“Mediaya Gürcüstandakı məlum etirazlar başlamamışdan öncə verdiyim açıqlamada demişdim ki, burada inqilab gözləmək - bir qədər optimist yanaşmadır. Bunun səbəblərini də göstərmişdim ki, müxalifət sıralarında birlik yoxdur və inqilab üçün müxalifət liderinin parlaq bir şəxsiyyət olması vacibdir - belə bir lider də yoxdur, Saakaşvili həbsxanadadır. Və nəhayət, hakimiyyət kütləvi aksiyalara qarşı mübarizə üçün müəyyən təcrübə toplayıb. Konkret olaraq oktyabrın 4-də Tiflisdə baş verən hadisələrə gəlincə, hesab edirəm ki, orada yanlış taktika seçilmişdi. Müxalifət yalnız o zaman inqilaba gedə bilər ki, onun arxasında yüz minlərlə insan olsun – elə bir kütlə ki, onun qarşısını polis gücü ilə almaq mümkün olmasın. Gürcüstan paytaxtındakı son aksiya isə əvvəlkilərlə müqayisədə çox zəif idi. Və bu cür şəraitdə isə dövlət qurumlarının, xüsusilə də prezident ofisini ələ keçirmək cəhdləri sadəcə bir avantürizm nümunəsidir.”
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri hafta.az əməkdaşının “Gürcüstanda eks-prezident Mixail Saakaşvilinin partiyası başda olmaqla müxalif qüvvələrin 4 oktyabr bələdiyyə seçkiləri günü Rusiyayönlü hakimiyyətə qarşı təşkil etdikləri kütləvi aksiyanı və onun nəticələrini necə dəyərləndirirsiz?” sualını cavablandırarkən ifadə edib.
“Nə baş verdiyi və bundan sonra nələr olacağına gəldikdə isə, nə baş verdiyi artıq bəllidir. Bu sualın cavabı aydındır. Müxalifət bu mərhələdə nəinki heç bir uğur qazana bilmədi, hətta deyərdim ki, öz gələcək fəaliyyətinə ziyan vurdu. Etirazlar davam edəcək, çünki gürcü cəmiyyəti passionar, aktiv bir cəmiyyətdir. Amma bu etirazlar hansı həddə, hansı pik nöqtəyə qədər gedib çıxacaq - bunu söyləmək çətindir”, -deyə davamında analitik bildirib.
“Sizcə, gürcü müxalifətinin bundan sonrakı yaxın dövrdə daha kütləvi və uğurlu, real nəticəyə gətirəcək hərəkat təşkil etmək şansları varmı, yoxsa hər şey növbəti parlament seçkiləri ərəfəsinə qaldı?” sualına isə Ərəstun Oruclu belə cavab verib:
“Bilirsiz, əvvəlcə demişdim ki, gürcü müxalifəti öndə parlaq bir liderə sahib deyil. İndi isə ikinci pillədəki liderləri də həbs ediblər. Bu da, təbii ki, müxalifətin aktivliyinə mənfi təsir edəcək. Etirazlar, düşünürəm ki, hələ də müxtəlif səbəblər gətirilərək zaman-zaman davam edəcək. Çünki məlumdur ki, Gürcüstandakı “Gürcü arzusu” hökuməti birbaşa Rusiya ilə bağlı hökumətdir. Odur ki, Gürcüstandakı mübarizəni bu mənada Qərb də dəstəkləyir. Buradakı hər şey Qərbin dəstəyinin nə qədər güclü və intensiv olmasından asılı olacaq. Həmin dəstək artacaqmı- bunu söyləmək çətindir. ABŞ bu məsələdə, necə deyərlər, əllərini yuyub və kənara çəkilib. Bəs Avropa Birliyi gürcü müxalifətinə dəstəkdə israrlı olacaqmı? Sözün açığı, bu mənə aydın olmayan bir sualdır. Çünki Avropa Birliyi ölkələri arasında da yekdillik yoxdur. Bir çox ölkələr Rusiya-Ukrayna savaşında olduğu kimi, Gürcüstan məsələsində də fərqli mövqelər sərgiləyir. Lakin strateji maraqlar Gürcüstandakı Rusiyayönlü hakimiyyətin getməsini və ölkənin Kremlin nəzarətindən çıxmasını tələb edərsə, zənnimcə, hətta ABŞ da Gürcüstandakı demokratik hərəkata dəstək prosesinə qoşula bilər”.
Ekspert hesab edir ki, yaxın bir neçə ayda Gürcüstan müxalifəti iqtidarı dəyişmək istiqamətində təsirli addımlar ata bilməyəcəksə, o zaman ümid yalnız növbəti parlament seçkilərinə qalacaq.
“Ancaq yaxın aylarda, deyək ki, bir-iki ay ərzində müxalifət özünü toparlayıb müəyyən bir addımlar ata bilsə, nəticə olacaq. Amma ən geci iki ay ərzində iqtidarı dəyişmək istiqamətində heç bir addım atılmayacaqsa və ya bu, mümkün olmayacaqsa, şübhəsiz ki, o zaman hər şey növbəti parlament seçkilərinə qalacaq. Yəni söhbət müxalifətin ya “inqilab cəhdi” və ya “hökuməti istefaya göndərmək cəhdi”, yaxud ən düzgünü, “Rusiyayönlü hakimiyyəti dəyişmək cəhdi” adlana biləcək prosesdən gedir”, - deyə analitik vurğulayıb.
Sultan Laçın