Həftənin DOSTU - Həftə-reytinq

16:34 26.08.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın keçmiş xarici işlər naziri, diplomat Elmar Məmmədyarov regionda və dünyada baş verən geosiyasi proseslər barədə müsahibə verib.  Report-a müsahibəsində E. Məmmədyarov, eyni zamanda, digər diplomatlarla hazırkı münasibətlərindən də danışıb. “Xarici ölkələrin və Azərbaycanın yüksək çinli məmurları ilə münasibətiniz varmı?” sualına isə keçmiş XİN rəhbəri belə cavab verib: “İndi daha çox jurnalistlərlə dostluq edirəm, onların suallarını cavablandırıram (gülür). Amma bəzi diplomat və siyasətçi dostlarımla da ünsiyyətim davam edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla arada danışır, yazışırıq”.

Həftənin MƏRHUMU

Dünyaca məşhur italyan müğənni Toto Kutunyo vəfat edib. Kutunyo 80 yaşında Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib. Onun uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilib. Qeyd edək ki, müğənni "Lasciatemi Cantare", "Serenata" kimi məşhur hitlərin ifaçısı olub.

Həftənin BAŞ NAZİRİ

Albaniyanın Berat şəhərindəki restoranda hesabı ödəmədən tərk edən bir qrup italiyalı turistin hesabını İtaliyanın Baş naziri Giorgia Meloni ödəyib. Hadisə Baş nazir Meloninin Albaniyada tətildə olduğu vaxtda baş verib. İtaliyanın Tiranadakı səfirliyindən verilən açıqlamada Meloninin göstərişi ilə Beratdakı restorandan hesabı ödəmədən çıxan italyan turistlərin təxminən 80 avroluq hesabı ödədiyi bildirilib.

Həftənin REKORDU

Bakıda atıcılıq üzrə dünya çempionatının bütün tədbirləri əhatə edən yarışları davam edir.Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş növündə 40 atışdan 39-nu dəqiq yerinə yetirən çinli Li Yuehonq dünya rekordunu yeniləyərək qızıl medala sahib olub.Gümüş medala Fransadan olan atlet yiyələnib. Klement Bessaq 30 dəqiq atışla diqqət çəkib. Bürünc medalı Almaniyanı təmsil edən Florian Peter bayram edib (24 dəqiq atış).

Həftənin TƏNQİDİ

Şimali Koreya lideri Kim Çen In ölkə rəhbərliyinin bəzi üzvlərini, o cümlədən baş nazir Kim Dok Hunu sərt tənqid edib. Kim Çen In dövlət rəsmilərini öz vəzifələrinə məsuliyyətsiz münasibətdə ittiham edib. Kim Çen In vurğulayıb ki, yerli kənd təsərrüfatı torpaqlarına dəyən ziyan təbii fəlakətlər nəticəsində deyil, məmurların məsuliyyətsizliyi və ləngliyi ucbatından baş verib.

Həftənin BOŞANMASI

On dörd ay əvvəl ailə quran Britni Spirs və Sam Asqari boşanır. Cütlüyün evliliyi xəyanət üzündən sona çatır. İddialara görə, ABŞ-nin keçmiş pop ulduzu Britni Spirs iranəsilli həyat yoldaşını aldadıb. Yayılan iddialardan sonra Asqari Britni ilə boşanmaq üçün müraciət edib. Qeyd edək ki, 41 yaşlı Britni Spirs ilə 29 yaşlı Sam Asqari ötən ilin iyun ayında evlənmişdi.

Oxunma sayı 142