Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Canni De Byazinin çalışdırdığı yığmamız evdə Avstriya ilə üz-üzə gəlib. Bakıda baş tutan qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib. İlk hissə qolsuz başa çatıb. 48-ci dəqiqədə Avstriya millisi hesabı açıb. M.Sabitzer fərqlənir - 0:1. Beləliklə, Azərbaycan millisi növbəti dəfə uduzub.
Həftənin XƏSTƏSİ
Frontotemporal demensiya diaqnozu qoyulan məşhur ABŞ-li aktyor, prodüser və musiqiçi Brüs Uillisin səhhəti pisləşib. Bu haqda aktyorun dostu və rejissor Glenn Gordon Caron danışıb. Onun sözlərinə görə, görüşlərinin birində aktyor onu 3 dəqiqəyə yaxın xatırlaya bilməyib. “O, çox danışmır, əvvəllər həvəsli oxucu idi. Baxmayaraq ki, heç kimin bu barədə bilməsini istəmirdi, amma indi oxumur”, - deyə rejissor bildirib.
Həftənin İNADI
Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin impiçmentlə bağlı qərarına baxmayaraq, istefaya getməyəcəyini açıqlayıb. Gürcüstanın dövlət başçısı bununla bağlı televiziya çıxışında danışıb. “Mən heç yerə getmirəm, istefa vermirəm. Mən olduğum yerdə qalacağam. Ölkəmizin Avropa gələcəyi və demokratiya üçün mübarizə aparacam”, - deyə Zurabişvili deyib.
Həftənin PREZİDENTİ
Ekvadorda keçirilən prezident seçkilərinin ikinci turunda “Milli Demokratik Hərəkat” alyansının namizədi Daniel Noboa qalib gəlib. Səslərin 90,23 %-nin hesablanmasına əsasən, Noboa 52,29 % göstərici ilə qələbə qazanıb. Onun “Vətəndaş inqilabı” hərəkatından əsas rəqibi Luis Qonzales isə 47,71 % səs toplaya bilib. Ölkənin ən varlı sahibkarlarından birinin oğlu olan 35 yaşlı Daniel Noboa ölkə tarixinin ən gənc prezidenti olacaq.
Həftənin GİROVU
HƏMAS girov saxladığı 21 yaşlı qızın videosunu yayıb. Kadrlarda Mia adlı qız Qəzza zolağında xəstəxanada əməliyyat olunduğunu deyib. O, çıxışında ona dərmanlar verdiklərini və özünü yaxşı hiss etdiyini desə də, tez bir vaxtda girovluqdan azad edilməsini istəyib: “Xahiş edirəm, məni tez bir zamanda ailəmin yanına aparın...".
Həftənin TƏHQİRİ
Səudiyyə Ərəbistanının “əl-Hilal” klubunun hücumçusu Neymar Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriqeslə dava edib. Braziliya millisinin kapitanı federasiya rəhbərini təhqir edib. Neymar onu yığmanın oyunlarını boykot etməklə hədələyib. Bu gərginlik DÇ-2026-nın seçmə mərhələsinin III turunda Venesuela ilə 1:1 hesabı ilə başa çatan görüşdə başlayıb. Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.