Gürcüstanın indiki hakimiyyəti ilə Azərbaycan arasında dost münasibətləri var - Ekspert

17:07 16.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Gürcüstandakı seçkiləri bölgədəki vəziyyəti dəyişdirəcək seçki adlandırmaq olar”.

Bunu hafta.az-a siyasi təhlilçi Kamran Ramazanlı Gürcüstanda keçiriləcək parlament seçkilərinin əhəmiyyəti ilə bağlı şərhində bildirib.

K.Ramazanlı Gürcüstandakı seçkiləri bölgə üçün dəyişim yarada biləcək maraqlı mərhələ hesab edib.
“Azərbaycan müstəqillik illərindən bu günə qədər Gürcüstanla sıx əməkdaşlıq edir. Azərbaycan-Gürcüstan münasibətləri müttəfiqlik səviyyəsinə gəlib çatıb. Ulu öndər Heydər Əliyevin zamanından başlayaraq bu müttəfiqlik əlaqələri artan müstəvidə davam edir. Prezident İlham Əliyevlə Gürcüstanın indiki baş naziri İrakli Kobaxidzenin şəxsi təmasları, qarşılıqlı səfərlər, görüşlər iki ölkə arasında hansı münasibətlərin olmasından xəbər verir”.

K.Ramazanlı qeyd edib ki, bu gün bölgədə mövcud olan stabilliyi pozmaq istəyən böyük güclər də var. Onun sözlərinə görə, 44 günlük savaşdan sonra bölgəmizdə kökü kəsilən separatçılığın yenidən dirçəlməməsi üçün bu stabilliyin qorunması çox vacibdir. Ekspert hesab edir ki, bu sabitlik Gürcüstanın da öz ərazi bütövlüyünü təmin etməsindən sonra möhkəmlənə bilər.
“Biz Azərbaycan vətəndaşları, Gürcüstanda doğulmuş azərbaycanlılar kimi Tbilisi-Bakı münasibətlərinin yüksək səviyyədə inkişaf edtdirilməsində maraqlıyıq və buna inanırıq. Gürcüstanın indiki hakimiyyəti ilə Azərbaycan arasında dost münasibətləri var. Azərbaycan dövləti tərəfindən orada da çoxsaylı layihələr həyata keçirilir. Xalqlar arasındakı dostluq qədimdir. Inanırıq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da sülhə, sabitliyə, yəni Gürcüstanın indiki hakimiyyətinə dəstək olacaq. Kim bölgədə sülh, Gürcüstan-Azərbaycan dostluğunu istəyirsə, təbii ki. bu qüvvələrin hakimiyyətdə qalmasının tərəfdarıdır. Hakim partiyanın seçkilərdə qalib gəlməsi bu nöqteyi nəzərdən Azərbaycanın maraqlarına uyğundur”.

K.Ramazanlı qeyd edib ki, bölgədə gərginlik yaratmağa çalışan qərbin bölgəyə təsirləri xoşməramlı deyil. O, Rusiya-Ukrayna müharibəsini, 2008-ci ildə Gürcüstan-Rusiya arasında olan qısa müddətli müharibəni həmin təsirlərin nəticəsi kimi dəyərləndirib.

“Əgər Qərb bölgədə stabillik istəyirsə, məsələyə fərqli yanaşmalıdır. Böyük ehtimalla seçkidən sonra niyyətləri qarışıqlıq yaratmaqdır. Amma bu cəhdlər heç bir fayda verməyəcək. Çünki Gürcüstan xalqı doğru seçim etməyi bacaracaq”.

Qərbin bölgədə Rusiyanı sıxışdırmaq üçün çabaladığını və özlərinin hegemonluğunu təmin etmək üçün Azərbaycana qarşı təzyiq mexanizmini işlətdiyini deyən ekspert, bunların da heç bir fayda verməyəcəyinə inandığını qeyd edib. Onun fikrincə, Azərbaycan müstəqil siyasət yeridir və bölgənin digər dövləti olan Gürcüstanın Azərbaycanla qarşılıqlı əməkdaşlıq, sülh şəraitində addımlaması, güclərin birləşdirilməsi ilə əkstəsirlərə qarşı dirəniş göstərə bilər.

“Azərbaycanın sülhsevər qonşuları ilə, o cümlədən Rusiya ilə müttəfiqlik müqavilələri var. Bu, həmin Qərb dairələrini narahat edir və bölgədə stabilliyi pozmaq üçün əllərindən gələni əsirgəmirlər”.

K.Ramazanlı Azərbaycanla Gürcüstanın iştirak etdiyi regional – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və s layihələrə diqqət çəkib. O, iki ölkə arasında dostluq münasibətlərinin birgə layihələrin reallaşması və ümumilikdə regionun inkişafına mühüm töhfələr verdiyini qeyd edib:

"Bunlar beynəlxalq, regional əhəmiyyətli layihələrdir. Bu layhələrdən nəinki Azərbaycan, eləcə də Gürcüstan, o cümlədən orada yaşayan yarım milyona qədər soydaşımız, yerli xalq yararlanır. Bu layihələr çərçivəsində Gürcüstanın dövlət büdcəsinə kifayət qədər vəsaitlər daxil olur. O da ölkənin rifahı üçün çox önəmli rol oynayır”.