Gürcüstan səfirliyində dövlət bayrağı endirilib

12:40 11.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
 
Batumi şəhərində binanın çökməsi nəticəsində həlak olanların xatirəsini anmaq üçün Gürcüstan hökumətinin qərarına əsasən, oktyabrın 11-də ölkədə matəm günü elan olunub.

Hafta.az-ın yazdığına görə, bununla bağlı olaraq Gürcüstanın ölkəmizdəki səfirliyində yas tədbiri keçirilib, Dövlət bayrağı yarıya endirilib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səfirliyi adından ölənlərin ailələrinə başsağlığı verib.

"Batumidə baş vermiş faciə bütün Gürcüstanı kədərləndirdi. Həlak olmuş hər bir vətəndaşımızın ailələrinə və yaxınlarına başsağlığı veririk. Eyni zamanda, Gürcüstanın bu çətin günlərində dərdimizi səmimi qəlbdən bölüşüb başsağlığı verən hər kəsə minnətdarlığımızı bildiririk. Azərbaycan höküməti və vətəndaşlarına böyük dərdimizə şərik olduqları üçün minnətdarıq", - Gürcüstan səfiri deyib.

Daha sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla həlak olanların xatirəsini yad ediblər. Səfirliyin əməkdaşları və qonaqlar həlak olanlarının xatirəsinə şam yandırıb, gül dəstələri düzüblər.