvəsləndirsə, uşaq o istiqamətə meyil edir. Valideynlər bu məsələlərdə xüsusi şəkildə diqqətli olmalıdırlar. Övladlarının gələcəyi bir növ onların əlindədir”.

Ə.Qəşəmoğlu vurğulayıb ki, uşaq bədii əsərləri də, dərsi də oxuyanda onlara mütaliə vərdişlərini öyrətmək lazımdır. Çünki mütaliə etmək özü bir mədəniyyətdir: “Hər kitabı oxumaq mütaliə hesab olunmur. Ümumiyyətlə, bu istiqamətdə məktəblərdə çox böyük iş getməlidir. Pedaqoqlar, psixoloqlar çalışmalıdır ki, uşaqlar dərsə əzbər cavab verməsinlər. Testlərin Azərbaycan variantı bu istiqamətdə çox neqativ rol oynadı. Buna görə də uşaqların mütaliə etməsi, oxuduğunun mənasını düşünüb dərk etməsi baxımından qarşıda görülməli işlər həddindən artıq çoxdur”.