“Gürcüstan Prezidenti Salome Zurabişvili ağlı və ürəyi olmayan adamdır”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zurabişvilinin məktəbliləri etirazlara qoşulmağa çağırmasını şərh edərkən bildirib. “Uşaqlara, məktəblilərə bəyanat ünvanlayıb, küçəyə çıxmağa məcbur edir ki, etiraz etmək növbəsi onlarındır. Ağılsız və ya ürəksiz insandır. Bəlkə də ikisindən də məhrum olan nadir canlıdır. Mən belə insan görməmişəm”, - Zaxarova brifinqdə deyib.
Həftənin SƏXAVƏTLİSİ

Dünyanın ən varlı qadın müğənnisi Teylor Svift işçilərinə bonus olaraq 197 milyon dollar ayırıb. Bu barədə “People” məlumat yayıb. Bildirilir ki, müğənni onun yanında işləyən bütün işçilər üçün məbləğ ayırıb. Bunlara yük maşını sürücüləri, işıq və səs avadanlığı işçiləri, köməkçilər, rəqqaslar, musiqiçilər, mühafizəçilər, xoreoqraflar, fizioterapevtlər və başqaları daxildir.
Həftənin MƏHKUMU

Türkiyənin məşhur verilişi olan “Master Chef Türkiye”nin aşpazı Somer Sivrioğlu barəsində həbs qərarı verilib. Aşpazın restoranının önündəki istinad divarının uçması bir nəfərin ölümünə səbəb olub. Belə ki, hadisə 2022-ci ildə baş verib. Məhkəmə Somer Sivrioğlu və işçiləri Kazım Evirgen və Kadri Berk Camala 6 il 8 aya qədər həbs cəzası verib. Daha sonra cəza 5 il 6 ay 20 günə endirilib.
Həftənin İMTİNASI

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ikinci prezidentlik müddətində dövlət başçısının hesabına bütün maddi imtiyazlardan imtina etmək niyyətində olduğunu açıqlayıb. Tramp bildirib ki, ABŞ Prezidenti üçün nəzərdə tutulan illik 400 min dollar maaşı almayacaq, prezidentin pensiyasından da imtina edəcək. “Bir sent də qəbul etməyəcəyəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir”, - Tramp vurğulayıb.
Həftənin HƏDƏSİ

“Çoxlu “Oreşnik”lərimiz olsa, nüvə silahından istifadəni nəzərdən keçirməyəcəyik”. Bunu Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyəti və İnsan Haqları Şurasının iclasında çıxış edərkən bildirib. “Biz nüvə doktrinamızı təkmilləşdiririk, onu sərtləşdirmirik. İndi nüvə doktrinasını deyil, “Oreşnik” raketini təkmilləşdirməliyik”, - Putin qeyd edib. Putin bildirib ki, məhz buna görə Rusiya bütün sahələrdə ehtiyatlı və təmkinli davranır.
Həftənin XƏSTƏSİ

Braziliya Prezidenti Lula da Silva təcili xəstəxanaya yerləşdirilib. 79 yaşlı prezidentin beyninə qan sızıb. San-Paulu şəhərində yerləşən Sirio-Libanes xəstəxanasının yaydığı məlumata görə, dövlət başçısı başında ağrı hiss etdikdən sonra xəstəxanaya aparılıb. Onun əməliyyat edildiyi, vəziyyətinin hazırda yaxşı olduğu qeyd olunub. Xatırladaq ki, oktyabrın 19-da Lula da Silva öz iqamətgahında hamam otağında yıxılıb və boynundan zədə almışdı.