Həftənin AÇIQLAMASI - Həftə-reytinq

18:00 21.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Dörd il əvvəl Baş nazir postundan gedən Novruz Məmmədov vəzifədə olduğu illərlə, çalışdığı qurumla bağlı müsahibə verib. “R TV” internet kanalına danışan keçmiş Baş nazirin sözlərinə görə, heç bir zaman vəzifə xiffəti çəkməyib: “Mən vəzifədə olanda, hətta qarşımda diz çöküb mənimlə əlaqə qurmaq istəyənlər olub. Onlardan bəziləri indi də vəzifədədirlər. Mənə “xahişə gələnlər” az idi, çünki bilirdilər ki, elə işlərlə məşğul olmuram. Pul müqabilində “müxtəlif işlər” görənləri işdən çıxarmışdım”.

 

Həftənin ETİRAZI

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında gərgin anlar yaşanıb. Hadisə İran Prezidenti İbrahim Rəisinin çıxışı zamanı baş verib. Belə ki, bu vaxt İsrailin səfiri Eridan Məhsa Əmininin şəkli olan plakat qaldırıb. Qeyd edək ki, Məhsa Əmini 2022-ci ilin sentyabrında İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalıb və bir neçə saatdan sonra xəstəxanada vəfat edib.

 

Həftənin GÖRÜŞÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder İlon Maskla görüşüb. Görüş Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə baş tutub. Məlumata görə, görüş zamanı Ərdoğan İlon Maska “Tesla” şirkətinin 7-ci zavodunu Türkiyədə yaratması üçün çağırış edib. Bununla yanaşı, Türkiyə lideri Maskı İzmir şəhərində keçiriləcək “Teknofest”ə də dəvət edib. Görüş mətbuata qapalı keçirilib. Milyarder Ərdoğanla görüşə oğlu ilə birlikdə gəlib. Türkiyə Prezidenti Maska “Daha ədalətli dünya mümkündür” və “BMT islahatı: beynəlxalq əməkdaşlığa yeni yanaşma” kitablarını, oğluna isə futbol topu hədiyyə edib.

 

Həftənin MƏĞLUBİYYƏTİ

Azərbaycanın daha üç qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında yarımfinala yüksələ bilməyib. 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançı Mariya Stadnik 1/4 finalda ABŞ təmsilçisi Sara Ann Hildebrandta uduzub. 57 kq-da Jalə Əliyeva eyni mərhələdə digər ABŞ idmançısı Helen Maroulisə yenilib. 65 kq-da Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriye Aksoya məğlub olub.

 

Həftənin XANIMI

Təyyarə qəzasında həlak olan “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin həyat yoldaşı şəxsiyyət vəsiqəsində məlumatlarını yeniləyib. Priqojinin həyat yoldaşı öz qızlıq soyadına qayıdaraq məlumatlarını Kryajeva Lyubov Valentinovna olaraq dəyişdirib. Bildirilir ki, portal dəyişiklik barədə məlumatı sentyabrın 15-i əldə etsə də, bunun konkret olaraq nə vaxt baş verdiyi məlum deyil. 

 

Həftənin REKORDU

Rejissor Kristofer Nolanın “Oppenheimer” bioqrafik filmi kino tarixində öz janrında ən çox gəlir gətirən film olub. Ekran işinin kassa gəliri 912,7 milyon dollar təşkil edir. Daha əvvəlki rekord “Bohemian Rhapsody” filminə məxsus idi (910 milyon dollar). “Oppenheimer”, həmçinin 2023-cü ildə və Kristofer Nolanın karyerasında ən gəlirli üçüncü film olub.

Oxunma sayı 163