Üçtərəfli sazişə uyğun olaraq Rusiya sülhməramlılarının erməni separatçılarının ərazidən çıxarılması regionun siyasi, hərbi mənzərəsini dəyişə bilər. Məlum sazişlə bağlı öhdəliklərin icra tələbi Ermənistanın qarşısına qoyulmalı, separatçılar ərazidən çıxarılmalı və belə bir mühüm sənədin icrası həyata keçirilməlidir. Əgər Rusiya bu öhdəliyini yerinə yetirmirsə, Avropa İttifaqı, ABŞ-ın vasitəçi olaraq prosesə müdaxilə etməsi nəyi dəyişə bilər? Məsələnin daha çox beynəlxalq müstəviyə paylanması nəyə xidmət edir? Növbəti Azərbaycan-Ermənistan arasında olacaq danışıqlar nə vəd edir?
Bu istiqamətdə hafta.az-a açıqlama verən deputat Asim Mollazadə bildirib ki, Ermənistan hər zaman özünün köhnə üsullarından istifadə edərək, danışıqlar imitasiyasını yeni formalarda davam etdirir. Onun sözlərinə görə, erməni rəhbərliyi hər bir görüşdə sülh sazişinin imzalanmasından yayınıb:
“Azərbaycan-Ermənistan arasında keçirilməsi nəzərdə tutulan danışıqlar birinci deyil. Məlumdur ki, vasitəçilərin təşəbbüsü ilə belə görüşlər çox olub. Ermənistan sülh müqaviləsinin imzalanmasına “Hə” deyib, sonra müxtəlif bəhanələr gətirərək separatçı rejimi silahlandırıb. Ona görə də hesab edirəm ki, Ermənistan Brüsseldə, Rusiyada qurduğu oyunları ABŞ-da davam edəcək. Ermənistan müharibə ritorikasından əl çəkmir və ABŞ-da baş tutacaq danışıqlarda da eyni oyunlar oynaya bilər”.
A.Mollazasdə hesab edir ki, Azərbaycan ərazilərində Azərbaycan Silahlı Qüvvələri olmalıdır və bölgədəki vəziyyəti öz gücünə nizamlamalıdır.
Deputat bildirir ki, Ermənistan hansısa bir qüvvəyə ümid edir, ya da Ukrayna-Rusiya müharibəsi nəticəsində bölgədə vəziyyətin dəyişəcəyini, hansısa yeni sahiblər axtaracaqlarını, yaxud da köhnə sahibinin yanında qalacaqlarını düşünürlər: “Üçtərəfli sazişə uyğun olaraq rus sülhməramlıları əraziyə girməzdən əvvəl erməni separatçıları bölgəni tərk etməli olduğu halda bu baş vermədi. Hələ də erməni silahlıları ərazidən çıxarılmayıb, dəhlizlər açılmayıb, sərhədlərin delimitasiyasi baş tutmayıb. Üstəlik, hazırda Rusiya sülhməramlı qüvvələri ermənilərə bölgəyə silah-sursat gətirmək üçün şərait yaradırlar.Bu qəbul edilməzdir və hansısa xarici qüvvə bölgədə təhlükəsizliyi təmin edə bilməz”.
A.Mollazadə Ermənistanda da gərginliyin olduğunu və Paşinyanın vaxtilə erməni parlamentini atəşə tutan hərbi cinayətkarlar dəstədən qorxduğunu bildirib:
“Azərbaycan öz ərazisində başqa silahlı qüvvələrə hökmranlıq etməyə imkan verməyəcək. Erməni separatizmi davam edərsə, Azərbaycan erməni silahlı dəstələri tərk-silah etmək üçün antiterror əməliyyatı keçirməyə məcbur olacaq.
Politoloq Natiq Cəfərli bildirib ki, ABŞ Cənubi Qafqazda, o cümlədən Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda keçirilən sülh danışıqlarında daim iştirak edib. Onun sözlərinə görə, Amerika bu bölgədə problemin həllindən kənarda qalmayıb:
“Son zamanlar görünən odur ki, Rusiya problemin həllində maraqlı deyil və ABŞ-ın yenidən müəyyən vasitəçilik fəaliyyəti bərpa olunub. Erməni mətbuatı yazırdı ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında may ayında Vaşinqton görüşü ola bilər. Yəqin ki, Amerikadan gələn son zənglər, səfərlər də bununla bağlıdır. Ola bilər ki, ABŞ-da bu görüşün baş tutması üçün müəyyən hazırlıqlar gedir”.