Gürcüstanda yerli özünüidarətmə orqanlarına keçirilən seçkilərin ikinci turu başa çatıb.
Hafta.az xəbər verir ki, ikinci tur paytaxt Tbilisi də daxil olmaqla, 5 şəhərdə, 15 bələdiyyəni əhatə edən 24 seçki dairəsində təşkil olunub.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilir ki, səsvermə 24 dairə seçki komissiyası üzrə 1830 seçki məntəqəsi, o cümlədən 29 xüsusi seçki məntəqəsində təşkil olunub.
Saat 20:00-da səsvermə başa çatıb və bütün məntəqələr bağlanıb. Artıq bütün dairə və məntəqələr üzrə səslərin hesablanmasına başlanılıb.
MSK-nın saat 17:00-a olan məlumatına əsasən, Gürcüstan üzrə seçici fəallığı 39,5 faiz, Tbilisidə isə 38,7 faiz təşkil edib. Səsvermə baş tutmuş hesab olunur.
Qeyd edək ki, Gürcüstan ictimaiyyətinin əsas diqqəti Tbilisinin mer seçkilərinə yönəlib. Şəhər meri kürsüsü uğrunda həlledici mübarizə hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaldze və Vahid Milli Hərəkat Partiyasından Nika Meliya arasında gedir.
Ssəsvermənin oktyabrın 2-də keçirilmiş birinci turunda K.Kaladze 45 faiz, N.Meliya isə 34 faiz səs toplamışdı. Gürcüstan vətəndaşları Tbilisi ilə yanaşı, Kutaisi, Batumi, Qori və Rustavi şəhərlərində də mer seçiblər.
Seçki qanunvericiliyinə əsasən, ikinci turda 50 faizlik baryerin keçilməsi tələb olunmur, rəqibindən daha çox səs əldə edəcək namizəd qalib gələcək.