“İzvestiya” qəzeti yazıb ki, Moskvada evə sifariş edilən hazır qidaların 62,5 faizi istehlaka yararlı deyil. “Vkusvill”, “Perekryostok”, “Yandex.Lavka”, “Samokat”, “Şkoladnitsa”, “Tanuki”, “Grow Food and Level Kitchen” şirkətlərindən sifariş edilən məhsulları laboratoriya analizləri üçün göndərən qəzet bu məhsullarda E.coli və mikrobların qəbul edilən miqdardan artıq olduğunu bildirir.
Hafta.az-ın yazdığına görə, Rusiyada son 25 ilin ən böyük botulizm epidemiyası gigiyenik şəraitdə qablaşdırılmayan paxlalar səbəbindən yaşanıb və iki nəfər həyatını itirib.
Qəzet öz araşdırmasında laboratoriyaya göndərilən 16 nümunədən 10-da qəbul edilən dəyərlərdən yuxarı zərərli orqanizmlərin aşkar edildiyini bildirib. 8 brend arasında heç bir pozuntusu olmayanlar “Samokat” və “Perekryostok” olaraq açıqlanıb. Bununla belə, bu xidmətlərdən sifariş edilən bəzi məhsulların dəyərinin yuxarı həddə yaxın olduğu bildirilir.
“İzvestiya” da yazıb ki, əlaqə saxladıqları bəzi xidmətlər onları məhkəməyə verəcəyi ilə hədələyib. Bəzi xidmətlərin araşdırmanın etibarlılığından şübhələndiyi, bəzilərinin isə dərhal mövzu ilə bağlı daxili araşdırma başlatdıqlarını açıqladığı bildirilir.