“Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir”. Bunu deputat Aqil Abbas Milli Məclisin iclasında “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik olunması ilə bağlı danışarkən deyib. “Qarabağda icarəyə verilən torpaqlarda 1 dənə də qarabağlı iştirak etmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib".
Həftənin BİRİNCİSİ

Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə dünya çempionatında birinci yeri tutub. 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub. Titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura imza atıb. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb.
Həftənin İRADI

Türkiyədə “Kim milyoner olmak ister” verilişində Azərbaycanla bağlı növbəti sual verilib. “Sən olasan Gülüstan” ifadəsinin hansı ölkənin himnində istifadə olunduğu soruşulub. Variantlar arasında Azərbaycan, ABŞ, Fransa və Meksika olub, lakin iştirakçı bunlardan heç birini seçə bilməyib. Bu hal isə aparıcı Oktay Kaynarcanı əsəbiləşdirib və o, iştirakçıya reaksiya verib.
Həftənin ƏN YAXŞISI

“Qızıl top”un təltifetmə mərasimində 2024-cü ilin ən yaxşı baş məşqçisi açıqlanıb. İspaniyanın “Real Madrid” komandasının italiyalı çalışırdıcısı Karlo Ançelotti bu mükafata layiq görülüb. 2023/24 mövsümündə mütəxəssis “Real”la birgə İspaniya çempionatının və Çempionlar Liqasının qalibi olub.
Həftənin BORCU

Ukraynanın dövlət borcu 155,56 milyard dollarla rekord həddə çatıb. Dövlət borcunun ümumi həcmi sentyabr ayında əvvəlki ayla müqayisədə 0,56% artıb. Beynəlxalq Valyuta Fondunun Büdcə Məsələləri Departamentinin direktor müavini İra Dabla-Norris bildirib ki, Ukrayna hakimiyyət orqanları artan ictimai risklərlə mübarizə aparmaq üçün vergi sistemlərində islahatlar aparmalı və vergidən yayınma ilə mübarizə tədbirlərini gücləndirməlidir.
Həftənin DƏVƏTLİSİ

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) iştirak üçün dəvət alıb”. Bunu Mirzoyanın müavini Paruyr Ovannisyan “Factor.am”a açıqlayıb. Onun sözlərinə görə, gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransında Ermənistanın iştirakı məsələsi hazırda yerli hökumət tərəfindən müzakirə olunur.