Həftənin AYRILIĞI - Həftə-reytinq

10:22 08.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan yığmasının üzvü Mahir Emreli “Nürnberq”dən ayrılacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, o, mövsümün sonunda bitəcək müqaviləsini uzatmayacaq. “Bild” nəşri forvardın II Bundesliqa təmsilçisindən hazırkı maaşının ikiqatını istədiyini yazıb.  Bildirilir ki, Mahir klub rəhbərliyi ilə görüşüb və onlara öz şərtlərini anladıb. Şərtlərdə əsas məqam maddi məsələlər olub və tərəflər bunda razılıq əldə etməyib. 

 

Həftənin SEÇİMİ

Bundestaq ikinci cəhddə səs çoxluğu ilə Fridrix Mertzi Almaniya kansleri seçib. O, tələb olunan 316 səsdən 325-ni toplayıb. Mertz və onun kabinet üzvləri indi təyinat məktublarını Federal Prezident Frank-Valter Ştaynmayerdən almalıdırlar. Xristian-Demokrat İttifaqı və Xristian Sosial İttifaqından (CDU/CSU) ibarət mühafizəkar blokun növbədənkənar seçkilərdə qalib gəlməsindən sonra başlayan hakimiyyətin transferi tamamlanacaq.

 

Həftənin GÖRÜŞÜ

Ağ evdə ABŞ Prezidenti Donald Tramp və Kanadanın Baş naziri Mark Karni arasında görüş keçirilib. Görüş ABŞ-nin Kanadaya tətbiq etdiyi rüsumla əlaqədar münasibətlərin gərgin olması fonunda baş tutub. İki ölkənin liderləri ilk dəfədir, bir araya gəliblər. Xatırladaq ki, görüşdən bir saat əvvəl Tramp sosial mediada Kanadanı tənqid edərək onların heç nəyinə ehtiyaclarının olmadığını bildirib.

 

Həftənin ƏFVİ

Müğənni Günel Zeynalova uzun illər qalmaqallı və küsülü olduğu həmkarı Ebru Gündeşlə bağlı açıqlama verib. İnstaqram hesabında videolar paylaşan Günel Ebrunu bağışladığını deyib: “Dostlarıma həmişə deyirəm ki, hər kəsi, sizi  üzən, qəlbimizi qıranları ürəyinizdə bağışlayın. Məndən həmişə soruşursunuz ki, Ebru Gündeşi bağışladın? Bəli, ürəyimdə hər kəsi əfv etdim. İçimdə kinim, əsəbim yoxdur”.

 

Həftənin OXŞARI

Lüksemburqlu müğənni Huqo Van amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maska bənzərliyi ilə diqqət çəkib. Müğənni sosial şəbəkələrdə musiqilərinə görə deyil, daha çox Maska bənzərliyi ilə gündəm olub. Huqo özü bu bənzərliklə razılaşmır. Onun sözlərinə görə, oxşarlıq barədə fikirləri ilk dəfə 2018-ci ildə eşidib. Sənətçi bildirib ki, mağaza və ya tədbirlərdə onu Maskla səhv salıb yaxınlaşırlar.