Həftənin HƏBSİ - Həftə-reytinq

10:55 28.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib. M.Şəkiliyev barəsində Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar qəbul edib. Məhkəmə istintaq orqanının vəsatətini əsaslı hesab edərək təmin edib. Qərara əsasən Musa Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Həftənin NARAHATI

Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır. O, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb. Dünyanın üçüncü dünya müharibəsinə doğru sürüşməsindən, o cümlədən İran və İsrail arasında qarşıdurma səbəbindən narahat olduğunu bildirən Rusiya lideri, münaqişənin həlli yollarını tapmağa çağırıb.

 

Həftənin ZORAKILIĞI

Fransada keçirilən “Fête de la musique” musiqi festivalında qadınlara qarşı kütləvi zorakılıq edilib. Fransa Daxili İşlər Nazirliyi xəbər verir ki, 305 nəfər festivaldakı müxtəlif cinayətlərə görə nəzarətə götürülüb. Daxili İşlər Nazirliyi bildirib ki, 145 qadın şpris sancılması şikayəti ilə polis xidmətlərinə müraciət edib.

 

Həftənin MƏRHUMU

Müdafiə Nazirliyi Mətbuat xidmətinin sabiq rəisi, polkovnik, şair-publisist Ramiz (Duyğun) Məmməd oğlu Məlikov vəfat edib. Bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb. R. Məlikov bu gün uzunsürən xəstəlikdən sonra 87 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin!

 

Həftənin TƏŞƏKKÜRÜ

 Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub. Rusiya XİN rəhbəri incəsənət xadimləri daxil olmaqla, Rusiya vətəndaşlarının İrandan təxliyəsi istiqamətində ölkəmiz tərəfindən göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və bütün aidiyyəti qurumlara təşəkkür edib.

 

Həftənin SƏFƏRİ

“Şuşa Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən bir şəhərdir”. Bu barədə “Report”a açıqlamasında Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirib. Diplomat qeyd edib ki, bu, Şuşaya ilk səfəridir. “Həqiqətən də, burada olmaqdan böyük sevinc hissi keçirirəm. Bilirəm ki, Şuşa Azərbaycan üçün xüsusi yer tutur, çünki bu şəhər mədəniyyət və incəsənətin rəmzidir. Bundan əlavə, Şuşa dünyaya bir çox məşhur insanlar bəxş edib”, - o vurğulayıb.