Həftənin KOKTEYLİ - Həftə-reytinq

15:49 10.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı model Diana Əhədpur hərracda kokteylə 70 min manat (37 500 avro) ödəyib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, D. Əhədpurun Dubayda iştirak etdiyi restoranların birində spirtli içkilərdən hazırlanan bir qədəh kokteyl hərraca çıxarılıb. Bahalı kokteyl 1930, 1937 və 1950-ci illərə aid olan içkilərdən hazırlanıb. Model kokteylə ən yüksək məbləği - 37 500 avro ödəyib.

 

Həftənin QƏRARI

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin ortalarında Azərbaycana səfər edəcək. Kavelaşvilinin planlaşdırılan səfərləri barədə məlumatı onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya yayıb. O bildirib ki, Kavelaşvilinin ilk xarici səfəri aprelin 14-15-də Azərbaycana baş tutacaq: “Azərbaycandan sonra isə Ermənistana - güman ki, ayın sonunda”.

 

Həftənin BİRİNCİSİ

Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa Kuboku yekunlaşıb. İkinci yarış günü Azərbaycan milli komandası üçün uğurlu alınıb. Cüdoçularımız 3 qızıl, 2 gümüş və 1 bürünc medala seviniblər. Yekunda Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Avropa Kubokunda 39 ölkədə arasında birinci olub.

 

Həftənin XƏSTƏSİ

Ermənistan mediasında ölkənin Baş naziri Nikol Paşinyanın səhhətinin pisləşməsi və ötən həftə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb. Hökumət sözügedən məlumatlara münasibət bildirib. Qeyd olunub ki, Paşinyan mütəmadi olaraq müayinələrdən keçir və ötən həftə də məhz bu cür müayinədən keçib. 

 

Həftənin KASIBI

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın sərvəti 2024-cü ilin noyabrından bəri ilk dəfə 300 milyard dollardan aşağı düşüb. Bu barədə “Bloomberg” məlumat yayıb. Agentlik bildirir ki, bu, ABŞ Prezidenti Donald Trampın aprelin 2-də tətbiq etdiyi idxal rüsumları fonunda baş verib.

 

Həftənin XƏBƏRDARLIĞI

“Gec-tez yeni pandemiya baş verəcək və bu, nəzəri risk deyil, epidemioloji əminlikdir”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. O, COVID-19 epidemiyasının dünyada ağır nəticələrini xatırladıb və o, növbəti pandemiyanın özünü çox gözlətməyəcəyini vurğulayıb. ÜST rəhbəri yeni pandemiyanın 20 il sonra, yaxud sabah başlaya biləcəyini söyləyib.